Quba icra Hakimiyyəti fəalı
15 sentyabr 2026-cı il tarixdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı çıxış edərək bildirib ki, bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı keçirilir. Bu, özlüyündə böyük bir beynəlxalq tədbirdir. Eyni zamanda, bu günlərdə Bakıda böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirilir və çoxlu qonaqlarımız bu konfransda iştirak edirlər. Bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var. Çünki biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Seyid Yəhya Bakuvi onlardan biridir. XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvi çox böyük bir iz buraxmışdır.
Ölkə Prezidenti daha sonra vurğulamışdır ki, Azərbaycan xalqı dünya mədəniyyətinə Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlər bəxş edib. Onların yaratdığı zəngin irs Azərbaycan xalqının və bütün İslam dünyasının böyük mənəvi sərvətidir. Azərbaycan həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz hissəsidir. Qədim Qafqaz Albaniyası və Atabəylər dövlətinin tarixi bu coğrafiyanın zəngin keçmişini göstərir. Türk Dövlətləri Təşkilatının üzvü olan yeganə Qafqaz ölkəsi də Azərbaycandır. Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı və ICESCO xətti ilə çoxsaylı tədbirlər keçirilir. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da təkcə idman yarışı deyil, müsəlman ölkələrinin həmrəyliyini və birliyini nümayiş etdirən mühüm tədbir kimi yadda qalıb. Dini liderlərin sülhə, əməkdaşlığa və əmin-amanlığa çağırışları müsəlman icmaları arasında birlik və qarşılıqlı anlaşmanın güclənməsinə mühüm töhfə verir. Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçirilməsi mühüm hadisədir. Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Əminəm ki, bu Zirvə Görüşü müsəlman dünyasında həmrəyliyin və birliyin gücləndirilməsinə mühüm töhfə verəcək. Bizim məqsədimiz müsəlman ölkələri arasında qarşıdurmaların aradan qaldırılması və birgə səylərlə İslam həmrəyliyinin daha da möhkəmləndirilməsidir. Türk dövlətlərinin müsəlman liderlərinin bu cür görüşlərinin ənənəvi xarakter alması, hər il və ya iki ildən bir keçirilməsi də faydalı olardı. Bu, fikir mübadiləsi, müzakirələr və birliyin nümayişi baxımından mühüm platformaya çevrilə bilər.
Daha sonra dövlətimizin başçısı səfər çərçivəsində Qarabağa da gediləcəyini bildirib. Qarabağa səfəriniz zamanı 30 illik işğalın ağır nəticələri ilə yanaşı, bu gün həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin nəticələrini də görəcəksiniz. İşğal dövründə şəhər və kəndlərimiz dağıdılmış, xalqımıza qarşı hərbi cinayətlər və etnik təmizləmə törədilmiş, bir milyona yaxın azərbaycanlı öz doğma torpaqlarından didərgin salınmışdır. Uzun illər davam edən danışıqlar nəticə vermədi. Azərbaycan xalqı öz tarixi torpaqlarını azad edərək bu ədalətsizliyə son qoydu və beynəlxalq münasibətlər baxımından mühüm bir presedent yaratdı. Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, qəhrəman övladlarımızın fədakarlığı hesabına biz öz ədalətimizi, hüququmuzu və milli ləyaqətimizi bərpa etdik. İşğalçıları torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qaldırdıq, separatçılığa son qoyduq. Separatçı liderlər, hərbi cinayətkarlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər. Bu da ədalətin təntənəsidir. Biz bu torpaqlara 30 ildən sonra qayıdanda viran qoyulmuş şəhərlər, kəndlər, sökülmüş evlər, talanmış milli sərvətlərimiz, dağıdılmış məscidlər gördük. Bu gün sülh var və müharibə dayanıb. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq. Ancaq biz bizə qarşı, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq. Biz ayıq olmalıyıq, ayığıq və eyni zamanda, öz hərbi gücümüzü də artırırıq. Məhz hərbi güc və övladlarımızın qəhrəmanlığı nəticəsində biz Ermənistanın işğalçı ordusunu öz torpaqlarımızdan qovmuşuq. Ona görə hərbi vətənpərvərlik tərbiyəsi bu gün Azərbaycanda çox geniş vüsət alıb. Bilirik ki, suverenliyimizin, ərazi bütövlüyümüzün, xalqımızın bundan sonra azad, müstəqil xalq kimi yaşamasının bir zəmanəti var, o da bizim iradəmiz, qətiyyətimiz, hərbi gücümüz, xalqımızın bir yumruq kimi birləşməsi, imanımız və milli dəyərlərimizdir. Ölkə Prezidenti daha sonra bildirib ki, bütün bu əzablara, işgəncələrə, soyqırımlara baxmayaraq, biz Ermənistana, Ermənistan xalqına qarşı adekvat addım atmamışıq. İkinci Qarabağ müharibəsi zamanı biz ancaq hərbi birləşmələri atəşə tutmuşduq. Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq. Bu, bizim xalqımızın mentalitetinə də, adətlərinə də ziddir.
Dövlətimizin başçısı çıxışında işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərindən danışaraq qeyd edib ki, bu prosesə ilk olaraq məscidlərin bərpasından başlanılıb. Ağdam məscidi bərpa edilən ilk dini abidələrdən biri olub, bu günədək artıq 12 məscid bərpa edilərək yenidən istifadəyə verilib. Bu, xalqımızın milli-mənəvi dəyərlərinə və dininə olan dərin hörmətinin göstəricisidir.
Qarabağda 30 illik işğal dövründə şəhər və kəndlər dağıdılıb, tarixi və dini irsə ciddi ziyan vurulub, yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıb. Dövlətimizin başçısı bu məsələdə beynəlxalq ictimaiyyətin uzun illər ərzində nümayiş etdirdiyi münasibətə diqqət çəkərək, həmin dövrdə qəbul edilmiş beynəlxalq qərarların icrasının təmin olunmadığını bildirib.
Çıxışda xüsusi vurğulanan əsas məsələlərdən biri də birliyin gücüdür. Türk dünyasının, Qafqazın və İslam aləminin həmrəyliyi xalqlarımızın qarşılaşdığı çağırışların dəf edilməsində mühüm amil kimi qiymətləndirilir. Azərbaycan bu istiqamətdə dövlət siyasətində əməkdaşlıq, qarşılıqlı dəstək və həmrəylik prinsiplərinə xüsusi əhəmiyyət verir.
Dövlətimizin başçısı İslam dünyasına qarşı ayrı-seçkilik və islamofobiya meyillərinin yolverilməz olduğunu bildirərək, müsəlman ölkələrinin bu cür hallara qarşı birgə mövqe nümayiş etdirməsinin vacibliyini qeyd edib. Bu baxımdan dini liderlərin çağırışlarının və mövqeyinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Çıxışda “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sülh və qarşılıqlı anlaşmanın təşviqi baxımından əhəmiyyəti də qeyd olunub. Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə toxunaraq bildirib ki, Azərbaycan müharibədən sonra qarşıdurmanın davam etdirilməsi deyil, sülh və sabitlik yolunu seçib.
Bu yanaşmanın Türk dünyasında və Qafqazda sülhün qorunması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Dövlətimizin başçısı qeyd edib ki, dünyada münaqişələrin və qarşıdurmaların genişləndiyi bir şəraitdə regionda sülhün qorunması üçün bütün tərəflər böyük səylər göstərməlidirlər.
Bu baxımdan Azərbaycanın mesajı aydındır: qarşıdurmaların deyil, əməkdaşlığın, parçalanmanın deyil, həmrəyliyin, müharibənin deyil, davamlı sülhün tərəfdarı olmaq. İslam dünyasında və Türk dünyasında qarşılıqlı etimadın, dialoqun və birliyin möhkəmləndirilməsi ümumi təhlükəsizliyin və sabitliyin təmin olunmasına mühüm töhfə verə bilər. Azərbaycan isə bu prosesdə fəal təşəbbüsləri və sülhə yönəlmiş siyasəti ilə öz töhfəsini verməyə davam edir.
