Bu gün “Mikayılla 5 gün" verilişinin həftəsonu buraxılışı Azərbaycan musiqisinə həsr olunub. Proqramın aparıcısı Mikayıl 18 sentyabrın Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunması barədə məlumat verib.
Aparıcı qeyd edib ki, 18 sentyabr Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günüdür. Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də anadan olub. Bu əlamətdar tarix Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir.
Veriliş zamanı Üzeyir Hacıbəyovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı rolu, professional bəstəkarlıq məktəbinin formalaşmasına verdiyi töhfələr və milli musiqi irsində tutduğu mühüm yer barədə danışılıb. Mikayıl tamaşaçılara Azərbaycan musiqisinin keçdiyi inkişaf yolu və milli musiqi ənənələrinin qorunmasının əhəmiyyəti barədə də məlumat verib.
Musiqi gününə həsr olunan buraxılışın qonaqları sırasında Aşıq Ziyadxan, Azər Qubadlı, Təranə Gədəbəyli və Meydan Əsgərov yer alıblar.
Proqramda Azərbaycan musiqisinin müxtəlif istiqamətləri, aşıq sənəti, saz ifaçılığı, vokal sənəti və opera musiqisi haqqında söhbət aparılıb. Qonaqlar öz yaradıcılıqları və musiqi fəaliyyəti barədə fikirlərini bölüşüblər.
Verilişin diqqətçəkən məqamlarından biri qonaqların canlı ifaları olub. Saz sədaları və vokal ifalar proqramın musiqi ab-havasını daha da zənginləşdirib. Qonaqlar canlı şəkildə musiqi nümunələri təqdim edərək tamaşaçılara fərqli janr və ifa üslublarını nümayiş etdiriblər.
Beləliklə, “Mikayılla 5 gün” verilişinin bugünkü buraxılışı Azərbaycan musiqisinin müxtəlif istiqamətlərinə nəzər salınması, Milli Musiqi Gününün mahiyyətinin diqqətə çatdırılması və canlı ifalarla yadda qalıb.
Aybəniz ABDULOVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazar, araşdırmaçı jurnalist, "Mikayılla 5 gün" verilişin əməkdaşı
