Türkiyənin “Terrorsuz Türkiyə” hədəfi istiqamətində mühüm mərhələnin başlanacağı gözlənilir. Belə ki, Ankara PKK-nın tərksilah prosesinin konkret tarixə bağlandığını açıqlayıb. Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun sözlərinə görə, terror təşkilatının silahlarını təhvil verməsi prosesinə oktyabr ayında start veriləcək.
Məsələylə bağlı "atributinfo.az"a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Kurtulmuş bu barədə Ankarada İraq parlamentinin sədri Heybət əl-Halbusi ilə birgə keçirdiyi mətbuat konfransında danışıb. O bildirib ki, PKK-nın silahlarını İraqın mərkəzi hökumətinə təhvil verməsi ilə bağlı hazırlıq işləri artıq qarşıdakı ay başlayacaq.
Xatırladaq ki, PKK Abdullah Öcalanın çağırışından sonra 2025-ci ilin iyununda tərksilah olmaq və özünü buraxmaq barədə qərar qəbul edib. Türkiyə parlamenti isə bu prosesin həyata keçirilməsi üçün avqust ayında müvafiq qanun qəbul edib. Beləliklə, siyasi qərarlardan sonra prosesin praktiki mərhələyə keçməsi üçün hüquqi zəmin də formalaşdırılıb.
Siyasi şərhçi qeyd edib ki,
Numan Kurtulmuşun açıqlamasında diqqətçəkən məqamlardan biri də Ankaranın məsələyə yalnız Türkiyə daxilindəki təhlükəsizlik problemi kimi yanaşmamasıdır. Türkiyə PKK-nın tərksilahını İraq və Suriyada cərəyan edən proseslərlə birbaşa əlaqələndirir. Bu isə o deməkdir ki, Ankara terror təşkilatının silahlı strukturunun aradan qaldırılmasını daha geniş regional təhlükəsizlik strategiyasının tərkib hissəsi hesab edir:
"PKK-nın silahlarını İraq hökumətinə təhvil verməsi həqiqətən terror təşkilatının fəaliyyətinin sonu demək olacaqmı? Ankara “Terrorsuz Türkiyə” layihəsini nə dərəcədə sürətlə həyata keçirə biləcək?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Musavat.com-da diqqətə çatdırdı ki, PKK terror təşkilatının geosiyasi alət funksiyası daşıması və bundan Türkiyəyə qarşı müxtəlif dönəmlərdə təzyiq kartı kimi istifadə edilməsi sirr deyil: “PKK-dan müxtəlif dönəmlərdə ABŞ, İsrail, Fransa və Rusiya Türkiyəyə qarşı istifadə edib. Amma son proseslər göstərir ki, bu terror təşkilatının istifadə müddəti bitmək üzrədir. Burada qlobal proseslərlə yanaşı, Türkiyənin hərbi imkanlarının artması və geosiyasi mövqelərinin möhkəmlənməsi həlledici rol oynayır. İlk növbədə Türkiyənin müdafiə sənayesinin güclənməsi, dron texnologiyası sahəsində dünyada ilk sıralara qalxması terrorla mübarizədə effektiv nəticələrə gətirib çıxardı. Türkiyə daxilində terror qruplarının fəaliyyəti minimuma endirildi. Təbii ki, Türkiyənin regionda və dünyada uğurlu diplomatik həmlələri Suriya və İraqda yerləşən terror qruplarına qarşı hərbi əməliyyatlara şərait yaratdı. Beləliklə Türkiyə terror təşkilatına ciddi zərbə endirdi.
Hazırda isə dünya siyasi-iqtisadi və hərbi təlatüm dönəmindədir. Belə olan halda isə istər dövlətlərarası münasibətlər sistemində, istərsə də beynəlxalq təşkilatlar və hərbi bloklarla bağlı yeni yanaşmalar meydana çıxır. Ciddi iqtisadi problemlə üz-üzə qalan ABŞ İsrailin ciddi etirazlarına baxmayaraq Yaxın Şərq siyasətini Türkiyə ilə koordinasiya etməyə qərar verib. Nəticədə Türkiyə Suriyada əlverişli imkanlar əldə edib. Türkiyə ilə yaxın münasibətləri olan hökumət formalaşdırılıb və bu hökumətin ABŞ ilə əlaqələri qurulub. Bu da PKK-nın Suriya qanadının aradan qaldırılması üçün perspektivlər yaradıb. Eyni zamanda Türkiyə ilə İraq arasında olan problemlər böyük ölçüdə aradan qaldırılıb. Nəticədə Qəndil üçün də qapılar bağlanmaq üzrədir. Ukrayna müharibəsi isə Avropa İttifaqını ciddi təhlükəsizlik problemləri ilə məşğul edir. Ona görə də NATO-nun ikinci hərbi gücü və eyni zamanda Rusiya ilə yaxın münasibətləri olan Türkiyə ilə əlaqələr hazırda Fransa və Almaniya başda olmaqla Avropa İttifaqı, həmçinin Britaniya üçün ciddi önəm daşıyır. İstər Rusiyaya qarşı sanksiyalar, istərsə NATO, istərsə də digər istiqamətlərdə Türkiyə ilə əlaqələr Kreml üçün əhəmiyyətlidir. Ona görə də hazırda nə ABŞ, nə Avropa İttifaqı, nə də Rusiya Türkiyə ilə münasibətləri korlamaq niyyətində deyil. Bu baxımdan PKK kartı bu güclər üçün artıq cəlbedici sayılmır.
Sadəcə İsrail genişlənmə siyasətinin bloklanması baxımından Türkiyənin Suriyada möhkəmlənməsindən əndişə duyur və buna görə də PKK-nın Suriya və İraq qanadının zəiflədilməsini istəmir. Buna görə də yeganə problem Təl-Əvivin mövqeyidir. Amma İran müharibəsi və Təl-Əviv-Vaşinqton xəttindəki ziddiyyətlər İsrailin imkanlarını xeyli zəiflədib. Həmçinin terror qruplaşmalarının İrana qarşı prosesə qoşulmaqda istəkli olması İran üçün də ciddi siqnal idi və düşünürəm ki, Tehranın loyal yanaşması bundan sonra sərt tədbirlərlə əvəzlənə bilər. Artıq PKK-nın sonunun yaxınlaşdığını proqnozlaşdırmaq elə də çətin deyil”.- Əli Zülfüqaroğlu açıqlamasında bildirib.
"Arributinfo.az"
