Sizin reklam burada
Sizin reklam burada
  • Kərkinin taleyi ilə bağlı yeni mərhələ? – Ceyhun Bayramovun açıqlamasına deputatdan mövqe

    Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesində yeni mərhələyə keçidlə bağlı razılıq əldə olunub. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, işlər Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayaraq şimaldan cənuba doğru aparılacaq.

    Nazir eyni zamanda delimitasiya komissiyalarının işi çərçivəsində sərhəddə yerləşən ayrı-ayrı yaşayış məntəqələri ilə bağlı məsələlərin də müzakirə ediləcəyini və onların həllinin gözlənildiyini açıqlayıb.

    Bu açıqlama sərhədlərin müəyyənləşdirilməsi prosesinin növbəti mərhələsi ilə yanaşı, Azərbaycanın nəzarətindən kənarda qalan yaşayış məntəqələrinin taleyi məsələsini də yenidən gündəmə gətirib.

    Maraqlıdır, bu yeni mərhələ Azərbaycanın nəzarətindən kənarda qalan anklav yaşayış məntəqələrinin, xüsusilə Kərkinin taleyinin müzakirəsində hansı nəticələrə yol aça bilər?

    Artıq bu məsələlər üzrə konkret addımların atılmasını gözləmək üçün əsas varmı?

    Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev açıqlama verib. 


    Millət vəkili qeyd edib ki, Xarici işlər nazirinin açıqlaması Kərki və digər anklavlarla bağlı məsələnin yenidən praktiki danışıqlar müstəvisinə gətirilməsi üçün müəyyən əsas yarada bilər:

    "Amma bunu hələ Kərkinin qaytarılması barədə razılaşma kimi qiymətləndirmək tezdir. Məlum məsələdir ki, Ermənistan və Azərbaycan arasında 1007 kilometr uzunluğunda şərti sərhəd var. Bu proses çərçivəsində artıq 12,7 kilometrlik hissə üzrə konkret nəticə əldə olunub.

    Yəni delimitasiya-demarkasiya komissiyaları ciddi şəkildə işləyir və sərhədin haradan keçməsi, sərhəd nişanlarının yerləşdirilməsi kimi məsələlər komissiyanın qərarları çərçivəsində öz həllini tapıb.

    Məlumdur ki, Xarici İşlər Nazirliyi məhz bu cür açıqlamalarla delimitasiyanın şimaldan cənuba mərhələli şəkildə aparılması barədə ümumi yanaşmanı ortaya qoyur və məsələlərin bu proses çərçivəsində həll ediləcəyini bildirir.  Azərbaycan Xarici İşlər Nazirliyi 2025-ci ilin sonunda bu məsələnin diqqət mərkəzində olduğunu və 2026-cı ildə irəliləyiş gözlənildiyini də dəfələrlə qeyd edib.

    Kərki baxımından bunun mənası ondan ibarətdir ki, Kərki Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna aid, Ermənistan ərazisi daxilində yerləşən de-yure Azərbaycan anklavıdır. Faktiki olaraq isə uzun müddətdir Ermənistanın nəzarətindədir.

    Ona görə də müxtəlif variantlar nəzərdən keçirilə bilər. Bu ərazinin Azərbaycana qaytarılması, status saxlanılmaqla xüsusi keçid və kommunikasiya rejiminin yaradılması, qarşılıqlılıq əsasında Kərki və Ermənistanın Azərbaycandakı keçmiş anklavları məsələsinin həll edilməsi, yaxud daha mürəkkəb kompromis modelinin tətbiqi".

    Komitə sədri vurğulayıb ki, bu proseslər, bir daha qeyd edirəm, delimitasiya və demarkasiya mərhələsindən keçəcək. Bu, komissiyanın qərarı olmalıdır. Kərkinin statusu isə ayrıca siyasi qərar və texniki-hüquqi razılaşma tələb edir.

    "Konkret addımlar gözləmək təbii ki, mümkündür. Amma bu gün desələr ki, Kərki qaytarılacaq, hələlik bu, siyasi bəyanatlardan o yana keçmir və buna da hələ kifayət qədər əsas yoxdur ki, bunun müqabilində hansı proseslərin baş verə biləcəyini dəqiq söyləmək mümkün olsun.

    Bundan əvvəl Azərbaycan dörd kənd üzərində nəzarəti məhz sərhədin delimitasiyası çərçivəsində bərpa etdi. Bu prinsip yaşayış məntəqələrinin sərhəd prosesinin real nəticəsinə çevrilə biləcəyini göstərir. Kərki daha həssas nümunədir. Dörd kəndin qaytarılmasından fərqli olaraq burada söhbət Ermənistanın daxilində yerləşən anklavdan gedir. 

    Faktiki olaraq burada idarəetmə dəyişdirilməlidir. Üstəlik, Kərkinin yanından Ermənistanın mühüm şimal-cənub avtomobil magistralı keçir. Buna görə də Ermənistan üçün məsələ təkcə ərazi məsələsi deyil, həm də nəqliyyat və təhlükəsizlik məsələsidir.

    Yəni ilk mərhələdə Kərkinin özünün qaytarılmasından daha çox kommunikasiyaların, bu məsələnin hüquqi statusunun, həqiqi hüquqi statusunun və hüquqi əsasının gündəmə gətirilməsi daha mümkündür. Onun müzakirəsi labüddür.

    Bu müzakirələr protokollarla və razılaşdırılmış xəritələr əsasında aparılarsa, onda Kərkinin taleyi ilə bağlı artıq ciddi praktiki addımların atılması mümkün olacaqdır. Yəni hazırkı vəziyyəti belə qiymətləndirmək olar ki, qapılar açıqdır. Kərkinin qaytarılması ilə bağlı qərar tam şəkildə hələ verilməyib.

    Düzdür, Paşinyan öz çıxışlarında bir neçə dəfə bu məsələni qabardıb. Şimaldan cənuba yanaşmanın razılaşdırılması isə həmin açılan qapıdan keçmək üçün institusional bir mexanizmin yaradılmasıdır.

    Və düşünürəm ki, bunlar sülh müqaviləsi ərəfəsində də baş verə bilər və sülh müqaviləsi imzalandıqdan sonra bu proseslər daha çevik və daha sürətli şəkildə öz həllini tapa bilər".

    Pərvin Şakirqızı


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ