Sentyabrın 8-də ABŞ Prezidenti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danşığı oldu.
Liderlərin müzakirəsi Donald Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşnerin Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdikləri görüşdən sonra baş tutub.
Müzakirə olunan məsələlər
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun Kremlin rəsmi saytında yerləşdirilən açıqlamasında bildirilir ki, dövlət başçılarının telefon danışığı bir saat çəkib.
Kreml rəsmisi söhbətin detallarının məxfi olduğuna diqqət çəkib. Bununla belə, o, liderlərin müzakirəsinin ümumi atmosferi barədə Moskvanın mövqeyini açıqlayıb. Yuri Uşakovun açıqlamasında əsas istiqamətlər aşağıdakılardır:
- Donald Tramp münaqişənin dayandırılmasının ABŞ ilə Rusiya arasında xüsusilə ticarət və iqtisadiyyat sahəsində yeni fürsətlər yaradacağını düşünür;
- Vladimir Putin Ukrayna mövzusunda Donald Trampın şəxsi səylərini və Amerika nümayəndə heyətinin səfərinin nəticələrini yüksək qiymətləndirib;
- Vladimir Putin Ukraynadakı “xüsusi hərbi əməliyyatın” məqsəd və vəzifələrinə çatmaq perspektivlərinin obyektiv və hərtərəfli təhlilini təqdim edib;
- Vladimir Putin amerikalıların hərbi əməliyyatları tez bir zamanda başa çatdırmaq üçün real olaraq nə edə biləcəklərini qeyd edib;
- Rusiyanın Avropa ölkələri üçün təhlükə yaratması ilə bağlı fikirlər əsassızdır və bu iddialar, sadəcə, avropalıların hərbi xərclərini artırmaq məqsədi daşıyır.
Yuri Uşakov “Vesti”nin müxbiri Pavel Zarubinə deyib ki, Vaşinqton Ukraynadakı hərbi əməliyyatlara daha tez son qoymaq üçün Kiyevə birbaşa yardımı dayandıra bilər.
O, həmçinin Ukraynada sülh yolu ilə həll üçün heç bir yol xəritəsi görmədiyini qeyd edib. Kreml nümayəndəsi təklif edib ki, əgər danışıqlar bərpa olunarsa, Əbu-Dabi Kiyevlə üçtərəfli həll danışıqlarına yenidən ev sahibliyi edə bilər.
Ağ Evin rəsmi saytında isə telefon danışığı ilə bağlı detallar açıqlanmayıb.
Lakin ABŞ Lideri Donald Tramp “Endryus” birgə bazasında danışarkən Vladimir Putinlə söhbətini “əla” adlandırıb. Donald Tramp Rusiya liderinin Ukraynadakı müharibəyə son qoymaq üçün razılaşma əldə etmək istədiyini düşündüyünü təkrarlayıb.
“Əla söhbətimiz oldu. O, razılaşmaq istəyir. Əgər Zelenski razılaşmaq istəyirsə, bu, çox yaxşı olardı”,-deyə Donald Tramp vurğulayıb.
ABŞ Prezidenti müharibəni bitirmək üçün Rusiya və Ukrayna liderləri ilə üçtərəfli görüşün keçirilib-keçirilməyəcəyi barədə suala “bu, baş verə bilər” cavabını verib.
Volodimir Zelenski Donald Trampla görüşə hazırlaşır
Telefon danışığından əvvəl - sentyabrın 7-də Volodimir Zelenski bildirib ki, Ukrayna ABŞ-nin üçtərəfli danışıqları intensivləşdirmək təkliflərini dəstəkləyir. Onun sözlərinə görə, Ukrayna ABŞ və Rusiya ilə üçtərəfli danışıqları 2026-cı ilin sentyabr və ya oktyabr aylarında bərpa etmək istəyir. Lakin o, eyni zamanda, qeyd edib ki, hazırda üçtərəfli görüşlər üçün konkret planlar yoxdur. Ukraynanın mövqeyinə əsasən, Kreml rəsmiləri bu cür görüşləri təxirə salmağa və ya aşağı səviyyəli rəsmilərin iştirakını təmin etməyə cəhd göstərirlər.
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) sentyabr ayının sonuna qədər Volodimir Zelenski ilə Donald Tramp arasında görüşün keçirilməsi barədə ilkin razılığın əldə edildiyini təsdiqləyib.
Ukrayna XİN-in mətbuat katibi Georgi Tixiy Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 81-ci sessiyasını bu yüksəksəviyyəli görüşün baş tuta biləcəyi potensial məkanlardan biri kimi qeyd edib.
Danışıqlar zamanı sülh prosesi, ikitərəfli təhlükəsizlik zəmanətləri, eləcə də Ukraynaya əlavə hava hücumundan müdafiə sistemlərinin və dronların verilməsi kimi mühüm mövzuların müzakirəsi planlaşdırılır.
Onun sözlərinə görə, sülh planlarının əvvəlki versiyalarının müzakirəsindən sonra vəziyyət dəyişib. “O vaxtdan bəri reallıq dəyişib. Həm döyüş meydanında, həm də Ukrayna və Rusiya səmalarında vəziyyət dəyişib. Buna görə də fikrimizcə, yanaşmaların yenilənməsi zəruridir”, - deyə Tixiy diqqətə çatdırıb.
“The Moscow Times” Donald Trampla Vladimir Putinin telefon danışığı barədə hazırladığı materialı belə başlıqla yayımlayıb: “Tramp məxfi telefon danışığında Putindən Ukraynadakı müharibəyə tez bir zamanda son qoymasını tələb edir”.
PBS Yuri Uşakovun Rusiyanın Avropa ilə bağlı aqressiv siyasətinin olmaması haqqındakı fikrinə diqqət çəkib. Portal Almaniya hökumətinin Rusiyanı avqust ayında partlayıcı maddələrlə yüklənmiş drondan istifadə edərək “Leypsiq/Halle” hava limanına hücum cəhdində günahlandırıb. Sayt, həmçinin Yuri Uşakovun açıqlaması ilə Avropanın son hadisələrlə bağlı mövqeyinin ziddiyyət təşkil etdiyini bildirib.
Avropanın şərqində kəşfiyyat xəbərdarlıqlarının artdığı bu həssas dönəmdə oxşar təhlükə dalğası qonşu Polşada da özünü büruzə verib.
Polşanın Baş naziri Donald Tusk sentyabrın 10-da Polşa və Ukrayna təhlükəsizlik xidmətlərinin bir gecə ərzində iki ölkənin sərhəd keçid məntəqəsinə qarşı naməlum birbaşa təhdidin qarşısını aldığını bildirib. Tusk əlavə edib ki, Polşa və Avropa Avropanın şərq cinahında "müxtəlif ssenarilərə" hazırlaşmalıdırlar.
Qarşılıqlı zərbələr davam edir
ABŞ-nin müharibənin tənzimlənməsi ilə bağlı diplomatik səylərinə baxmayaraq, Rusiya və Ukrayna qarşılıqlı hücumları davam etdiriblər. “Kyiv İndependent” Donald Trampın Vladimir Putinlə görüşü “əla” adlandırmasına rəğmən, Rusiya qüvvələrinin Ukraynanın müxtəlif şəhərlərinə zərbə endirdiyini bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin sentyabrın 8-də yaydığı açıqlamada Kremlin yerüstü və hava əsaslı dəqiq idarə olunan silahlardan, eyni zamanda, dronlarından istifadə edərək genişmiqyaslı hücum başlatdığı bildirilib. Bəyanatda əlavə edilib ki, silahlı qüvvələr Ukraynanın hərbi-sənaye kompleksinə, logistika və anbar mərkəzlərinə məxsus obyektlərə zərbələr endiriblər.
Ukraynanın daxili işlər naziri İvan Vıqovskinin sözlərinə görə, ballistik və qanadlı raketlərin, eləcə də dronların iştirakı ilə həyata keçirilən hücumlarda beş nəfər ölüb, təxminən 30 nəfər yaralanıb.
Ukrayna qüvvələri isə sentyabrın 6-dan 7-nə keçən gecə Rusiyanın hərbi aktivlərinə və neft infrastrukturuna qarşı genişmiqyaslı hücum kampaniyasını davam etdirib. Volodimir Zelenski sentyabrın 7-də Ukrayna qüvvələrinin Tatarıstan Respublikasında və Perm diyarında neft emalı zavodlarına, Kursk vilayətində zərbə dronları üçün saxlama və buraxılış məntəqəsinə, həmçinin Qara dənizdə naməlum hədəfə zərbələr endirdiyini açıqlayıb.
Ukrayna qüvvələri, həmçinin sentyabrın 8-dən 9-na keçən gecə Krasnodar diyarının Qara dəniz sahili boyunca bir neçə hərbi hədəfə zərbə endirib.
Qarşılıqlı zərbələr fasilələrlə davam edir.
Volodimir Zelenskinin təyyarəsinə hücum olubmu?
Vladimir Putinlə Donald Trampın teıefon danışığından sonra ən çox diqqət çəkən məqam Volodimir Zelenskinin təyyarəsinə hücum cəhdi ilə bağlı iddiadır.
Hadisə ilə bağlı ilk açıqlama Norveçin Baş naziri Yonas Qar Styore məxsusdur. Onun sözlərinə görə, dron Volodimir Zelenskinin təyyarəsini Moldovanın Kişineu hava limanından uçuşa hazırlaşarkən “az qala vuracaqdı”.
Rəsmi Kişineunun məlumatına görə, Moldova hakimiyyəti ölkənin hava məkanını dron təhlükəsi səbəbindən bağlayıb və Volodimir Zelenskinin Norveçə uçuşu bir qədər təxirə salınıb. Hakimiyyət orqanları dronun hava limanından təxminən 160 kilometr aralıda qəzaya uğradığını təsdiqlədikdən sonra Volodimir Zelenskinin təyyarəsinin uçuşuna icazə verilib.
Ukrayna isə Norveçin Baş nazirinin açıqlamasını “şişirdilmiş” kimi xarakterizə edib. Volodimir Zelenskinin administrasiyasındakı mənbə “Frans Press”ə bildirib ki, Yonas Qar Styore dron riskini “şişirdib”. Bununla belə, Ukrayna hər hansı təkziblə çıxış etməyib.
Vlodimir Zelenski baş verən hadisəyə baxmayaraq, Norveçə səfər edib və Baş nazir Yonas Qar Styore ilə birlikdə Osloda tərəfdaş ölkələrin müdafiə şirkətlərinin rəhbərləri ilə görüş keçirib.
Kanadaya səfər
Volodimir Zelenski sentyabrın 10-da Kanadaya səfər edib. O, sosial media paylaşımında Kanadaya səfəri ilə bağlı deyib: “Əsas diqqət Ukraynanın hava məkanını qorumaqda və qışa hazırlıqda ona dəstək olmağa yönələcək. Biz müqavimətimizi necə gücləndirəcəyimizi, xalqımızı necə dəstəkləyəcəyimizi və Ukraynanın özünü müdafiə etmək üçün lazım olan imkanlara malik olmasını necə təmin edəcəyimizi müzakirə edəcəyik”.
Kanada Ukraynaya “çox mühüm” hava hücumundan müdafiə paketi təqdim etməyə razılaşıb. Bunu Ukrayna Prezidenti sentyabrın 10-da Kalqaridə Kanadanın Baş naziri Mark Karni ilə görüşdən əvvəl bildirib.
Görüşün nəticəsi olaraq isə Kanadanın Ukraynaya “Patriot” raketləri, “F-16”ların döyüş sursatları, dronların birgə istehsalı və enerji üçün 2 milyard dollar ayırdığını elan edilib.
Onu da bildirək ki, Volodimir Zelenskinin səfəri çərçivəsində tərəflər müdafiə, enerji sahələrində 100 illik tərəfdaşlıq və ikitərəfli əməkdaşlıq sənədləri imzalayıblar.
Bütün bunları ümumiləşdirsək qeyd edə bilərik ki, ABŞ-nin diplomatik səylərinə və üçtərəfli format təşəbbüslərinə baxmayaraq, tərəflərin mövqelərindəki kəskin ziddiyyətlər hələlik real sülh razılaşmasının əldə olunmasına imkan vermir.
Donald Trampla Volodimir Zelenskinin qarşıdakı görüşündə Kiyev hərbi dəstək və təhlükəsizlik zəmanətləri tələblərini yenidən gündəmə gətirə, sülh danışıqlarının formatı məhz bu müzakirələr əsasında müəyyənləşə bilər.
Diplomatik təmasların intensivləşməsinə paralel olaraq, həm Rusiyanın enerji infrastrukturuna qarşı Ukraynanın cavab zərbələri, həm də Kremlin hücumları davam edir.
Əbu-Dabi platformasının yenidən müzakirəyə çıxarılması və BMT Baş Assambleyası çərçivəsindəki təmaslar danışıqlar prosesinin bərpası üçün zəmin yaratsa da, bütövlükdə proses uzun və gərgin xarakter daşıyır. Bu, yaxın zamanlarda sülhün əldə olunması perspektivinə inamın zəif olduğunu deməyə əsas verir.
