![]()
Gürcüstanda fəaliyyət göstərən yazıçı-publisist, bu ölkənin Əməkdar jurnalisti Nadir Almazoğlu yeni dərs ilində bu ölkədəki azərbaycandilli məktəblərin müəllimlərinə özünəməxsus hədiyyə təqdim edib. Müəllifin qələmə aldığı “İşıqlı gələcək bəxş edən müəllimlərimiz” adlı ikinci kitabı yeni dərs ilində pedaqoqlar üçün əsl töhfə olub.
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən kitabın təqdimat mərasimində ictimaiyyət nümayəndələri, ali təhsil müəssisələrinin professorları, azərbaycandilli məktəblərin direktor və müəllimləri, eləcə də gənclər iştirak ediblər.
Mərasimdə əvvəlcə müəllifin ömür yoluna həsr olunmuş sənədli film nümayiş etdirilib.
Daha sonra çıxış edənlər Əməkdar jurnalist Nadir Almazoğlunun fəaliyyətindən söz açıblar.
Bildirilib ki, müəllifin bundan əvvəl işıq üzü görmüş birinci kitabında Gürcüstanın müxtəlif bölgələrindəki azərbaycandilli məktəblərdə çalışan müəllimlərin həyat yolundan, elm və təhsil sahəsində qazandıqları uğurlardan bəhs olunub. İkinci kitabda isə daha 60 müəllimin ömür yoluna işıq salınıb, onların bioqrafik məlumatları və pedaqoji fəaliyyəti əksini tapıb.
Sonda Nadir Almazoğlu 60 illik yubileyi münasibətilə və iki ölkə arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəhbərliyi tərəfindən xüsusi mükafatla təltif edilib.
