Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Hikmət Babaoğlu: “Azərbaycanın Rusiya ilə də, Ukrayna ilə də yaxşı münasibətləri var”

    “Azərbaycan dünyanın mövcud mövqelər sistemində mühüm aktorlardan biri kimi daim beynəlxalq hüququ, ədaləti və sülhü üstün tutur:
    "Amma bu, sadəcə nəzəri platformada qiymətləndiriləcək hadisə deyil. Azərbaycan həm də sülh naminə müharibə apararaq onu əldə edib.
    Ukrayna hazırda Azərbaycanın 1990-cı illərin əvvəllərində yaşadığını yaşayır. Ukraynanın ərazisi qonşu ölkə tərəfindən işğal edilib, Azərbaycanın da ərazisi Ermənistan tərəfindən işğal edilmişdi. Azərbaycan uzun illərdən sonra ərazi bütövlüyünü bərpa edib, işğalla barışmayıb. Yəni gələcəyin yolunun nə qədər mürəkkəb, nə qədər çətin, amma eyni zamanda nə qədər mümkün olduğunu Azərbaycan öz təcrübəsində sübut edib. Ukraynanın da belə bir təcrübəyə ehtiyacı var".
    Bu fikirləri atributinfo.az-a deputat Hikmət Babaoğlu deyib.
    H.Babaoğlu söyləyib ki, Azərbaycanın ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyi həm Ukrayna tərəfindən yüksək qiymətləndirilir, həm də digər ölkələr bu mövqeyə etiraz edə bilmirlər. Çünki bu mövqe ədalətlidir və beynəlxalq hüquqa əsaslanır:
    "Azərbaycanın Rusiya ilə də, Ukrayna ilə də yaxşı münasibətləri var. Bu münasibətlər, əlbəttə ki, Ukrayna müharibəsinin sülhlə bitməsi üçün Azərbaycan təcrübəsinə əsaslanaraq müəyyən potensial formalaşdırır. Amma məsələ bununla da bitmir. Ukrayna xalqı ilə Azərbaycan xalqının tarixdən gələn ortaq dəyərləri, ortaq etnik kökləri var. Mən düşünürəm ki, bu mühüm faktlar həm də Ukrayna-Azərbaycan üçün ortaq birgə gələcək vəd edir".
    Deputat bildirib ki, sonrakı mərhələdə, müharibə bitəcək və Ukraynanın yenidən qurulması, bərpası mərhələsi başlayacaq. Azərbaycan bu məsələdə də yaxından iştirak edəcək. Çünki Azərbaycan dağıdılmış torpaqların necə bərpa ediləcəyinə dair təcrübəyə malikdir.
    "Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun səfər trayektoriyasına diqqət etsək, burada müəyyən elementləri görəcəyik. Şuşada Azərbaycan Prezidentinin media nümayəndələri ilə görüşündən sonra verdiyi mesajlar və orada Rusiya-Ukrayna müharibəsi ilə bağlı sual verilərkən "Əgər məndən soruşularsa, mən mövqeyimi bildirərəm" deməsi, bundan sonra Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidentinə zəng etməsi və nəhayət, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya və Ukraynaya səfəri... Əlbəttə, bunlar arasında hipotetik olaraq müəyyən məntiqi əlaqə qurmaq olar və düşünürəm ki, bu, regional sülh üçün hətta real fürsətə çevrilə bilər".
    Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-da Rusiya Federasiyasında, avqustun 6-da isə Ukraynada rəsmi səfərdə olub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ