Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas tarixidir

    Deputat: Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas tarixidir 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən mühüm dönüş nöqtələrindən biridir. 1993-cü ilin iyununda ölkədə hökm sürən siyasi böhran, idarəetmədəki xaos, silahlı qarşıdurmalar və separatçılıq meyilləri dövlət müstəqilliyini ciddi təhlükə altına salmışdı. Belə ağır bir dövrdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq və dövlətçiliyini itirmək təhlükəsindən xilas etdi.
    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
    Deputat qeyd edib ki, 1991-1993-cü illərdə ölkədə siyasi sabitliyin olmaması, dövlət idarəçiliyində səriştəsizlik və hakimiyyət daxilindəki ziddiyyətlər Azərbaycanı ağır vəziyyətə salmışdı. Həmin dövrdə torpaqlarımızın işğalı davam edir, iqtisadiyyat tənəzzülə uğrayır, vətəndaş qarşıdurması təhlükəsi gündən-günə artırdı.
    “Belə bir zamanda xalq xilası yalnız Heydər Əliyevin qayıdışında görürdü. Ulu Öndərin 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ölkədə sabitliyin bərpası, dövlət idarəçiliyinin möhkəmləndirilməsi və müstəqilliyimizin qorunması baxımından tarixi hadisə oldu”, - deyə deputat vurğulayıb.
    Bildirilib ki, Milli Qurtuluş Günü sadəcə siyasi tarix deyil, müasir Azərbaycan dövlətçiliyinin yenidən qurulması mərhələsinin başlanğıcıdır. Ulu Öndər Heydər Əliyevin qətiyyəti nəticəsində ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı, qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı, siyasi sabitlik təmin edildi və dövlət institutları bərpa olundu.
    Deputat qeyd edib ki, Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanın sonrakı inkişafının əsasını qoydu. Məhz həmin siyasi kursun nəticəsində ölkədə ictimai-siyasi sabitlik yaradıldı, iqtisadi dirçəliş başladı, beynəlxalq əlaqələr genişləndi, ordu quruculuğu və dövlətçilik ənənələri möhkəmləndi.
    “Ulu Öndərin ən böyük xidmətlərindən biri Azərbaycanın müstəqilliyini dönməz və əbədi etməsi idi. Onun müəyyən etdiyi siyasi kurs ölkəmizi tənəzzüldən inkişafa, xaosdan sabitliyə, parçalanma təhlükəsindən güclü dövlət modelinə apardı”, - deyə bildirilib.
    Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması Heydər Əliyev ideyalarının tarixi təntənəsidir.
    Deputat sonda bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik yaddaşında əbədi yaşayacaq:
    “15 İyun Azərbaycan dövlətçiliyinin xilas günüdür. Bu tarix xalqın müdrik seçiminin, Heydər Əliyev irsinə sədaqətin və müstəqil Azərbaycanın gələcəyinə inamın rəmzidir. Ulu Öndərin siyasi kursu bu gün də Azərbaycanın gücünün, sabitliyinin və davamlı inkişafının əsasını təşkil edir”, - deyə qeyd olunub.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ