Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: Kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyimizin möhkəmlənməsinə xidmət edir

    Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı ölkəmizdə aqrar sahənin inkişafına verilən xüsusi önəmin növbəti ifadəsidir.

    Dövlət başçısının çıxışında səsləndirilən fikirlər kənd təsərrüfatının yalnız iqtisadi sahə deyil, həm də ərzaq təhlükəsizliyi, regionların inkişafı, məşğulluğun artırılması və kənd həyatının canlandırılması baxımından strateji əhəmiyyət daşıdığını göstərir.
    Bunu atributinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

    Deputat qeyd edib ki, son illər Azərbaycanda aqrar sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları bölgələrdə infrastrukturun yenilənməsinə, kənd təsərrüfatı üçün zəruri şəraitin formalaşmasına və məşğulluğun artmasına mühüm töhfə verib.
    “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bölgələrdə qaz, elektrik, yol, su və digər infrastruktur sahələrində ciddi irəliləyişlər əldə olunub. Bu gün kənd təsərrüfatının inkişafı üçün daha möhkəm baza formalaşıb. Fermerlərə dövlət dəstəyi, subsidiyalar, güzəştli kreditlər, texnika təminatı və emal müəssisələrinin yaradılması aqrar sahədə məhsuldarlığın artırılmasına xidmət edir”, - deyə Mircəlil Qasımlı vurğulayıb.

    Deputat bildirib ki, müasir dövrdə ərzaq təhlükəsizliyi hər bir dövlət üçün mühüm strateji məsələdir. Dünyada baş verən müharibələr, logistika zəncirlərinin pozulması, iqlim dəyişiklikləri və qlobal bazarlarda qeyri-sabitlik bu sahədə yerli istehsalın gücləndirilməsini daha da aktuallaşdırır.
    “Azərbaycan əsas ərzaq məhsulları üzrə daxili tələbatın ödənilməsi səviyyəsini artırmalı, yerli istehsal imkanlarını daha da genişləndirməlidir. Taxıl, kartof, tərəvəz, meyvə, süd, ət, yumurta, quş əti və digər məhsullar üzrə istehsalın artırılması həm iqtisadi, həm də sosial baxımdan böyük əhəmiyyət daşıyır”, - deyə deputat qeyd edib.

    Mircəlil Qasımlı vurğulayıb ki, aqrar sahədə qarşıya qoyulan hədəflərə çatmaq üçün torpaqlardan səmərəli istifadə, suvarma sistemlərinin yenilənməsi, torpaq analizlərinin aparılması və müasir texnologiyaların tətbiqi vacibdir. Hər bir bölgənin torpaq-iqlim xüsusiyyətlərinə uyğun məhsul istehsalının planlaşdırılması kənd təsərrüfatında məhsuldarlığın artmasına ciddi təkan verə bilər.

    Deputatın fikrincə, işğaldan azad edilmiş ərazilər də Azərbaycanın aqrar inkişafı üçün böyük potensiala malikdir. Qarabağ və Şərqi Zəngəzurda su infrastrukturunun bərpası, intensiv bağçılığın, heyvandarlığın, taxılçılığın, istixana təsərrüfatlarının və emal sahələrinin inkişafı həm Böyük Qayıdış prosesinə, həm də ölkənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək.

    “Azad edilmiş ərazilərdə müasir kənd təsərrüfatı modelinin qurulması strateji əhəmiyyət daşıyır. Bu torpaqların potensialından düzgün istifadə olunması regionun iqtisadi dirçəlişinə, məşğulluğun artmasına və kənd həyatının yenidən canlanmasına xidmət edəcək”, - deyə Mircəlil Qasımlı bildirib.
    Deputat əlavə edib ki, kənd təsərrüfatında yalnız məhsul istehsalı deyil, həmin məhsulun saxlanılması, emalı, qablaşdırılması və ixrac bazarlarına çıxarılması da mühüm əhəmiyyət daşıyır. Aqroparkların, soyuducu anbarların, emal müəssisələrinin və logistika imkanlarının genişləndirilməsi kənd təsərrüfatı məhsullarının dəyər zəncirini gücləndirən əsas amillərdəndir.

    Mircəlil Qasımlı sonda bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi hədəflər Azərbaycanın kənd təsərrüfatında yeni inkişaf mərhələsinə keçidini təmin edir:
    “Bu gün əsas məqsəd aqrar sahəni daha məhsuldar, rəqabətqabiliyyətli və dayanıqlı sahəyə çevirməkdir. Kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyimizin möhkəmlənməsinə, regionların tərəqqisinə və kənd əhalisinin sosial rifahının yüksəlməsinə xidmət edir”, - deyə deputat qeyd edib.

    Bəradər Səməndərli
    "Arributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ