Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik
Cənab Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı təkcə cari diplomatik vəziyyətin təsviri deyil, həm də Cənubi Qafqazda formalaşan yeni siyasi-iqtisadi arxitekturanın konseptual çərçivəsini ortaya qoyur. Cənab Prezidentin çıxışında həm regional sülh prosesinin real nəticələri, həm də beynəlxalq təşkilatların bu prosesə münasibətdə fərqli yanaşmaları aydın şəkildə ifadə olunub.
Ən diqqətçəkən məqamlardan biri Ermənistanın 2028-ci ildə “Avropa Siyasi Birliyi” Zirvə toplantısının Azərbaycanda keçirilməsinə dəstək verməsi oldu və bu hadisə xüsusi siyasi və diplomatik əhəmiyyət kəsb edir. Prezident çıxıçnda qeyd etdi ki: “Prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı biz Zirvə görüşündə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən tədbirə videobağlantı formatında qoşulacam. Mən, həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il öncə Tiranaya səfərim zamanı Prezident Koşta və Prezident Fon der Lyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyimi soruşdular. Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu. Beləliklə, mən “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan, həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik.” Əlbəttə ki, bu fakt, formal diplomatik jestdən daha çox, postmünaqişə dövründə qarşılıqlı etimadın formalaşmasının ilkin əlaməti kimi qiymətləndirilməlidir. Xüsusilə nəzərə alsaq ki, tərəflər cəmi doqquz aydır sülh şəraitindədirlər, belə bir dəstək regionda münasibətlərin normallaşması istiqamətində mühüm psixoloji və siyasi dönüş nöqtəsi hesab oluna bilər.
Dövlət başçımız İlham Əliyev həmdə Avropa Parlamentini ölkəmizə qarşı qərəzli mövqeyinə görə açıq tənqid edib. Avropa Parlamentindən bəhs edən cənab Prezident çıxışında qeyd etdi ki: “İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Nəzərə alsaq ki, “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın. Yekun olaraq mən Baş nazir Paşinyanı “Avropa Siyasi Birliyi”nin Zirgə görüşünün Ermənistanda keçirilməsi ilə bağlı təbrik etmək istəyirəm. Bildirirəm ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir.”
Beləliklə, Prezident cənab İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı videobağlantı formatında çıxışı bir neçə mühüm məqamı ön plana çıxarır: Cənubi Qafqazda sülh prosesi artıq konkret nəticələr doğuran mərhələyə keçib, iqtisadi əməkdaşlıq bu prosesin əsas hərəkətverici qüvvəsinə çevrilir və beynəlxalq institutların bu reallıqlara uyğunlaşması zərurəti getdikcə daha qabarıq şəkildə ortaya çıxır. Mövcud şəraitdə əsas məsələ regional təşəbbüslərin davamlılığının təmin edilməsi və bu prosesə xarici müdaxilələrin minimuma endirilməsidir.
