Sizin reklam burada
Sizin reklam burada
  • ÜZÜMÜN MİLDYU VƏ YA YALANÇI UNLU ŞEH XƏSTƏLİYİ, ONUNLA MÜBARİZƏNİN ƏSAS PRİNSİPLƏRİ

    İbrahim Cəfərov
    AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor

    Dəyərli fermerlər, üzümçülər və digər maraqlı şəxslər, mildyu və ya yalançı unlu şeh üzüm bitkisinin ən geniş yayılmış və təhlükəli xəstəliklərindən biridir. Bu xəstəliyin törədicisinin müasir təsnifatda yeri aşağıdakı kimidir:
    Aləm- Regnum- Xromista;
    Şöbə- Divisio- Oomycota;
    Sinif- Classis- Peronosporea;
    Sıra- Ordo- Peronosporales;
    Fəsilə- Familiae- Peronosporaceae;
    Cins- Genus- Plasmopara;
    Növ- Specis- Plasmopara viticola Berl et de Toni
    Bu xəstəlik ilk dəfə 1834- cü ildə Şimali Amerikada yabanı üzüm növlərində qeydə alınmış, 1871- ci ildə Fransada, sonrakı 10 il müddətində bütün Avropaya yayılmışdır. Bəzi mənbələrə görə 1896- cı ildə Azərbaycanda da müşahidə edilmişdir. Xəstəliyə qarşı həssas sortlarda yoluxma 60-70% həddində olur. Xəstəliklə bitkinin yarpaq, zoğ, hamaşçiçək, çiçək, gilə və salxımları yoluxur. İlkin sirayətlənmə cavan 2-3 sm diametrdə olan yarpaqlarda baş verir. Plasmopara viticola toxuma daxili obliqat, yəni həqiqi parazitdir. O, yarpaqlara təbii yol hesab edilən ağızcıqlardan daxil olur. Ağızcıqlar isə yarpaqlar 2-3 sm ölçüdə olduqda açılır. Parazit ağızcıqlardan bitkiyə daxil olduqdan sonra gizli yoluxma gedir, xəstəlik törədici inkubasiya müddətini başa vurduqdan sonra yoluxduğu yarpaqların səthində sarı yağlıtəhər ləkələr əmələ gətirir, bu ərəfədə ətraf mühidə kifayət qədər rütubət varsa, yoluxan yarpaqların alt tərəfində patogenin konididaşıyanlarından və konidilərdən , zoosporangi və zoosporlardan ibarət boz örtük inkişaf edir. Vegetasiya müddətində xəstəliyin yayılmasını təmin edən məhz boz örtük, ikiqamçılı zoosporlar və ya konididaşıyanlarla konidilərdir. Rütubətli illərdə patogen 30- a qədər inkubasiya verə bilir. Qeyd etmək lazımdır ki, üzümün gilələri göy noxud ölçülərinə çatanda gilələrdəki ağızcıqlar bağlanır və onlar artıq yoluxmurlar, amma daraqlarda yoluxma davam edir.
    Hər bir fitopatogen orqanizmin inkişafı üçün müəyyən iqlim amilləri tələb olunur. Məsələn, mildyu xəstəliyinin törədicisi üçün temperatur şərtləri belədir: minimal temperatur 7,9C, optimal 20-22 C, maksimum hədd 29C. Yoluxma 100%- ə yaxın nisbi rütubətdə daha intensiv gedir. P. viticola bitkinin cavan orqanlarını yoluxmaya meyllidir, 10-15 günlük yarpaqlar qoca yarpaqlara nisbətən daha asan sirayətlənirlər. Artıq iyul- avqust aylarından bitki orqanları kobudlaşır, qocalır, patogen özünü qida maddələri ilə təmin edə bilmədiyindən ooqamiya tipli cinsi coxalmaya gedir, nəticədə yoluxan yarpaqlarda oosporlar formalaşır ki, o da patogenin qışlamasını təmin edir. Gələn ilin yazında qışlamış oosporlar cücərir və bitkilərin ilkin yoluxmasını təmin edirlər.
    Xəstəliklə mübarizə:
    İlk növbədə üzüm bitkisinin normal böyümə və inkişafını təmin edən aqrotexniki kompleksin bütün tələblərinə riayət edilməlidir, ilk növbədə davamlı sort, bağda becərmə işləri, qanunauyğun budama əməliyyatı, yaşıl budama, torpağın tələbatına uyğun gübrələmə, bağın havalandırılması, düzgün suvarma və s. Bütün bunlarla yanaşı bağda payızın sonunda tənəklər nisbi sükunətdə olduqda və ya erkən yazda tumurcuqlar oyanmamış 3%- li bordo mayesi ilə “ göy çiləmə” aparılmalıdır. Bu əməliyyat kompleks xəstəlik törədicilərin qışlama formalarına öldürücü təsir göstərir və plantasiyada inokulyum ehtiyatını əhəmiyyətli dərəcədə azaldır. Bir çox ölkələrdə vegetasiya dövrü mildyu ilə mübarizədə aparılan çiləmələr üzüm bitkisinin fenofazalarına uyğunlaşdırılır:
    1. Üzümün yarpaqları 2-3 sm diametrə çatanda və ya zoğların uzunluğu 15-20 sm ölçüdə olduqda;
    2. Çiçəkləmədən əvvəl;
    3. Çiçəkləmədən dərhal sonra;
    4. Gilə və salxımların birinci fəal inkişaf dövrü;
    5. Gilə və salxımların ikinci fəal inkişaf dövrü. Qeyd edirəm ki, vegetasiya çiləmələrində aşağıdakı preparatlardan istifadə edilə bilər:
    1%- li bordo məhlulu, coside 6-8 kq/ ha, mavı bakır 8-10 kq/ ha, ridomil gold 2-2,5 kqha, kvadris 0,3-0,4. İşçi məhlulun məsarifi 800-1000 l/ha.
    Tövsiyyə edilən çiləmə müddətləri və preparatlar hava şəraiti və xəstəliyin inkişaf xarakterindən asılı olaraq dəyişə də bilər. Hər il ölkə pestisid bazarına onlarla fungisidlər daxil olur, bu nöqteyi nəzərdən də fungisid seçimində elə bir problem yoxdur. Məndən bu qədər, hər kəsə uğurlar!

    /atributinfo.az/







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ