İclası açan Milli Məclisin sədri bildirib ki, gündəliyə 11 məsələ daxildir. O, diqqətə çatdırıb ki, gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında qərar layihəsidir.
Spiker qeyd edib ki, Mərkəzi Seçki Komissiyası üzvlərinin səlahiyyət müddəti başa çatıb və “Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin birinci hissəsinə əlavələr edilməsi haqqında” Konstitusiya Qanununa əsasən, Milli Məclis komissiyanın yeni tərkibini formalaşdırmalıdır. Seçki Məcəlləsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının 18 üzvünün 6 nəfərinin namizədlikləri Milli Məclisdə çoxluq təşkil edən siyasi partiya tərəfindən, 6 nəfərin namizədlikləri heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlar tərəfindən, 6 nəfərin namizədlikləri isə Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalar tərəfindən təqdim edilməlidir. Bununla birlikdə, Seçki Məcəlləsinə görə, Mərkəzi Seçki Komissiyasının 3 nəfər əvəzedici üzvünün namizədlikləri də eyni qaydada Milli Məclisə təqdim olunmalıdır.
Spiker diqqətə çatdırıb ki, artıq bütün lazımi prosedurlar icra olunub və namizədlər müəyyən edilib.
Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatların yığıncağının qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün, habelə Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları – Vətəndaş Həmrəyliyi Partiyasını, Ədalət, Hüquq, Demokratiya Partiyasını, Azərbaycan Demokratik İslahatlar Partiyasını, Böyük Quruluş Partiyasını, Azərbaycan Demokratik Maarifçilik Partiyasını, Milli Cəbhə Partiyasını, Böyük Azərbaycan Partiyasını, Azərbaycan Milli İstiqlal Partiyasını, Ana Vətən Partiyasını, Respublikaçı Alternativ Partiyasını Milli Məclisdə təmsil edən deputatların yığıncağının qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün namizədlikləri Milli Məclisə təqdim edilib.
Spiker qeyd edib ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatların təqdim etdiyi namizədlərdən biri Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə, digər bir namizəd isə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə razılaşdırılıb.
Müzakirələr zamanı komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, Əli Hüseynli, deputatlar Mübariz Qurbanlı, Elşən Musayev, Hikmət Məmmədov, Günay Ağamalı, Fəzail İbrahimli məsələyə münasibət bildirdikdən sonra qərar layihəsi qəbul edilib.
Milli Məclisin sədri Mərkəzi Seçki Komissiyasının üzvlərini təbrik edib, onlara bu şərəfli və məsul vəzifədə uğurlar arzulayıb.
Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyinə növbəti üç məsələsinin beynəlxalq sənədlərlə bağlı olduğunu və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini bildirib.
Spiker gündəliyin ikinci məsələsinin “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş”in təsdiq edilməsi haqqında qanun layihəsi olduğunu diqqətə çatdırıb. O, məsələ ilə bağlı məlumat vermək üçün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürova söz verib.
Zaur Şükürov bildirib ki, saziş 2026-cı il yanvarın 15-də Cenevrə şəhərində imzalanıb və ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının keçirilməsinin təşkilati və maliyyə məsələlərini tənzimləyir. Sənəddə tədbirin keçirilmə yeri, tarixi, BMT-nin Məskunlaşma Proqramına dair öhdəliklər, milli təşkilat komitəsinin yaradılması, təhlükəsizlik tədbirlərinə dair tələblər, fors-major hallar, iştirak edəcək nümayəndələrin dairəsi, viza rəsmiləşdirilməsi, bank hesabları, təchizat, təminat telekommunikasiya, məxfilik və digər vacib məsələlərə aid qaydalar təsbit olunub.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov layihə ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırıb. O, sənədin əhəmiyyətindən danışaraq bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş kimi mövqeyinin və qlobal təşəbbüslərə verdiyi töhfənin növbəti göstəricisidir.
Komitə sədri qeyd edib ki, Azərbaycan indiyədək bir sıra mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə geniş təşkilatçılıq imkanlarını və müasir infrastruktur potensialını nümayiş etdirib. Onun sözlərinə görə, Bakıda keçiriləcək bu forum dayanıqlı şəhərsalma, müasir urbanizasiya, ekoloji tarazlığın qorunması, innovativ idarəetmə modelləri və insan yönümlü şəhər mühitinin formalaşdırılması kimi aktual məsələlərin müzakirəsi baxımından mühüm platforma olacaq.
Layihənin müzakirəsində komitə sədri Siyavuş Novruzov, deputatlar Aydın Hüseynov, Aydın Mirzəzadə, Məlahət İbrahimqızı, Ceyhun Məmmədov çıxış ediblər. Deputatlar bildiriblər ki, forum Azərbaycanın qlobal gündəlikdə mövqeyinin daha da möhkəmlənməsinə, çoxtərəfli əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edəcək. Çıxışlarda vurğulanıb ki, belə mötəbər tədbirin Bakıda təşkili Azərbaycanın etibarlı tərəfdaş, təhlükəsiz və sabit məkan, böyük beynəlxalq platformaları uğurla qəbul edən dövlət kimi tanındığını bir daha təsdiqləyir. Qeyd olunub ki, tədbir dayanıqlı şəhərsalma, müasir urbanizasiya, rəqəmsal idarəetmə, yaşıl inkişaf və sosial inklüzivlik sahələrində qabaqcıl təcrübələrin öyrənilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Müzakirələrin sonunda qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov növbəti məsələ - “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi ilə bağlı məlumat verib.
Komitə sədri bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 2021-ci il 27 noyabr tarixində Türkmənistanın Aşqabad şəhərində keçirilmiş 25-ci iclasında İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsi qəbul olunub. Həmin sənədə əsasən, mərkəzin qərargahının Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşdirilməsi nəzərdə tutulub.
Sadiq Qurbanov qeyd edib ki, müasir dövrdə qlobal enerji sistemi genişmiqyaslı transformasiya mərhələsindədir. Enerji təhlükəsizliyi, iqlim dəyişikliyi ilə mübarizə və alternativ mənbələrə keçid beynəlxalq gündəliyin əsas istiqamətlərindən birini təşkil edir. Onun sözlərinə görə, Azərbaycan bu müasir çağırışlara uyğunlaşan ölkə olmaqla yanaşı, yeni enerji strategiyalarının formalaşmasına da mühüm töhfə verir. Uzun illər ərzində etibarlı enerji tərəfdaşı statusunu qoruyan ölkəmiz bu gün “təmiz enerji”yə keçidin təşviqi, “yaşıl iqtisadiyyat”ın inkişafı və regional dayanıqlığın gücləndirilməsi istiqamətində mühüm mərhələyə qədəm qoyub.
Sadiq Qurbanov bildirib ki, təqdim olunan Ev Sahibi Ölkə Sazişinin əsas məqsədi Mərkəzin öz funksiyalarını və vəzifələrini səmərəli şəkildə həyata keçirməsi üçün zəruri şərait yaratmaq, eləcə də Mərkəzlə ev sahibi ölkə arasında hüquqi və təşkilati münasibətləri tənzimləməkdir.
Komitə sədri diqqətə çatdırıb ki, sənəddə Mərkəzin Bakı şəhərində yerləşməsi, binanın saxlanılması, təhlükəsizlik və sanitar tələblər, fövqəladə hallar zamanı görüləcək tədbirlər, binanın və arxivlərin toxunulmazlığı, əmlak və maliyyə aktivlərinin hüquqi müdafiəsi, vergi və gömrük güzəştləri, rabitə imkanları, əməkdaşların immunitet və imtiyazları, yaşayış və viza məsələləri kimi mühüm istiqamətlər öz əksini tapıb.
Sadiq Qurbanov vurğulayıb ki, bu saziş Azərbaycanın beynəlxalq enerji diplomatiyasının güclənməsinə, ölkəmizin yaşıl enerji və dayanıqlı inkişaf sahəsində regional mərkəz kimi mövqeyinin möhkəmlənməsinə, eyni zamanda İƏT məkanında əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva layihə ilə bağlı təmsil etdiyi komitənin rəyini bildirəndən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.
Komitə sədri bildirib ki, saziş 2026-cı il fevralın 27-də Bakı şəhərində imzalanıb və 15 maddədən ibarətdir. O qeyd edib ki, sənəd Azərbaycan Respublikasının həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursunun, müxtəlif regionlarla, o cümlədən Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində atılan ardıcıl addımların məntiqi davamıdır.
Arzu Nağıyev diqqətə çatdırıb ki, saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın qurulması və inkişafı üçün mühüm hüquqi baza yaradır. Sənəddə hərbi təlimlər, qarşılıqlı təcrübə mübadiləsi, hərbi təhsil, hərbi tibb sahəsində əməkdaşlıq, eləcə də texniki istiqamətlər üzrə birgə fəaliyyət məsələləri əksini tapıb.
Komitə sədri vurğulayıb ki, saziş çərçivəsində müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, müasir texnologiyalar üzrə təcrübə mübadiləsinin aparılması və birgə layihələrin həyata keçirilməsi üçün də imkanlar yaranır. Bununla yanaşı, sənəd regional və qlobal təhlükəsizlik məsələləri üzrə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə, terrorizmə və digər müasir təhdidlərə qarşı mübarizədə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edəcək.
Arzu Nağıyev qeyd edib ki, bu əməkdaşlıq hər iki ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi baxımından da əhəmiyyətlidir. Azərbaycan Afrika qitəsində yeni tərəfdaşlıq imkanları əldə edir, Efiopiya isə Cənubi Qafqaz regionunda etibarlı tərəfdaşla münasibətlərini inkişaf etdirir. Komitə sədri əlavə edib ki, müdafiə sahəsində əməkdaşlıq, eyni zamanda, iqtisadiyyat, ticarət və humanitar sahələrdə əlaqələrin genişlənməsinə də müsbət təsir göstərəcək.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov layihə ilə bağlı təmsil etdiyi komitənin rəyini bildirəndən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 3 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.
Spiker gündəliyin beşinci məsələsi olan Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat vermək üçün sözü Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədova təqdim edib.
Soltan Məmmədov bildirib ki, qanun layihəsi ilə bağlı birinci və ikinci oxunuşlarda ətraflı məlumat verilib. O, sənədin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində hazırlandığını deyib. Dəyişikliyə əsasən, müəyyən peşə növləri və vəzifələr üzrə narkoloji nəzarət tədbirləri daha da gücləndirilir və işəgötürənlərin məsuliyyəti artırılır.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov layihə barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini təqdim edib. Sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Sonra Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) baxılıb. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov dəyişikliklərlə bağlı məlumat verib.
Kamal Cəfərov bildirib ki, layihəyə haqqında birinci və ikinci oxunuşlarda ətraflı məlumat verilib və layihənin mətnində heç bir dəyişiklik edilməyib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məsələ barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsindən (üçüncü oxunuş) bəhs edib.
O, sənədin birinci və ikinci oxunuşlarda geniş müzakirə edildiyini, əlavə rəy və təkliflərin daxil olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib.
Layihədə təklif olunan dəyişikliklər minatəmizləmə fəaliyyəti həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədi daşıyır.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov məsələ barədə bu komitələrin müsbət rəy verdiklərini bildirdikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Milli Məclisin sədri gündəliyin növbəti 2 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu söyləyib.
Sonra Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) nəzərə çatdırıb.
O, qeyd edib ki, layihəyə əsasən əməkhaqqı sistemində gender bərabərliyinin təmin edilməsi üçün qanunvericilikdə dəyişiklik edilərək, eyni və ya oxşar işlərlə yanaşı, bərabər dəyərli işlərə görə də bərabər əmək haqqının ödənilməsi nəzərdə tutulur. Eyni zamanda, işəgötürənlərin bu sahədə öhdəlikləri konkretləşdirilir və əməkhaqqının müəyyən edilməsində obyektiv meyarların tətbiqi ilə ayrı-seçkiliyin qarşısının alınması gücləndirilir. Qanun layihəsinin müvafiq beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlandığını, birinci oxunuşdan sonra sənədin mətnində heç bir dəyişikliyin edilmədiyini deyən millət vəkili, onun olduğu kimi səsə qoyulmasını xahiş edib.
İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova layihə barədə rəhbərlik etdiyi komitənin rəyini söylədikdən sonra, qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) məlumat verib.
Komitə sədri məsələ barədə birinci oxunuşda geniş məlumat verildiyini deyərək, layihədə "operativ nəqliyyat vasitələri" anlayışının genişləndirilərək yeni redaksiyada təqdim edildiyini söyləyib. O, sənədə dair hər hansı irad və təklifin olmadığını bildirib.
Layihədə hadisə yerinə operativ şəkildə çatdırılmanın təmin edilməsi, təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi və operativ-axtarış tədbirlərinin həyata keçirilməsi üçün prokurorluq orqanlarına məxsus, kriminalistik avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələrinin digər operativ xidmətlərlə eyni hüquqi statusa malik olması təsbit edilir.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Spiker Sahibə Qafarova gündəliyin son 2 məsələsinin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu deyib. Parlamentin sədri 10-cu məsələnin – “Maliyyə icarəsi haqqında” 11-ci məsələnin isə - Mülki Məcəllədə, Vergi Məcəlləsində, Rəqabət Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “Taxıl haqqında”, “Beynəlxalq xüsusi hüquq haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Çayçılıq haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Pambıqçılıq haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Elm haqqında”, “Kredit büroları haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri olduğunu və onların birinci oxunuşda müzakirəyə təqdim edildiyini bildirib.
Nəzərə çatdırılıb ki, bugünkü iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev və Mərkəzi Bankın Baş direktoru Tural Feyzullayev iştirak edirlər.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov hər iki məsələ barədə məlumat verib.
Komitə sədri, əvvəlcə “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsini təqdim edərək bildirib ki, qanun layihəsinin qəbul edilməsini zəruri edən əsas amil maliyyə icarəsi fəaliyyətinin hüquqi əsaslarını müəyyən etmək və bu sahədə münasibətlərin sistemli şəkildə tənzimlənməsidir. O, sənədin ölkəmizdə maliyyə bazarlarının inkişafı, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, real sektorun investisiya fəaliyyətinin dəstəklənməsi və dayanıqlı iqtisadi artıma nail olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Qeyd edib ki, maliyyə icarəsi iqtisadi mahiyyətinə görə investisiya yönümlü maliyyələşmə alətidir. İkitərəfli bank kreditləşməsindən və icarə münasibətlərindən fərqli olaraq, maliyyə icarəsi icarəyə verən, satıcı və icarəçinin iştirak etdiyi üçtərəfli sxemə əsaslanır. Bu mexanizm vasitəsilə sahibkar, yəni icarəçi böyük həcmli ilkin kapital qoyuluşu etmədən istehsal və ya xidmət fəaliyyəti üçün zəruri olan avadanlığı, texnikanı və digər əsas vəsaitləri əldə eləmək imkanı qazanır.
Azər Əmiraslanov bildirib ki, layihədə maliyyə icarəsi 4 əsas meyardan biri ilə müəyyən edilir. Bu meyarların mahiyyəti ondan ibarətdir ki, əgər müqavilənin sonunda əmlak icarəçiyə keçirsə, icarə müddəti aktivin istismar müddətinin 75%-dən çoxunu əhatə edirsə, müqavilə üzrə ödənişlər aktivin dəyərinin 90%-dən çox hissəsini təşkil edirsə, müqavilə sonunda aktivin dəyəri ilkin qiymətin 20%-dən azı səviyyəsində qalırsa, bu artıq adi icarə deyil, maliyyə icarəsi sayılır. Başqa sözlə, bu halda aktiv və ya əsas vəsait faktiki olaraq hissə-hissə əldə olunur. Həmçinin, qeyd olunub ki, maliyyə icarəsinin iqtisadi əhəmiyyəti bir neçə istiqamətdə özünü göstərir. İlk növbədə, bu mexanizm sahibkarların maliyyə resurslarına çıxış imkanlarını asanlaşdırır. İkinci mühüm məqam, real sektorun modernləşdirilməsi, üçüncü istiqamət isə maliyyə bazarlarının dərinləşməsi ilə bağlıdır.
Komitə sədri diqqətə çatdırıb ki, layihə konseptual baxımdan 5 əsas fəsildən ibarətdir. Birinci fəsildə ümumi müddəalar müəyyən edilir, əsas anlayışlar izah olunur, maliyyə icarəsi fəaliyyətinin hüquqi əsasları və tətbiq dairəsi göstərilir. Burada maliyyə icarəsinin subyektləri – icarəyə verən, icarəçi və satıcı müəyyən olunur, maliyyə icarəsinin obyekti kimi sahibkarlıq fəaliyyətində istifadə olunan əsas vəsaitlər nəzərdə tutulur. İkinci fəsildə maliyyə icarəsi müqaviləsi üzrə münasibətlər, ödəniş mexanizmi, tərəflərin hüquq və vəzifələri, subicarə imkanları və müqavilənin vaxtından əvvəl ləğvi halları müəyyən edilir. Üçüncü fəsildə maliyyə icarəsi subyektlərinin əmlak hüquqlarının qorunması, risklərin bölüşdürülməsi və sığorta mexanizmləri nəzərdə tutulur. Bu yanaşma maliyyə bazarında etibarlılığı və hüquqi sabitliyi gücləndirir. Dördüncü fəsil, maliyyə icarəsi fəaliyyəti üzrə tənzimləmə və nəzarət məsələlərinə həsr olunur. Maliyyə icarəsi ilə məşğul olan şirkətlər maliyyə bazarının subyektləri hesab edildiyinə görə, onlar bu bazarın requlyatoru olan Mərkəzi Bankın tənzimləmə və nəzarət dairəsinə daxil edilir. Beşinci fəsil, qanunvericiliyin pozulmasına görə məsuliyyəti və keçid müddəalarını əks etdirir.
Qeyd edilib ki, Qanunun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minməsi nəzərdə tutulur. Eyni zamanda, Qanun qüvvəyə mindiyi tarixdən 9 ay müddətində ölkə ərazisində lizinq fəaliyyətini həyata keçirən şəxslər öz fəaliyyətini bu Qanunun tələblərinə uyğunlaşdırmalı və reyestrə daxil edilmək üçün Mərkəzi Banka müraciət etməlidirlər.
Sonra komitə sədri Azər Əmiraslanov növbəti qanun layihəsi barədə məlumat verib.
O, bildirib ki, bir sıra qanunlara dəyişikliyi nəzərdə tutan bu layihə maliyyə icarəsi institutunun hüquqi sistemə tam və sistemli şəkildə inteqrasiyasını təmin etmək məqsədi daşıyır və “Maliyyə icarəsi haqqında” qanun layihəsinin qəbul edildikdən sonra tətbiqi üçün zəruri olan uyğunlaşdırıcı dəyişiklikləri özündə ehtiva edir.
Nəzərə çatdırılıb ki, maliyyə icarəsi mexanizmi iqtisadiyyatın müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Məhz bu səbəbdən təqdim olunan qanun layihəsində müvafiq qanunvericilik aktlarına uyğunlaşdırıcı dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu dəyişikliklər ilk növbədə terminoloji vahidliyin təmin olunmasına xidmət edir. Digər tərəfdən təklif olunan dəyişikliklər maliyyə bazarının institusional elementi kimi maliyyə icarəsi fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsinə yönəlib. Bu baxımdan banklar, bank olmayan kredit təşkilatları, kredit büroları, nağdsız hesablaşmalar və digər maliyyə infrastrukturu ilə bağlı qanunvericilik aktlarında müvafiq uyğunlaşdırmalar aparılıb.
Habelə, qeyd olunub ki, layihədə maliyyə icarəsi obyektinin hüquqi statusu, əmlak hüquqlarının qorunması, təminat mexanizmlərinin tətbiqi, müflisləşmə və iflas prosedurları zamanı tərəflərin hüquqlarının dəqiqləşdirilməsi ilə bağlı normalar da öz əksini tapıb. Vergi qanunvericiliyində nəzərdə tutulan dəyişikliklər isə maliyyə icarəsi əməliyyatlarının vergi rejiminin dəqiqləşdirilməsinə və bu mexanizmin praktik tətbiq imkanlarının genişləndirilməsinə xidmət edir. Diqqətəlayiq məqamlardan biri də maliyyə icarəsi mexanizminin real sektorun müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, kooperasiya, elmi fəaliyyət və sahibkarlığın inkişafı ilə bağlı qanunvericilik aktlarında nəzərə alınmasıdır.
Komitə sədri maliyyə icarəsinin milli iqtisadiyyatımız və real sektor üçün mühüm əhəmiyyət kəsb etdiyini, maliyyə bazarlarının inkişafı baxımından önəmli təşəbbüs olduğunu söyləyib.
Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov sənədin iqtisadiyyatın inkişafına töhfə verəcəyini bildirərək, məsələ barədə bu komitələrin müsbət rəyini açıqlayıblar.
Müzakirələr zamanı çıxış edən parlamentin komitə sədri Zahid Oruc, deputatlar Vüqar Bayramov, Qüdrət Həsənquliyev, Sevil Mikayılova, Vasif Qafarov, Samir Vəliyev məsələ barədə öz fikirlərini, qeyd və təkliflərini diqqətə çatdırıblar.
Komitə sədri Azər Əmiraslanov deputatların söylədiyi fikirlərə münasibət bildirdikdən sonra, hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin sədri diqqətə çatdırıb ki, bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatına” layiq görülüb. Və cənab Prezident aprelin 26-da mükafatın təqdimolunma mərasiminin iştirakçılarına ünvanladığı müraciətdə bu mötəbər mükafata layiq görülməyinə görə öz minnətdarlığını ifadə edib.
Spiker bildirib ki, bu mükafat bütün çətinliklərə baxmayaraq, regionumuzda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olunması naminə möhtərəm cənab Prezidentin göstərdiyi böyük səylərin beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilməsi və yüksək qiymətləndirilməsi deməkdir. Və 30 il ərzində torpaqlarının işğalı ilə üzləşmiş və münaqişə şəraitində yaşamış xalqın nümayəndələri olaraq biz möhtərəm cənab Prezidenti bu mötəbər mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, cənab Prezidentə sülh və qarşılıqlı anlaşma naminə yorulmaz fəaliyyətində davamlı uğurlar arzulayırıq.
Bununla Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
