Sizin reklam burada
Sizin reklam burada
  • Türk dövlətləri arasında strateji əməkdaşlıq yeni mərhələyə qədəm qoyur - ŞƏRH

    Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının müavinlərinin görüşü iqtisadi və siyasi əməkdaşlığın dərinləşməsi, regional inteqrasiyanın sürətləndirilməsi və ortaq inkişaf strategiyalarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

    Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

    Komitə sədri qeyd edib ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, geosiyasi risklərin artması və iqtisadi qeyri-müəyyənliklər dövlətləri daha sıx əməkdaşlığa sövq edir.

    “Bu baxımdan türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsi yalnız regional deyil, həm də qlobal səviyyədə mühüm əhəmiyyət daşıyır. Ortaq tarixi, mədəni və mənəvi dəyərlər üzərində qurulan bu əməkdaşlıq modeli dayanıqlı və uzunmüddətli tərəfdaşlığın əsasını təşkil edir. Bakı görüşündə iqtisadi əməkdaşlıq məsələləri geniş müzakirə olunub və konkret istiqamətlər üzrə razılaşmaların əldə olunması üçün ciddi zəmin formalaşıb. Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi, vahid rəqəmsal platformaların yaradılması və investisiya layihələrinin təşviqi türk dövlətlərinin iqtisadi potensialının daha effektiv reallaşdırılmasına imkan verəcək”, - deyə Arzu Nağıyev vurğulayıb.

    Enerji sahəsinə toxunan komitə sədri bildirib ki, türk dövlətləri enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan ölkələr sırasındadır. O vurğulayıb ki, enerji resurslarının şaxələndirilmiş marşrutlarla ixracı, yeni enerji layihələrinin həyata keçirilməsi və bərpaolunan enerji mənbələrinin inkişafı sahəsində əməkdaşlıq qarşılıqlı faydalı nəticələr verir. Xüsusilə yaşıl enerjiyə keçid istiqamətində birgə təşəbbüslər gələcək inkişafın əsas prioritetlərindən biri kimi çıxış edir.

    A.Nağıyev əlavə edib ki, rəqəmsal transformasiya, innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq türk dövlətlərinin rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Onun sözlərinə görə, startapların dəstəklənməsi, texnoloji bilik və təcrübə mübadiləsi, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi istiqamətində atılan addımlar regionun inkişafına yeni dinamika qazandıracaq: “Bu cür yüksək səviyyəli görüşlər üzv dövlətlər arasında siyasi dialoqun daha da gücləndirilməsinə, beynəlxalq təşkilatlarda koordinasiyalı fəaliyyətin təmin olunmasına şərait yaradır. Bu isə türk dövlətlərinin qlobal məsələlərdə daha təsirli və vahid mövqedən çıxış etməsinə imkan verir. Təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Terrorizm, ekstremizm, transmilli cinayətkarlıq, qanunsuz miqrasiya və kibertəhlükələr kimi çağırışlara qarşı birgə mübarizə mexanizmlərinin gücləndirilməsi regionda sabitliyin qorunmasına xidmət edir. Bakı görüşü çərçivəsində bu istiqamətdə aparılan müzakirələr praktiki əməkdaşlığın daha da genişlənməsinə zəmin yaradır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq nəqliyyat və enerji layihələri türk dünyasının inteqrasiyasına mühüm töhfə verir və regionun strateji əhəmiyyətini artırır”.

    Komitə sədri vurğulayıb ki, Bakı görüşünün nəticələri türk dövlətləri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, ortaq layihələrin sayının artmasına və institusional mexanizmlərin daha da güclənməsinə səbəb olacaq. Bu isə öz növbəsində regionda davamlı inkişafın, iqtisadi rifahın və təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ