Sizin reklam burada
Sizin reklam burada
  • İNZİBATİ CƏRİMƏNİN YENİ MODELİ: GƏLİRƏ UYĞUN, SOSİAL ƏDALƏTLİ VƏ DAVRANIŞYÖNÜMLÜ YANAŞMA


     Eldar İsmayıl oğlu Əsgərov (Şəkibəyov),

    hüquqşünas, Dövlət qulluğunun baş müşaviri

     

     

    4-CÜ HİSSƏ

     

     

    Bu baxımdan, mövcud İnzibati Xətalar Məcəlləsində artıq istifadə olunan cərimə balları gün vahidlərinin sayının müəyyən edilməsində qanunverici üçün mövcud normativ göstəricilərdən biri kimi nəzərə alına bilər. Bununla belə, gün vahidlərinin konkret sayı ayrıca qanunvericilik qərarı ilə müəyyən edilməlidir.

    Bu halda 327.4-cü maddənin sanksiyasına belə bir müddəanın daxil edilməsi kifayətdir:

    “Qeyd: Bu maddədə nəzərdə tutulmuş inzibati xətaya görə, bu Məcəllənin 25-1-ci maddəsində nəzərdə tutulan şəxslər barəsində cərimə 4 gün vahidi əsasında hesablanır.”

    Beləliklə, gün vahidlərinin sayı qanunun özündə əvvəlcədən müəyyən edilir. Bu, həm 25-1-ci maddədə nəzərdə tutulan “gün vahidlərinin sayı müvafiq Xüsusi hissə normasına uyğun olaraq müəyyən edilir” prinsipini təmin edir, həm də tətbiq zamanı əlavə qiymətləndirmə və subyektiv mülahizə imkanını aradan qaldırır.

    Gün vahidinin pul ifadəsinin müəyyən edilməsində əsas məlumat mənbəyi şəxsin rəsmi gəlirləri olmalıdır. Bu məqsədlə əmək haqqı, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər və dövlət informasiya sistemlərində rəsmi şəkildə əks olunan digər gəlir mənbələri nəzərə alına bilər.

    Gündəlik gəlirin müəyyən edilməsi üçün şəxsin inzibati xətanı törətdiyi tarixdən əvvəlki on iki ay ərzində əldə etdiyi rəsmi gəlirin həmin dövr üzrə orta gündəlik göstəricisinin hesablanması təklif olunur. Beləliklə, gün vahidinin pul ifadəsi bir ayda və ya bir gündə əldə edilmiş təsadüfi gəlirdən deyil, daha uzun dövrü əhatə edən göstəricidən formalaşır.

    Bu yanaşmanın mühüm üstünlüyü ondan ibarətdir ki, gəlirin müəyyən edilməsi ayrıca sübut və qiymətləndirmə prosesinə çevrilmir. Hesablama mümkün qədər mövcud dövlət informasiya sistemlərində olan məlumatlara əsaslanır. Bununla həm şəxs üçün tətbiq edilən meyar əvvəlcədən müəyyən olunur, həm də cərimənin məbləğinin müəyyən edilməsində subyektivlik azalır.

    Gəlir nəzərə alınmaqla cərimə mexanizminin tətbiqi bütün şəxslərə avtomatik şəkildə şamil edilməməlidir. Xüsusilə rəsmi gəliri minimum əməkhaqqından aşağı olan şəxslərin, minimum əməkhaqqından aşağı pensiya alan şəxslərin və ünvanlı dövlət sosial yardımı alan şəxslərin ayrıca qorunması məqsədəuyğundur.

    Belə şəxslər üçün mövcud sabit cərimə mexanizminin saxlanılması sosial müdafiə baxımından daha aydın və proqnozlaşdırılan həll yaradır. Bununla yanaşı, gəlir nəzərə alınmaqla cərimə mexanizminin tətbiq dairəsinə daxil edilən şəxslər üçün cərimənin məbləğinin onların rəsmi gəliri ilə əlaqələndirilməsi sabit məbləğli cərimənin müxtəlif iqtisadi imkanlara malik şəxslər üzərində yaratdığı fərqi azaltmağa imkan verir.

    Bu yanaşma formal bərabərliklə faktiki bərabərlik arasındakı fərqi də nəzərə alır. Eyni məbləğin hamıya tətbiq edilməsi formal baxımdan bərabər yanaşma olsa da, həmin məbləğin müxtəlif gəlir səviyyələrinə malik şəxslər üçün yaratdığı yük eyni olmaya bilər. Gəlirin obyektiv və əvvəlcədən müəyyən edilmiş meyar kimi nəzərə alınması bu fərqin hüquqi mexanizm daxilində nəzərə alınmasına imkan verir.

    Gəlirə əsaslanan cərimə yalnız Məcəllənin Xüsusi hissəsində ayrıca nəzərdə tutulmuş inzibati xətalara tətbiq edilməlidir. Bununla sabit cərimə ümumi qayda olaraq qalır, gəlir nəzərə alınmaqla cərimə isə xüsusi hüquqi mexanizm kimi tətbiq olunur.

    Bu yanaşmada üç əsas element əvvəlcədən qanunla müəyyən edilir:

    - gəlir nəzərə alınmaqla cərimənin tətbiq ediləcəyi inzibati xəta;

    - həmin xəta üzrə gün vahidlərinin sayı;

    - şəxsin gündəlik gəlirinin hesablanması qaydası.

    Beləliklə, cərimənin yekun məbləği bu üç elementin tətbiqi nəticəsində avtomatik formalaşır. Hüquq tətbiq edən şəxsin “bu şəxs üçün nə qədər cərimə uyğun olar?” sualına ayrıca cavab verməsinə ehtiyac qalmır.

    Eyni zamanda, cərimənin qanunla müəyyən edilmiş yuxarı hədləri saxlanılır. Bu, gəlir göstəricisinin cərimənin məbləğini qeyri-məhdud şəkildə artırmasının qarşısını alan əlavə hüquqi təminatdır.

    Eyni və ya müəyyən edilmiş inzibati xətanın qanunda nəzərdə tutulan müddət ərzində təkrar törədilməsi xətanın ağırlıq dərəcəsinə təsir edən ayrıca hüquqi hal kimi nəzərə alınırsa, bu hal gün vahidlərinin sayının müəyyən edilməsində də nəzərə alına bilər. Lakin belə artım ümumi və qeyri-müəyyən ifadələrlə deyil, konkret inzibati xəta üzrə Xüsusi hissənin normasında əvvəlcədən göstərilməlidir.

    Başqa sözlə, “daha ciddi tətbiq edilir” və ya “artırılmış hədd tətbiq olunur” kimi ümumi ifadələr öz-özlüyündə kifayət etməməlidir. Təkrar törətmə halında neçə gün vahidinin tətbiq ediləcəyi qanunun özündə müəyyən olunmalıdır. Bu, mexanizmin həm hüquqi müəyyənlik, həm də bərabər tətbiq baxımından əsas şərtlərindən biridir.

    Nəticə olaraq, gəlir nəzərə alınmaqla inzibati cərimə mexanizminin mahiyyəti cərimənin məbləğinin şəxsin gəlirinə görə sərbəst şəkildə dəyişdirilməsi deyil. Qanunla əvvəlcədən müəyyən edilmiş bu mexanizmdə cərimənin məbləği konkret inzibati xəta üzrə müəyyən edilmiş gün vahidlərinin sayının həmin şəxsin rəsmi gəliri əsasında hesablanan bir gün vahidinin pul ifadəsinə vurulması yolu ilə müəyyən edilir:

    inzibati xəta → gün vahidlərinin sayı → bir gün vahidinin pul ifadəsi → yekun cərimə məbləği.

    Beləliklə, yeni mexanizm mövcud inzibati cərimə sistemini tamamilə əvəz etmir. O, yalnız qanunda əvvəlcədən müəyyən edilmiş ayrı-ayrı inzibati xətalar üzrə sabit cərimə mexanizmini tamamlayan, gəlir fərqini nəzərə alan və cərimənin preventiv təsirini daha proporsional qurmağa yönəlmiş əlavə hüquqi mexanizm kimi çıxış edir. 

    Bir halda ki, məqaləmiz inzibati cərimələrlə bağlıdır, bu sahədə prinsipial əhəmiyyət daşıyan bir məsələyə də aydınlıq gətirmək və nümunəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzərində qurmaq istərdik. Həmin maddəyə əsasən, sürücüyə 40 manat məbləğində cərimə tətbiq edilir. Hüquqi baxımdan bu, qanunverici tərəfindən cərimənin müəyyən edilmiş yekun məbləğidir, yəni vətəndaş bu məbləği ödəməklə öz hüquqi öhdəliyini yerinə yetirmiş olur. Lakin praktikada cərimənin ödənilməsi zamanı vətəndaş əlavə olaraq “xidmət haqqı” adı ilə 40 qəpik də ödəməli olur. Beləliklə, cərimənin nominal məbləği ilə onun ödənilməsi zamanı yaranan faktiki xərc arasında fərq meydana çıxır.

    Cərimənin hüquqi mahiyyəti və faktiki maliyyə yükü yalnız sanksiyanın məbləği ilə məhdudlaşmır. Ödəniş zamanı tutulan əlavə haqlar da hüquqi müəyyənlik, şəffaflıq və əlçatanlıq baxımından qiymətləndirilməlidir.

    Təcrübədə bu əlavə ödəniş bank, ödəniş terminalı və ya rəqəmsal platforma tərəfindən göstərilən ödəniş xidmətinə görə tutulan komissiya kimi təqdim olunur. Bununla belə, ödəniş xidmətlərinin göstərilməsinə qanunla imkan verilməsi konkret inzibati cərimənin ödənilməsi zamanı tutulan hər bir komissiyanın hüquqi əsasını öz-özlüyündə müəyyən etmir. Bunun üçün komissiyanı tutan subyekt, tətbiq olunan tarif, müqavilə şərtləri və müvafiq normativ əsas birlikdə nəzərdən keçirilməlidir.

    Məsələ orasındadır ki, cərimənin özü hüquqi münasibətdir - dövlətlə vətəndaş arasında yaranır və cərimənin məbləği qanunla dəqiq müəyyən edilir və bu cərimənin ödənilməsi prosesi artıq texniki və maliyyə infrastrukturu üzərindən həyata keçirilir. Məhz bu mərhələdə banklar, terminallar və ödəniş operatorları prosesə qoşulur və öz xidmətlərini təqdim etdiklərini əsas gətirərək əlavə haqq tətbiq edirlər. 

    Məsələnin mühüm tərəfi vətəndaşın seçim imkanları ilə bağlıdır. Cərimənin ödənilməsi qanunla müəyyən edilmiş öhdəlikdirsə, həmin öhdəliyin icrası üçün komissiyalı ödəniş kanalından istifadə etməyə məcbur qalmaq faktiki olaraq vətəndaşın maliyyə yükünü artıra bilər. Əgər komissiyasız alternativ mövcud deyilsə və ya praktik baxımdan əlçatan deyilsə, bu vəziyyət əlavə ödənişin hüquqi əsasının və tətbiq şərtlərinin daha dəqiq araşdırılmasını tələb edir.

    Bu əlavə ödəniş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində fəaliyyət göstərən ödəniş operatorlarının tətbiq etdiyi komissiyadır. Yəni bank, terminal və ya rəqəmsal platforma göstərdiyi xidmətə görə müəyyən haqq tutur.

    Ancaq burada incə və eyni zamanda problemli məqam var. Qanun ödəniş xidmətlərinin göstərilməsinə imkan verir, lakin vətəndaşın bu xidmətdən imtina etmək imkanı praktikada çox vaxt mövcud olmur. Vətəndaş cəriməni ödəməyə məcburdursa, onu ödəmək üçün istifadə etdiyi mexanizm də onun iradəsindən asılı olmur.

    Belə şəraitdə “xidmət haqqı” anlayışı öz mahiyyətini itirir. Seçim olmayan yerdə xidmət münasibətindən deyil, söhbət qanunla müəyyən edilmiş öhdəliyin icrası üçün tətbiq olunan məcburi prosedurdan gedir. Məhz bu nöqtədə “xidmət haqqı” anlayışının hüquqi əsaslandırılması sual altına düşür. 

    Yuxarıda qeyd edilən Qanunda diqqət çəkən məqamlardan biri də “xidmət” və “ödəniş xidməti” anlayışlarının fərqləndirilməsidir. “Ödəniş xidməti” ifadəsi yuxarıda qeyd edilən normativ sənəddə yüzlərlə dəfə -  təxminən 500-dən artıq halda istifadə olunsa da, “xidmət” termininin ümumi və dəqiq hüquqi tərifi təqdim edilmir. Qanunun 1.1.36-cı maddəsi “ödəniş xidməti” anlayışını bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan xidmətlərlə əlaqələndirir. Həmin maddə isə ödəniş xidmətlərinin növlərini sadalayır. Bunlara, o cümlədən, ödəniş hesabına pul vəsaitinin mədaxili və məxarici, ödəniş əməliyyatlarının icrası, pul köçürməsi və hesab üzrə məlumat xidməti daxildir. Beləliklə, qanunverici “ödəniş xidməti” anlayışını ümumi şəkildə deyil, konkret fəaliyyət sahəsi - ödəniş xidmətləri çərçivəsində müəyyənləşdirib. Belə bir vəziyyət müəyyən paradoks yaradır, hüquqi məzmunu dəqiq müəyyən edilməmiş anlayış üzərindən vətəndaşdan ödəniş tutulur. Bu isə hüquqi müəyyənlik prinsipi baxımından əsaslı suallar doğurur. Həmin anlayışın qanunda nəzərdə tutulması konkret inzibati cərimənin ödənilməsi zamanı tutulan komissiyanın hüquqi əsasını öz-özlüyündə müəyyən etmir. 

    Qanunun 16.1.3-cü, 16.2.2-ci və 17.1.4-cü maddələrində ödəniş xidmətləri ilə bağlı haqlar və bu barədə istifadəçiyə məlumat verilməsi məsələləri tənzimlənir. Lakin həmin müddəaların mövcudluğu konkret inzibati cərimənin ödənilməsi zamanı tutulan hər bir komissiyanın hüquqi əsasını öz-özlüyündə müəyyən etmir. Əsas məsələ komissiyanın hansı hüquqi və müqavilə münasibətindən irəli gəlməsi, vətəndaşa hansı məlumatların verilməsi və onun alternativ ödəniş kanalından istifadə etmək imkanının olub-olmamasıdır.

    Burada ödəniş vasitələrinin əlçatanlığı da nəzərə alınmalıdır. Məsələ yalnız əlavə ödənişin məbləğində deyil, həm də vətəndaşın seçim imkanındadır. Cəriməni ödəmək qanunla müəyyən edilmiş öhdəlikdirsə, həmin öhdəliyin icrası üçün istifadə olunan ödəniş kanallarının əlçatanlığı və əlavə xərclərin əvvəlcədən aydın göstərilməsi xüsusi əhəmiyyət daşıyır. Bütün vətəndaşların bank kartına və ya elektron ödəniş imkanlarına malik olmadığını nəzərə alsaq, nağd ödəniş imkanlarının mövcudluğu xüsusi əhəmiyyət daşıyır. Eyni cəriməni ödəyən şəxslərin faktiki maliyyə yükü seçdikləri ödəniş kanalından asılı olaraq fərqlənirsə, bu fərqin əsasları və komissiyasız alternativlərin mövcudluğu araşdırılmalıdır. Əgər müəyyən terminal qəpik qəbul etmədiyindən ödənilməli məbləğin yuxarı yuvarlaqlaşdırılması tələb olunursa, bu texniki məhdudiyyətin vətəndaşın faktiki maliyyə yükünə təsiri ayrıca qiymətləndirilməlidir. Belə hallarda artıq ödənilmiş məbləğin qaytarılması qaydası da aydın və əlçatan olmalıdır.

    Burada əsas sual yalnız komissiyanın məbləğinin az və ya çox olması deyil. Əsas məsələ qanunla müəyyən edilmiş maliyyə öhdəliyinin icrası zamanı vətəndaşın əlavə xərclə üzləşməsinin hansı hüquqi və iqtisadi əsaslara söykənməsidir. Eyni inzibati cəriməni ödəyən şəxslərin faktiki maliyyə yükü istifadə etdikləri ödəniş kanalından asılı olaraq fərqlənirsə, bu fərqin əsaslandırılması və vətəndaşlara təqdim olunan alternativlərin əlçatanlığı araşdırılmalıdır.

    Fikrimizcə, inzibati cərimələrin ödənilməsi sistemi hüquqi müəyyənlik, şəffaflıq və əlçatanlıq prinsiplərinə uyğun qurulmalıdır. Bu məqsədlə, ilk növbədə, cərimələrin ödənilməsi zamanı tutulan komissiyaların hüquqi və müqavilə əsasları aydın göstərilməli, vətəndaş ödənişə başlamazdan əvvəl əlavə xərc barədə məlumatlandırılmalı və komissiyasız alternativlərin mövcudluğu təmin edilməli, texniki səbəblərdən artıq ödəniş yarandığı hallarda isə həmin məbləğin vətəndaşa qaytarılması üçün sadə və şəffaf mexanizm müəyyən edilməlidir.

     

    (Ardı var)


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ