Sizin reklam burada
Sizin reklam burada
  • Tanınmış şəxslərin adından saxta açıqlamalar: Pərdə arxasında kimlər dayanır?


    Son dövrlər sosial şəbəkələrdə bir sıra tanınmış insanları hədəf alan, süni intellekt vasitəsilə onların fotolarından istifadə edərək demədikləri sözləri yazıb insanlarda qıcıq yaradan paylaşımlar edilir. Bəs bu dezinformasiyaları kimlər yayır, məqsəd nədir?

    Mövzu ilə bağlı Milli Məclisin deputatı Cavanşir Paşazadə açıqlama verib.

    "Azərbaycana qarşı müşahidə olunan informasiya təxribatları təsadüfi hadisələr kimi qiymətləndirilməməlidir. Dövlət məmurlarının və millət vəkillərinin fotoşəkillərindən istifadə olunaraq onların adından demədikləri fikirlərin yayılması, cəmiyyətə yalan məlumatların təqdim edilməsi müəyyən dairələrin ictimai rəyi çaşdırmaq, dövlətə inamı zəiflətmək və ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq cəhdləri təsiri bağışlayır.

    Belə əməlllərin arxasında xaricdə fəaliyyət göstərən troll şəbəkələri, sifarişli informasiya səhifələri və müxtəlif siyasi maraq qrupları dayana bilər. Onların məqsədi yalnız ayrı-ayrı şəxsləri hədəfə almaq deyil, bütövlükdə Azərbaycan haqqında mənfi rəy formalaşdırmaqdır. Xüsusilə süni intellekt vasitəsilə saxta foto, video və fikirlərin hazırlanması bu təhlükəni daha da artırır.

    Təəssüf ki, ölkə daxilində də dövlətimizin həyata keçirdiyi siyasəti qəbul etməyən, hər bir uğuru kölgədə qoymağa çalışan siyasi qüvvələrin mövqeyi bəzən bu kampaniyalarla üst-üstə düşür. AXCP və Müsavat Partiyasının nümayəndələri də daxil olmaqla, bütün siyasi qüvvələr öz mövqelərinə görə məsuliyyət daşımalıdırlar. Siyasi müxalifət olmaq başqa məsələdir, ölkənin uğurlarını inkar etmək, cəmiyyətdə ümidsizlik yaratmaq və həqiqəti təhrif edən məlumatların yayılmasına şərait yaratmaq tamam başqa məsələdir. Konkret ittihamlar isə, əlbəttə, faktlarla əsaslandırılmalıdır.

    Azərbaycanın müstəqil siyasəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi tarixi nailiyyətlər və beynəlxalq mövqelərinin möhkəmlənməsi hər kəsə aydındır. Torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin bərpası və ölkəmizin beynəlxalq tədbirlərin mühüm mərkəzlərindən birinə çevrilməsi Azərbaycanın gücünü göstərir. Məhz buna görə informasiya təhlükəsizliyimizin qorunması dövlət maraqlarımızın ayrılmaz hissəsidir.

    Dövlətimizin siyasətini tənqid etmək hər kəsin hüququdur. Lakin yalan danışmaq, saxta fikirlər uydurmaq, cəmiyyəti bilərəkdən çaşdırmaq siyasi mübarizə deyil. Bu, ictimai etimadı zədələyən məsuliyyətsiz davranışdır. Əgər xaricdən idarə olunan şəbəkələr ölkəmizdə süni narazılıq yaratmağa, dövlət qurumlarını nüfuzdan salmağa və daxili proseslərə təsir göstərməyə çalışırlarsa, bu cür fəaliyyətlər ciddi araşdırılmalı, hüquqi qiymətini almalıdır.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz milli maraqlarını qətiyyətlə qoruyur və müstəqil siyasət yürüdür. Heç bir saxta paylaşım, heç bir sifarişli kampaniya xalqımızın gördüyü reallıqları dəyişə bilməz. Amma bununla kifayətlənmək də olmaz. Media, dövlət qurumları və vətəndaşlar yalan məlumatlara qarşı ayıq olmalı, hər xəbəri yoxlamadan paylaşmamalıdırlar.

    Mən hesab edirəm ki, bu gün hər bir siyasi qüvvənin, ictimai xadimin qarşısında mühüm məsuliyyət dayanır: siyasi maraqları dövlətin və xalqın maraqlarından üstün tutmamaq. Azərbaycanı sevmək yalnız sözlə deyil, ölkənin nüfuzuna, sabitliyinə və milli maraqlarına münasibətlə də ölçülür. Bizim əsas gücümüz həqiqətdə, milli birliyimizdə və dövlətçiliyimizə olan məsuliyyətimizdədir."



     


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ