YAP Qax rayon təşkilatının əməkdaşı
Azərbaycan tarixində unudulmaz, əbədi olaraq yaddaşlara həkk olunan günlər, tarixin səhifəsindən silinməz anlar çoxdur. Təəssüf ki, Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırım aktları ilə dolu səhifələr də yazılıb. Xalqımız tarixinin bütün mərhələlərində öz torpağını, dövlətini və dövlətçiliyini qorumaq üçün hər zaman əzab-əziyyətə məruz qalıb. Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında yaşanan, Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
31 Mart soyqırımı Azərbaycan tarixində erməni saxtakarlığına qarşı mübarizənin bariz nümunələrindəndir. “Böyük Ermənistan” xülyasına düşən mənfur düşmən Bakı və digər regionlarda vətəndaşlara qarşı amansız soyqırım törətməklə etnik təmizləmə siyasəti həyata keçirdi. Məqsəd vətəndaşlarda qorxu yaratmaq, regionda sabitliyin pozulmasına nail olmaqdan ibarət idi. Bakı Sovetinin nəzarəti altında fəaliyyət göstərən silahlı dəstələr, daşnak qüvvələri ilə birlikdə, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törətdilər. Bu hadisələr zamanı minlərlə insan yalnız milli və dini mənsubiyyətinə görə qətlə yetirildi. İnsanlar evlərində diri-diri yandırıldı, işgəncələrə məruz qaldı, şəhər və kəndlər yerlə-yeksan edildi. Bakı ilə yanaşı Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və İrəvan quberniyası daxil olmaqla geniş coğrafiyanı əhatə edən soyqırım siyasəti kütləvi hal aldı və bununla yanaşı baş vermiş hadisələr zamanı kəndlərin yandırılması, insanların kütləvi şəkildə qətlə yetirilməsi, dini və mədəni abidələrin məhv edilməsi bu hadisələrin təkcə fiziki deyil, həm də mənəvi soyqırımı xarakteri daşıdığını göstərir.
Aradan keçən zaman kəsiyində Azərbaycan xalqı baş verən hadisələri unutmur, daim hadisə qurbanlarının xatirələri anılırdı. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra isə mart hadisələrinə hüquqi və siyasi qiymət verildi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı bu sahədə dönüş nöqtəsi oldu. Həmin sənədlə 31 mart rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü elan edildi, hadisələrin sistemli şəkildə araşdırılması və təbliği istiqamətində mühüm addımlar atıldı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu faciənin araşdırılması, tarixi sənədlərin toplanması, elmi tədqiqatların genişləndirilməsi və nəticələrin dünya ictimaiyyətinə çatdırılması sistemli xarakter alıb.
Dövlət başçısının təşəbbüsü ilə Quba Soyqırımı Memorial Kompleksi xüsusi əhəmiyyət kəsb edir. Bu kompleks yalnız xatirə məkanı deyil, həm də elmi-tədqiqat və maarifləndirmə mərkəzi kimi fəaliyyət göstərərək 1918-ci il hadisələrinin real miqyasını nümayiş etdirir.
31 mart soyqırımı bəşəriyyət tarixində bir cinayət, faciə kimi qalmaqla yanaşı, həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Xüsusilə, İkinci Qarabağ-Vətən Müharibəsində Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin tapşırığını yerinə yetirən müzəffər Azərbaycan Ordusunun qəhrəman övladları xalqımıza qarşı törədilmiş bütün vəhşiliklərin, soyqırımların qisasını aldı.
Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci ilin 10 noyabr tarixində Rusiya Federasiyası Prezidentinin iştirakı ilə üçtərəfli Bəyanatın, 08 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə üçtərəfli Bəyannamənin imzalanması və Sülh Sazişinin müddəalarının paraflanması xalqımızın uzun illər ərzində məruz qaldığı ədalətsizliklərə son qoydu.
Bu gün isə dünya siyasi arxitekturasının yeniləndiyi bir dövrdə Azərbaycan uğurla öz sülhsevər missiyasını həyata keçirir. Ölkəmiz müstəqilliyini, bərpa etdiyi suverenliyi və ərazi bütövlüyünü qoruyur, doğma Qarabağımızda türkdilli dövlətlərin, digər tərəfdaş ölkələrin yardımı ilə müasir çağırışları tətbiq edərək sürətlə yenidənqurma işləri aparmaqla, Cənubi Qafqazda sülh, əmin-amanlıq, təhlükəsizliyi təmin edir.
Beləliklə, Azərbaycan yeniləşən dünyamızda mövqeyini bərkitməklə bizə dost olan istər qonşu, istərsə də dünya dövlətləri ilə birlikdə xalqlar üçün rifah içində gələcək qurmağa çalışır.
