Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev deyib.
O bildirib ki, Rza Pəhləvinin qayıtması monorxiya tərəfdarları və Qərbin bir sıra dairələri tərəfindən gündəmə gətirilir: "İranın özündə də yenidən bir monarxiyanın yaradılmasına qarşı çıxan, bunun əleyhinə olan qüvvələr kifayət qədərdir. İran cəmiyyəti hazırda parçalanıb, amma onların monarxiya istədiyini düşünmürəm. Hazırda hansısa alternativ formanın ortaya qoyulması daha mühümdür. Üstəgəl, bu gün keçirilən mitinqlər hələ hakimiyyətin dəyişəcəyi anlamına gəlmir. Bu İranın daxili işidir və İran bir dövlət kimi prosesləri özü tənzimləyəcək".
Deputat onu da qeyd edib ki, Pəhləvinin hakimiyyətə gəlməsi Cənubi Azərbaycanda arzulanan bir məsələ deyil: "Pəhləvi rejimi Cənub Azərbaycanda yaşayanlarla bağlı sistemli bir yanaşma ortaya qoymayıb. Onun gəlişinin azərbaycanlılar tərəfindən birmənalı şəkildə dəstəklənəcəyi inandırıcı görünmür və soydaşlarımız üçün müsbət bir perspektiv də vəd etmir. İstər ana dili ilə bağlı qadağalar, istərsə də digər məsələlər məhz şah rejimindən başlayaraq tətbiq olunub. Bu gün onun yenidən qayıtmasının bu problemlərin həllinə gətirib çıxaracağı inandırıcı deyil".
A.Nağıyev həmçinin, cəmiyyəti də bu məsələdə emosianal yanaşmalardan çəkinməyə çağırdı: "Azərbaycan bir xarici dövlətin daxili işinə qarışmır. Lakin eyni zamanda soydaşlarımıza daim mənəvi dəstəkdir. Paralel olaraq separatizmi heç bir halda dəstəkləmirik və heç bir dövlətə qarşı ərazi iddiasında deyilik. Mədəni kimliyin qorunması çərçivəsində bu gün Azərbaycan dövləti Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza dəstək ola bilər. Cəmiyyətimiz də bu məsələyə emosional yanaşmamalıdır. Çünki bu İranın daxili işidir. Hər bir məsələdə emosional yanaşmadan çəkinmək lazımdır. Siyasi dəyişiklik regiona çox ciddi təsir edə bilər. Əsas odur ki, beynəlxalq hüquqi normalara söykənərək dövlət maraqlarımızdan çıxış edirik. Bu da həm cəmiyyətimiz, həm də dövlətimiz üçün prioritet istiqamət olmalıdır".
