Bu proses təkcə müdafiə xarakteri daşımır, regionda yeni hərbi balans yaratmaq və beynəlxalq aktorların maraqlarını yönləndirmək üçün də bir vasitədir. Xüsusilə Qərb dövlətlərinin, o cümlədən Fransanın Ermənistanın hərbi hazırlıqlarına dəstəyi, Rusiyanın Cənubi Qafqazdakı nüfuzunun zəifləməsi fonunda əlavə strateji əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Ermənistanın silahlanma siyasəti həm daxili, həm də xarici faktorlarla müəyyən olunur və bu cəhdlər Azərbaycan tərəfindən diqqətlə izlənilir. Onun sözlərinə görə, Ermənistanın müdafiə məqsədilə təqdim etdiyi silahlar əslində regionda hərbi-siyasi balans yaratmaq və gələcəkdə strateji üstünlük əldə etmək cəhdindən başqa bir şey deyil:
"44 günlük Vətən müharibəsindəki qələbəmizdən artıq beş il keçib və Ermənistan silahlanmanı davam etdirir. Bu prosesin arxasında bir neçə əsas faktor durur. Birinci mühüm məqam odur ki, 2026-cı ildə keçiriləcək seçkilərlə əlaqədar olaraq Paşinyan hakimiyyəti ordunu “məğlubiyyətlilik" sindromundan çıxarmağa çalışır. Bu, həm də cəmiyyətə mesaj vermək məqsədilə silahlanmanı önə çəkmək və psixoloji, ideoloji reabilitasiya aparmaq cəhdidir. Digər tərəfdən, sərhədlərlə bağlı delimitasiya və demarkasiya üzrə danışıqlar aparılmasına baxmayaraq, Ermənistan qoşun hissələri vasitəsilə sərhəddə hərbi güc görüntüsü yaratmağa çalışır. Bu, hücum taktikasından fərqli olsa da, əsas məqsəd regionda balans yaratmaqdır. Rəsmi olaraq bu proses müdafiə strategiyası kimi təqdim edilirsə də, alınan silahların əksəriyyəti müdafiədən daha çox strateji və balans xarakterlidir."
Deputatın sözlərinə görə, Azərbaycanın yaratdığı real hərbi güc Ermənistanın bütün daxili və xarici siyasətinə təsir edir:
"Ermənistan vaxt qazanaraq, gələcəkdə güc tətbiq etməyi tamamilə istisna etməmək şərti ilə, hərbi-texnoloji üstünlük fonunda müəyyən balans yaratmağa çalışır. Eyni zamanda, Qərbin, xüsusilə Fransanın Ermənistana dəstək göstərməsi bölgədə öz dayaq nöqtəsini möhkəmləndirmək məqsədilə istifadə olunur. Müharibədən sonra Ermənistanın Rusiyadan strateji uzaqlaşması müşahidə edilir və bu siyasət Qərbin müəyyən qədər dəstəyini təmin etmək üçün aparılır. Beləliklə, Ermənistanın silahlanma siyasətində həm daxili, həm də xarici faktorlar əhəmiyyətlidir. Sərhəd danışıqlarında mövqeləri gücləndirmək əsas məqsəddir və bu siyasət təkcə müdafiə xarakterli deyil, eyni zamanda regionda yeni hərbi-siyasi konfiqurasiyanı formalaşdırmaq cəhdidir. Azərbaycan isə öz daxili və xarici siyasətini müstəqil şəkildə aparır, dövlət və dövlətçiliyə qarşı hər hansı təhdidin qarşısını almaqda israrlıdır. Bu istiqamətdə Ermənistanın apardığı siyasət diqqətlə izlənilir və analiz olunur. Bu cəhdlərin qarşısının alınması üçün Azərbaycan bütün imkanlara malikdir."
