Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Komitə sədri bildirib ki, Forumda əsas məqamlardan biri cənab Prezidentin ABŞ-nin dünyada və Cənubi Qafqazda baş verən proseslərə münasibəti, Rusiya-Azərbaycan münasibətlərə, eyni zamanda siyasi, iqtisadi və müdafiə xarakterli məsələlərə aydınlıq gətirməsi idi. “Təbii ki, Forumda əsas məsələlərdən biri də cənab Prezidentin Ermənistan-Azərbaycan arasında Əbu-Dabidə keçirilən görüşün yekunları ilə bağlı məsələlərəa aydınlıq gətirməsi idi. Ermənistan tərəfi keçirilən görüşdə sülh sazişi ilə bağlı müdəalara şifahi razılıq versə də, təəssüf ki, dayanıqlı sülhün əldə olunması istiqamətində Konstitusiyaya dəyişiklik etməsi və ATƏT-in Minsk qrupunun buraxılması istiqamətdə ciddi addımlar atmır. Ermənistan-Azərbaycan arasında ən ciddi müzakirə olunan məsələlərdən biri də Zəngəzur dəhlizi məsələsidir. Artıq Zəngəzur dəhlizinin ABŞ tərəfindən idarəçiliyə götürülməsi istiqamətində hər iki dövlətin atdığı müəyyən məqamlar mövcuddur. Çünki 2020-ci ildən bəri davam edən sülh danışıqlarında əsas tələblərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın Naxçıvanla maneəsiz quru əlaqəsinin qurulması deyil, eyni zamanda Türk dünyasını birləşdirən, həmçinin Şərqdən Qərbə yüklərin daşınmasını, əlaqənin yaradılmasını təmin edəcək mühüm əhəmiyyət kəsb edən qlobal səviyyəli logistik bir yoldur”, - deputat qeyd edib.
Komitə sədri təəssüflə qeyd edib ki, Zəngəzur dəhlizinin açılması təkcə Ermənistanın baş naziri Nikol Paşinyandan asılı deyil, burada qlobal oyunçulardan, xüsusən də Rusiya və İrandan asılıdır. “Təəssüflər olsun ki, İran və Rusiya dəhlizin açılmasında maraqlı görünmür. İran həm də ABŞ-nin regiona gəlməsini istəmədiyindən buna qarşı çıxır. Amma Zəngəzur dəhlizinin açılmasının Rusiya və İranın maraqlarına uyğundur. Ona görə də onlar da dəhlizin açılmasında maraqlı olmalıdır. Çünki sanksiyalar atlında olan Rusiya bu yol vasitəsilə yükdaşımasını təmin etməklə üzləşdiyi çətin vəziyyətdən çıxa bilər. O baxımdan Zəngəzur dəhlizinin açılması təkcə Nikol Paşinyanda asılı deyil, həm də beynəlxalq və böyük güclərdən asılıdır”.
Deputat hesab edir ki, Zəngəzur dəhlizi də açılarsa, o zaman Azərbaycan bölgədə nəqliyyat, tranzit yükdaşımasında qlobal operator rolunu oynaya bilər. “Bu da cənab Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, hədəflərə xidmət edən siyasəti nəticəsində Azərbaycanın siyasi, iqtisadi, hərbi cəhətdən gücə malik olmasının dünya tərəfindən tanınması deməkdir”, - o vurğulayıb.
