Bu sözləri Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin Afrika ölkələri ilə əməkdaşlıqda bağlı səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sahəsində siyasətinin mahiyyətində duran prinsipləri bir daha diqqət mərkəzinə gətirmiş oldu: “Hamımız yaxşı bilirik ki, COP29-a sədrliyi çərçivəsində iqlim dəyişmələri ilə bağlı Afrika ölkələrinə dəstək Azərbaycanın gündəliynin prioritetlərindən biri idi. Həmçinin ölkəmizin inkişaf edən kiçik ada dövlətləri üzrə xüsusi formatı var. Bu məqama aydınlıq gətirən cənab Prezident İlham Əliyev belə xüsusi yanaşmanı onunla izah etdi ki, iqlim dəyişiklikləri ilə bağlı yaranmış təhlükə həmin ölkələr üçün ekzistensional xarakter daşıyır və onların mövcudluğu, ümumiyyətlə, dünya okeanının səviyyəsindən asılıdır. Bunla belə, Azərbaycan Afrika qitəsindəki ölkələri də öz gündəliyində saxlayır. Təkcə bunu xatırlamaq kifayətdir ki, Qoşulmama Hərəkatının sədri kimi ölkəmiz COVID-19 zamanında 80-dən artıq ölkəyə maliyyə və humanitar dəstəyi göstərmişdir ki, onların da əksər hissəsi məhz Afrika Birliyinə üzv olan ölkələrdir. Son vaxtlar cənab Prezident İlham Əliyev Afrikadan gəlmiş bir neçə dövlət başçısı ilə rəsmi səfər çərçivəsində görüşüb. Bəzi ölkələrlə hazırda enerji sahəsində potensial əməkdaşlıq üzərində fəal çalışmalar aparılır. Maraqlıdır ki, Azərbaycan öz xarici əlaqələrini həmçinin Latın Amerikasında da genişləndirir. Artıq bu materikin bəzi ölkələrində səfirliklər də açılıb və müxtəlif səviyyələrdə, nazirlər, eləcə də xarici işlər səviyyəsində səfərlər olub, nümayəndə heyətlərinin mübadiləsi olub. Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı bəzi şirkətlərlə müzakirələr aparılır. Bəzi layihələr artıq başa çatdırılıb. Lakin Latın Amerikasının bir çox ölkəsində inkişaf etmiş iqtisadiyyatın olduğu nəzərə alınaraq, biznes, ticarət, potensial sərmayələr və mədəniyyət sahələrində daha çox ümumi əsaslar müəyyənləşdirilə bilər” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
