"İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə görüşünün Xankəndində keçirilməsi təkcə Azərbaycan üçün deyil regionun tarixində mühüm siyasi hadisədir. Azad Qarabağda- Xankəndində keçirilən bu zirvə görüşü tarixi və gözəl Azərbaycan şəhərinin dünyaya yenidən, möhtəşəm təqdimatı oldu. Bu, Azərbaycanın gücünün qüdrətinin nümayişi ilə yanaşı, həm də ölkəmizin əməkdaşlığa, inkişafa, davamlı sülhə böyük töhfəsidir. Bu, Ali Baş Komandan, qalib Lider, cənab Prezident İlham Əliyevin qətiyyətinin və müdrikliyinin növbəti təntənəsidir. Bu fikirləri Milli Məclisin dünən-iyunun 8-də keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Komitəsinin sədri Musa Urud cari məsələlərlə bağlı danışarkən səsləndirib. O, qeyd edib ki, həmin görüşdə eləcə də zirvə görüşü çərçivəsində Laçında və Şuşada keçirilən tədbirlərdə bizə dost və qonşu dövlətlərin başçıları azad Qarabağda və Şərqi Zəngəzurda qısa müddət ərzində görülən böyük quruculuq işləri ilə tanış oldular. Azərbaycana bir daha öz həmrəyliklərini ifadə etdilər:
"Zirvə görüşü çərçivəsində qardaş Özbəkistanın dəstəyi ilə Xankəndində tikilən tikiş fabrikinin, qardaş Qırğızıstanın Ağdamın Xıdırlı kəndində inşa etdiyi məktəb kompleksinin açılışı da Azərbaycana dostluq və həmrəyliyin ifadəsi kimi çox qiymətlidir və gözəl bir nümunədir. Zirvə görüşündə qəbul edilən qərarlar ölkəmiz üçün iqtisadi əməkdaşlıq, turizim, mədəni əlaqələrin genişlənməsinə xidmət edəcəkdir. Həmin görüşdə cənab Prezidentin Qərbi Azərbaycandan zamanında ermənilər tərəfindən qovulmuş soydaşlarımızın öz ata-baba yurdlarına qayıtmasının vacibliyini bir daha dilə gətirməsi Qərbi Azərbaycan İcmasının bu sahədəki təşəbbüslərini daha da artıracaq və soydaşlarımız ata-baba yurdlarına qayıtması ümidlərini daha da gücləndirəcəkdir."
Komitə sədri həmçinin çıxışında Parlament sədri Sahibə Qafarovanın rəhbərliyi altında Azərbaycan millət vəkillərinin böyük bir heyətinin Özbəkistanın Xivə şəhərində keçirilən Özbəkistan-Azərbaycan Birinci Parlamentlərarası Forumun işində əldə olunan nəticələri də yüksək səviyyədə qiymətləndirdiyini dilə gətirərək bildirib ki, o forumun bir iştirakçısı kimi Özbəkistan-Azərbaycan əlaqələrinin möhkəmlənməsində Parlament Diplomatiyasının, şəxsən Spikerin nə qədər böyük xidməti olduğuna bilavasitə şahidlik edib:
"Səfər zamanı keçirilən müxtəlif görüşlər müxtəlif ikitərəfli görüşlər, plenar görüşlər, edilən çıxışlar, qonaqpərvərlik və bizə göstərilən diqqət və qayğı göstərir ki, xalqlarımız arasında qardaşlıq münasibətlərində parlamentin böyük rolu var və görüş iştirakçısı kimi də xanım Sədr Sizə öz təşəkkürümü bildirirəm."- Musa Urud səsləndirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
