
Bu gün Çin Xalq Respublikasının Şenyang şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının "Xalq Diplomatiyası və Dost Şəhərlər Forumu"nda iştirak etməkdən böyük məmnunluq duyuram.
Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Ziyafət Əsgərov, deputat həmkarlarım CavanşirPaşazadə və Göydəniz Qəhrəmanov ilə birgə ölkəmizi bu mühüm beynəlxalq platformada təmsil edirik.
Forumun əsas qayəsi olan xalq diplomatiyasının gücləndirilməsi və davamlı inkişafa töhfə verilməsi bu günümüzün mürəkkəb və bəzən də etimaddan uzaq qlobal reallığında xüsusilə önəmlidir.
İnanıram ki, xalqlar arasında qarşılıqlı anlaşma, mədəniyyətlərarası dialoq və insani əlaqələr yalnız rəsmi münasibətləri deyil, bütövlükdə sülhü və sabitliyi də möhkəmləndirən dəyərlərdir. Diplomatiya təkcə dövlətlər arasında deyil, insanlar arasında da körpülər saldıqda təsirli olur.
Təmsil etdiyim səhiyyə sahəsində də bu körpülər olduqca əhəmiyyətlidir. Tibbi innovasiyalar və bilik mübadiləsi insanlığın ortaq rifahına xidmət edən ən güclü əməkdaşlıq platformalarından biridir.









