Milli Məclisin deputatı
Bu günlərdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən azərbaycanlılara qarşı törədilən hərəkətlər, həmyerlilərimizin qətlə yetirilməsi respublikamızda hiddətlə qarşılandı. Bütün bu qəddarlıqlar Rusiyada hökm sürən şovinizmdən, diskriminasiyadan və milli ayrı-seçkillikdən xəbər verir.
Qeyd etmək lazımdır ki, Rusiyada bu tip hadisələrin baş verməsi yenilik deyil. Bu ölkənin hüquq-mühafizə orqanlarının digər millətlərin nümayəndələrinə qarşı zorakılıqları demək olar ki, adi hala çevrilib. Miqrantların ən çox çalışdıqları yerlərdə keçirilən reydlər zamanı polis əməkdaşları tərəfindən qeyri-insani davranışlar nümayiş etdirilir. İşləmək üçün qanuni şəkildə müvafiq qurumlardan icazələrinin olması, hətta Rusiya vətəndaşlığını daşımaları belə qeyri-rusları xilas etmir. Miqrantlarla bərabər Rusiya vətəndaşı olan qeyri-ruslar da milli kimliklərinə görə ayrı-seçkiliyin, təqiblərin qurbanı olurlar. Əlbəttə kimsə qanunları pozursa, inzibati və ya cinayət məsuliyyətinə səbəb olan əmələ yol verirsə, qanunvericiliyin tələbləri çərçivəsində cavab verməlidir. Lakin heç kim işgəncəyə, qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və cəzaya məruz qala bilməz. Yekaterinburqda baş verənlər göstərir ki, Rusiyada bütün hüquqi çərçivələr həm kobud şəkildə tapdalanır, həm də digər millətlərə qarşı ayrı-seçkilik ifrat səviyyəyə yüksəlib.
Ümumiyyətlə, Rusiya cəmiyyətində ənənəvi olaraq digər xalqlara qarşı şovinist əhval-ruhiyyə hökm sürüb. Diskriminasiya burada bütün səviyyələrdə geniş yayılmış praktikadır. Millətçilik pərdəsinə bürünən cinayətkar qruplaşmalar bu günün özündə də digər millətlərin nümayəndələrinə hücumlar edir, onları qətlə yetirirlər. Məlum olduğu kimi 1990-cı illərdə Rusiyada digər xalqların nümayəndələrinə qarşı qəddarlığı ilə seçilən cinayətkar skinhed dəstələri meydana çıxmışdı. Bu gün isə heç skinhedlərə də ehtiyac yoxdur, çünki bu funksiyanı Rusiyanın hüquq-mühafizə orqanları daha qəddar və açıq formada həyata keçirirlər. OMON-un 1990-cı ilıərdəki qəddarlıq ənənələri artıq maskalanmadan daha şiddətli formada davam etdirilir. Rusiya hüquq-mühafizə orqanlarının ixtira etdiyi etnocinayətkarlıq anlayışı həm də bu ölkədə digər xalqların nümayəndələrinin artıq cinayətkar kimi təqdim olunmasına hüquqi əsas yaratmaq cəhdidir. Rusiyanın törətdiyi və daha da genişləndirməyi planlaşdırdığı etnotəmizləmə siyasəti üçün zəmin yaratdığı da göz önündədir.
Bu mənada Rusiyada son zamanlarda bu istiqamətdə baş verənlər şovinzm məzmunlu proseslərin bir mərkəzdən idarə olunduğunu söyləməyə əsas verir. Görünən həm də odur ki, xüsusən bu ölkədə yaşayan və ya ora gedən müsəlmanlara qarşı açıq təzyiqlərə açıq şəkildə start verilib. Bu da Rusiyada islamofobiyanın alovlandırılması deməkdir. Bir vaxtlar çeçen xalqına qarşı etnik təmizləmə həyata keçirən Rusiya eyni siyasəti digər xalqlara qarşı da reallaşdırmaq istəyir.
Yekaterinburqda soydaşlarımıza qarşı törədilənlər həm də bu ölkədə Azərbaycana qarşı məqsədli şəkildə formalaşdırılan münasibətin göstəricisidir. Məlum olduğu kimi Rusiya tərəfi mülki təyyarəmizi vurduğuna görə günahını etiraf etməkdən yayınır. Bu yaxınlarda Həştərxanda keçirilən tədbirə dəvət olunmuş Milli Məclisin deputatı Azər Badamovun Rusya ərazisinə buraxılmaması da bu ölkənin şovinizm siyasətinin göstəricisidir. Bir müddət əvvəl Azərbaycanın informasiya resurslarına qarşı təşkil olunan kiberhücumun arxasında da Rusiyanın dayanması öz təsdiqini tapıb.
Bütövlükdə, Rusiyada baş verənlər göstərir ki, bu ölkədə ksenofobiya, milli və dini ayrı-seçkilik kimi zərərli meyillər getdikcə güclənməkdədir. Ən pisi odur ki, Rusiyada bu proseslər məqsədyönlü şəkildə stimullaşdırılır, körükləndirilir. Miqrantlara və bu ölkənin vətəndaşı olan qeyri-ruslara qarşı qəddar və zorakı davranışlar Rusiyanın bütün regionlarını əhatə edir. Bütün bunlar Rusiyaya başucalığı gətirmir və bu ölkə haqqında formalaşmış etimadsızlıq mühitini daha gücləndirir.
