Sizin reklam burada
Sizin reklam burada
  • Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətini, Azərbaycan dövlətçiliyini faktiki olaraq xilas etdi

    Aydın Hüseynov
    Milli Məclisin deputatı

    Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra ölkə daxilində vəziyyət olduqca ağır idi. Bir tərəfdən Ermənistanın işğalçılıq siyasəti, digər tərəfdən hakimiyyət daxilindəki intriqa və qarşıdurmalar, habelə, cəmiyyətdəki qeyri-sabitlik dövlətin idarə edilməsini demək olar ki, mümkünsüz hala salmışdı. Elə bunun nəticəsidir ki, Azərbaycan erməni işğalından müdafiə oluna bilmir, ciddi ərazi itkilərinə məruz qalırdı.
    Bundan başqa, güclü mərkəzi hakimiyyətin mövcud olmaması ölkədə qarşıdurma meyillərini gücləndirir, vətəndaş müharibəsi təhlükəsini alovlandırırdı. Mövcud situasiya xarici dövlələtlərə Azərbaycana təzyiq üçün də real şərait yaradır, ölkəmizin müstəqilliyini, bir dövlət kimi mövcudluğunu sual altında qoyurdu. Məhz belə bir zamanda Ali Sovetin sədri seçilən Heydər Əliyev bütün bu pərakəndəliyə, qeyri-müəyyənliyə son qoydu. 1993-cü ilin 15 iyun tarixindən sonra Azərbaycanda bütün təxribatçı qruplara, cəmiyyəti bölməyə, dövləti parçalamağa çalışan qüvvələrə qarşı ciddi mübarizəyə start verildi. Xalqın mənafeyini əldə rəhbər tutan Heydər Əliyev, qısa zamanda ölkə daxilindəki qeyri-sabitliyə son qoydu. Mərkəzi hakimiyyət gücləndirildi. Şəxsi maraqlar əsasında fəaliyyət göstərən şəxslər hakimiyyətdən kənarlaşdırıldı və dövlət maraqlarının müdafiəsi ön plana çəkildi. Bir sözlə, Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətini, Azərbaycan dövlətçiliyini faktiki olaraq xilas etdi. Biz nəinki öz müstəqilliyimizi qoruyub saxladıq, həm də bu müstəqilliyi əhəmiyyətli dərəcədə möhkəmləndirməyə nail olduq.
    Ulu öndərin hakimiyyətə gəlişi ilə ciddi islahatlara start verildi ki, bunlardan da biri ordudakı islahatlarla bağlı idi. Ümummilli liderin xalqımız və dövlətimiz qarşısındakı ən böyük xidmətlərindən biri onun nizami ordu yaratması, bu ordunu peşəkar hərbi kadrlarla təmin etməsi idi. Ulu öndərə qədər Azərbaycan Ordusu faktiki olaraq müxtəlif şəxslərə məxsus silahlı birləşmələrdən, özünümüdafiə batalyonlarından, qeyri-peşəkar birliklərdən ibarət idi. Heydər Əliyev hakimiyyətə gələndən sonra qeyri-qanuni silahlı birləşmələrin hamısını ləğv etdi. Nizami ordu, vahid komandanlıq yaradıldı. Orduya peşəkar kadrlar cəlb edildi. Məhz aparılan bütün bu islahlar nəticəsində Ermənistanın işğalçılıq siyasətinin genişlənməsinin qarşısı alındı. Hətta 1994-cü ildə Azərbaycan Ordusu cəbhənin bir neçə istiqamətində Ermənistana qarşı uğurlu hərbi əməliyyatlar aparmağa nail oldu. Artıq öz işğalçılıq siyasətini genişləndirə bilmədiyini görən Ermənistan atəşkəs sazişini imzalamağa nail oldu.
    Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın bütün sonrakı uğurlarının qarantı, təminatçısı oldu. Azərbaycan xalqı və dövlətçiliyi adına sevindirici məqamlardan biri də bu oldu ki, Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu son dərəcə uğurla davam etdirdi. Heydər Əliyev ideyaları əsasında aparılan islahatlar, yürüdülən daxili və xarici siyasət XXI əsrin əvvəllərində Azərbaycanın güclü bir dövlət kimi formalaşmasını təmin etdi. Azərbaycan iqtisadi-hərbi gücünə görə regionun lider dövlətinə çevrildi.

    Ümummilli ldier Heydər Əliyev kursunu daha da inkişaf etdirən Prezident İlham Əliyev Azərbaycan Ordusunu dünya miqyasında qabaqcıl ordulardan birinə çevirdi. Bununla da, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri yalnız erməni faşizmini deyil, ona havadarlıq edən qüvvələri də qəti məğlubiyyətə uğratdı. Azərbaycanın erməni işğalındakı tarixi torpqları azad edildi. Prezident İlham Əliyevin təbirincə desək, ölkə başçısı ata vəsiyyətini, Azərbaycan xalqının ən böyük arzusunu yerinə yetirdi.

    Bu gün Azərbaycanın işğaldan azad edilən ərazilərində ciddi yenidənqurma və abadlıq işləri həyata keçirilir. Ermənistanın işğalçılıq siyasətinin bu ərazilərdəki nəticələri aradan qaldırılır. Qarabağ və ətraf ərazilər sözün həqiqi mənasında cənnətə çevrilir. Bütün bunlar Müzəffər Ali baş Komandan İlham Əliyevin adı ilə bağlı olduğu qədər də, həm də Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Çünki bütün bu uğurların arxasında Heydər Əliyev siyasi kursu dayanır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ