Sizin reklam burada
Sizin reklam burada
  • Bu uğurlarımız milli qurtuluş ideologiyasının təntənəsidir

    Bu uğurlarımız milli qurtuluş ideologiyasının təntənəsidir Musa Süleymanov
    İş adamı, Əməkdar mühəndis

    Milli Qurtuluş Günü xalqımız üçün xüsusi əhəmiyyət kəsb edən bayramlardan biridir. Bu gün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i müstəqil Azərbaycan üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmləndirilməsində , əbədiyyətə çevrilməsində və inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu öndər Heydər Əliyevdir.

    Ümummilli lider Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycanda ilk illər vəziyyət son dərəcə gərgin olub. Həmin vaxt hakimiyyəti ələ keçiriənlərin dövlət idarəçiliyindəki naşılığı və təcrübəsizliyi ölkəni addım-addım fəlakətə yaxınlaşdırırdı. Xalqın qanı bahasına əldə edilmiş müstəqilliyimiz qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı getdikcə dərinləşirdi.Ölkəyə rəhbəırlik edənlər arasında yaranmış qarşıdurma, qeyri-qanuni silahlı birləşmələrin xalqı xof içərisində saxlaması, baş alıb gedən anarxiya, xaos, müstəqilliyimizi məhv olmaq dərəcəsinə çatdırmışdı. Ziyalılar, tanınmış ictimai-siyasi xadimlər xarici ölkələrə üz tutmuşdular.

    Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri, ziyalılar, elm və mədəniyyət xadimləri, tanınmış politoloqlar əmin idilər ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Onun dövlət idarəçiyilində zəngin təcrübəsi və beynəlxalq aləmdə yüksək nüfuzu var. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız yalnız Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini, müstəqil Azərbaycanın dünyaya ionteqrasiyasını həll etmək niyyətində idi.

    1992- ci ilin oktyabrında ziyalılar böyük inam və ümidlə Ulu öndər Heydər Əliyevə müraciət etdilər. Müraciətdə deyilirdi: “Möhtərəm Heydər bəy! Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında, siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, "real vəziyyətə uyğun" fəaliyyət göstərməklə, əslində, ifliç vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir”.

    Ziyalıların müraciətində bildirilirdi ki, mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur, siyasi və iqtisadi sistemdə əsaslı islahatlar aparılmır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında təsbit olunmuş hakimiyyət bölgüsü havadan asılı qalmış, hüquqi dövlətin yaradılması yolunda real addımlar atılmamışdır.
    1993-cü ilin iyununda respublikada siyasi böhran və özbaşınalıq kulminasiya həddinə çatdı, xaos və anarxiya ölkəni bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Çətin vəziyyətə düşmüş AXC-Müsavat iqtidarı da Azərbaycanı bu bəladan xilas etmək üçün Ulu öndər heydər əliyevə müraciət etdi.

    Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və respublikamızı Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
    1993- cü il İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşunu, Azərbaycanın xilas yolu missiyasını cəsarətlə öz üzərinə götürdü. Ali Sovetin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Müdrik şəxsiyyət həmin dövrdə baş verənlərə münasibət bildirərkən demişdir: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır. Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
    Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olunduHeydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi.
    Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
    Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

    Bu gün Azərbaycan dünyada müstəqil qalib dövlət kimi tanınır. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, polad iradəsi və cəsarəti sayəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. Bu uğurlarımız milli qurtuluş ideologiyasının təntənəsidir. Heydər Əliyevin əsaını qoyduğu siyasi kurs müstəqil respublikamızın davamlı inkişafında özünü bütün sahələrdə büruzə verir. Hazırda Azərbaycanın dünya birliyində nüfuzu getdikcə artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ