Sizin reklam burada
Sizin reklam burada
  • "Azərbaycan-Türkiyə-Pakistan strateji tərəfdaşlığı beynəlxalq arenada da getdikcə güclənir"- Tənzilə Rüstəmxanlı

    Xəbər verildiyi kimi ötən gün Azərbaycan, Türkiyə və Pakistan liderlərinin birgə istirakı ilə Qarabağ bölgəsində sayca üçücu aeroportun açılışı mərasimi və açılış zamanı bir sıra önəmli məsələlərə toxunan liderlər tərəfindən Laçından verilən mesajlar təbii ki, möhtəşəm idi. Elə bu qürurverici hadisəylə bağlı millət vəkili Tənzilə Rüstəmxanlının fikirlərini öyrənmək məqsədilə ona bir neçə sual ünvanladıq:
    -Tənzilə xanım, Laçın aeroportunun açılışında hər 3 dövlət başçısı önəmli məsələlərə toxundu. Verilən mesajları necə dəyərləndirmək olar?
    -Bəli, Laçında baş tutan Azərbaycan - Türkiyə - Pakistan liderlərinin Zirvə görüşündə dünyaya mühüm mesajlar verildi. Laçın hava limanının açılması və bu mərasimdə qardaş Türkiyə və Pakistan liderlərinin iştirak etməsi üç ölkə arasında qardaşlığın nə qədər sarsılmaz olduğunun daha bir təzahürü idi. Üç ölkə Cənubi Qafqazda, o cümlədən, regionun tranzit olaraq yer aldığı Orta dəhlizdə birlik olduqlarını Şərqi Zəngəzurdan nümayiş etdirdi. Laçın Zirvəsi Ankara-Bakı-İslamabad xəttində “Üç Qardaş Alyansı”nın qurulduğunun, siyasi, iqtisadi və digər sferalarda strateji əlaqələrin genişlənməsini göstərdi. Bu görüş Ermənistanda "bəkə də qaytardılar" düşüncəsilə yaşayanlara açıq şəkildə anlatdı ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü daimidir.

    -Azərbaycan-Türkiyə-Pakistan İttifaqının perspektivləri nədən ibarətdir və hər 3 ölkə bu birlikdən hansı dividentlər əldə edəcək?

    -Azərbaycan orta güc, dünyada öz imzası olan etibarlı tərəfdaş, Türkiyə NATO ölkəsi və qlobal miqyasda güc sahibi, Pakistan isə nüvə dövlətidir. Bu güclərin birləşməsi regionun təhlükəsizliyi baxımından çox vacibdir. Liderlərin bəyan etdikləri kimi, tərəflər ən mürəkkəb zamanda bir araya gələrək əməkdaşlığı gücləndirirlər. Laçın Zirvə görüşündə üçtərəfli əməkdaşlığın yeni səhifəsi açıldı.Laçında keçirilən görüşlər bir daha göstərdi ki, Azərbaycan-Türkiyə-Pakistan strateji tərəfdaşlığı beynəlxalq arenada da getdikcə güclənir. Ölkələrimizin regional siyasətdəki rolu müsəlman dünyasındakı nüfuzu ilə də müəyyən edilir.

    -Türk Dövlətləri Təşkilatının türk dövlətləri arasındakı inteqrasiyada oynadığı rolu qənaətbəxş hesab etmək olarmı?

    -Türk Dövlətləri Təşkilatı beynəlxalq güc mərkəzinə çevrilməkdədir. Dünyanın yeni siyasi düzəninin formalaşmasında önəmli rol oynayacaq təşkilat artıq yeni siyasi qütb kimi özünü təsdiq edir. Bu güc mərkəzinin əsas təşəbbüskarı və təşkilatçısı Azərbaycan və Türkiyədir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın təşkilatın inkişafındakı rolları danılmazdır. Bu gün Türk Dövlətləri Təşkilatının qlobal gücə çevrilməsi məhz bu liderlərin səyi nəticəsində mümkün olmuşdur. Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bunu bir daha təsdiq etdi.

    -Sülh danışıqları prosesi bu il nəticə verə bilərmi?

    -Sazişin nə vaxt imzalanması sual altındadır. Burada tərəflərin fərqli yanaşmaları ortaya çıxır. Ermənistan 17 maddəlik razılaşmaya maksimum qısa müddətdə imzaların atılmasına çalışır. Azərbaycan sazişin tələsik imzalanmasında maraqlı görünmür və bu mövqeyində haqlıdır. Ermənistan konstitusiyada əks olunan ərazi iddialarından hüquqi olaraq imtina etmədiyi müddətdə dayanıqlı sülh perspektivi zəifdir. Sülh sazişini Paşinyan hakimiyyəti imzalayır, Ermənistanda isə revanşizm meylləri qalmaqdadır. Dayanıqlı sülh üçün Azərbaycan Ermənistan cəmiyyətinin də bunu dəstəklədiyini görməlidir: bunun üçün konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendum keçirilməli və ermənilər mövqelərini bildirməlidir.

    -Müsahibə üçün təşəkkür edirik.



    Bəradər Səməndərli
    "Atribut" qəzeti və "atributinfo.az" saytınin baş redaktoru

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ