Bu gün yaz sessiyasının son iclasıdır. Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 85 deputat növbədənkənar sessiyanın çağırılması üçün mənə müraciət edib. Və iyun ayında bizim növbədənkənar sessiyamız olacaq.
İndi isə mən sizə yaz sessiyasının yekunları barədə qısa bir məlumat vermək istəyirəm.
Qeyd edim ki, sessiya ərzində parlamentin 14 iclası keçirilmiş, 65 qanun qəbul edilmişdir. Başqa sözlə, 55 qanunda, o cümlədən 2 Konstitusiya qanununda dəyişiklik qəbul edilmiş, ¬¬8 beynəlxalq sənəd təsdiq olunmuşdur.
Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirmişdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin və islahatların qanunvericilik bazası daha da möhkəmləndirilmiş və təkmilləşdirilmişdir.
Hörmətli deputatlar!
Yaz sessiyasında görülmüş işlər haqqında danışarkən qeyd edilməlidir ki, hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq yeddinci çağırış dövründə də Milli Məclisin qarşısında dayanan vəzifələrin uğurla yerinə yetirilməsinə kömək göstərir.
Bununla əlaqədar mən həmişə olduğu kimi, parlamentlə hökumət arasında konstruktiv iş birliyini xüsusi vurğulamaq istəyirəm. Yaz sessiyasında müxtəlif hökumət qurumlarının, o cümlədən nazirliklərin və dövlət komitələrinin nümayəndələri mütəmadi olaraq Milli Məclisin və komitələrin iclaslarına dəvət olunmuş, qanun layihələrinin müzakirəsi zamanı onların rəyləri dinlənilmişdir. Bununla birlikdə, deputatların bir sıra mülahizə və təklifləri də icra orqanları tərəfindən nəzərə alınmışdır.
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. Bununla əlaqədar Milli Məclisdə bir neçə tədbir keçirilmişdir.
Mayın 8-də parlamentin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunan xüsusi iclası keçirilmişdir. İclasda Ulu Öndərin müəllifi olduğu müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının qələbələrlə başa çatdırılması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması kimi tarixi hadisələrin əhəmiyyətindən danışılmışdır.
Hörmətli həmkarlar!
Bu mövzuda keçirilən digər bir tədbir Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkil etdiyi elmi-praktik konfrans olmuşdur. Konfransda ilk Konstitusiyamızın hazırlanması, qəbulu və keçdiyi inkişaf yolu ilə bağlı məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.
Eyni mövzuda başqa bir tədbir isə Qarabağ Universitetinin bir qrup tələbəsi ilə keçirilən görüş olmuşdur.
Hörmətli həmkarlar!
Sessiya dövründə böyük ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsi və qanun layihələrinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə ictimai dinləmələr keçirilməsi praktikası davam etdirilmişdir.
Üç ictimai dinləmə və üç ictimai müzakirə təşkil olunmuşdur. “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ailə, qadın və uşaq məsələləri komitəsi “Ailə, qadın və uşaq hüquqları konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda, İctimai birliklər və dini qurumlar komitəsi “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda, Aqrar siyasət komitəsi isə “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirmişlər.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirə təşkil etmişdir. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya isə iki ictimai müzakirə təşkil etmişdir. Bu müzakirələrdən biri “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusuna, digəri isə “Azərbaycanın media resurslarına 20 fevral hücumları: kibermüdaxilədən dezinformasiyaya” mövzusuna həsr edilmişdi. Eyni zamanda, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda genişləndirilmiş iclası keçirilmişdir.
Hörmətli deputatlar!
Yaz sessiyasında Milli Məclisin nəzarət funksiyasının yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər görülmüşdür. Belə ki, Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun, bu gün isə bildiyiniz kimi, Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının hesabat, məruzə və məlumatları da dinlənilmişdir.
Hörmətli deputatlar!
Yaz sessiyasında parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlər həyata keçirilmişdir.
Belə ki, Milli Məclisin 60 deputatı 32 ölkəyə 50 səfər həyata keçirmişlər.
Deputatlarımız 13 beynəlxalq təşkilatın tədbirlərində iştirak və çıxış etmişlər.
Millət vəkillərimiz Rumıniyada keçirilən prezident seçkilərini və Tacikistanda keçirilən parlament seçkilərini müşahidə etmişlər.
41 ölkənin və 8 beynəlxalq təşkilatın 48 nümayəndə heyəti, ümumən 443 nəfər xarici qonaq Milli Məclisdə olmuşdur.
Hörmətli həmkarlar!
Milli Məclis sədrinin 4 ölkəyə rəsmi və 3 ölkəyə işgüzar səfərləri olmuşdur. Milli Məclisdə mən 3 ölkənin dövlət başçıları, 16 ölkənin parlament sədrləri və sədr müavinləri, 3 beynəlxalq təşkilatın rəhbərləri, 2 ölkənin icra hakimiyyəti orqanı və partiya nümayəndələri, 7 dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirmişəm.
Aparılan danışıqlarda ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələr və digər məsələlər müzakirə edilmişdir.
Hörmətli deputatlar!
Milli Məclis 5 beynəlxalq tədbirə ev sahibliyi etmişdir. Belə ki, fevralın 18-dən 20-dək Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası, martın 17-də Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisinin ikitərəfli parlamentlərarası komissiyasının 22-ci iclası, aprelin 5-də Asiya Parlament Assambleyasının koordinasiya görüşü, aprelin 6-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin dördüncü Konfransı, aprelin 15-də isə TürkPA-ya üzv dövlətlərin parlamentlərinin Müdafiə və təhlükəsizlik komitələri sədrlərinin ikinci iclası Milli Məclisin təşkilatçılığı ilə keçirilmişdir.
Yeri gəlmişkən, qeyd edim ki, hal-hazırda Milli Məclis 5 beynəlxalq təşkilata sədrlik edir. Həmin təşkilatlar, Asiya Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Türk Dövlətlərinin Parlament Assambleyası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasıdır. Onu da qeyd edim ki, 2026-cı ildə Milli Məclis İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına da sədrlik edəcək.
Hörmətli həmkarlar!
Yaz sessiyası dövründə Milli Məclis iki ölkənin, Gürcüstan və Birləşmiş Ərəb Əmirliklərinin parlamentləri ilə əməkdaşlıq haqqında, eləcə də Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında, həmçinin Tolerantlıq və Sülh Təşkilatı arasında memorandumlar imzalanmışdır.
Beləliklə, hörmətli həmkarlar, Milli Məclis yaz sessiyasını uğurla başa çatdırır. Bununla əlaqədar mən səmərəli iş üçün hər birinizə təşəkkür edirəm.
Milli Məclisin yaz sessiyasını bağlı elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət Himni səslənir.)
