Qərəz, dostlarımız da, bədxahlarımız da göz qabağındadır. Məmnunam ki, Azərbaycan mətbuatının haqq, ədalət çarçısı olan qanadı ağa “ağ”, qaraya “qara” deməklə tarix qarşısındakı vəzifəsini yerinə yetirir.
Seçdiyim iki xəbərin birincisinə belə sərlövhə verilib: “Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Qusar xəstəxanasında” ( Aytəkin Alxaslı). Xatırladım ki, mən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi fəaliyyətə başladığı ildən onlarla əməkdaşlıq etmiş, bu din qardaşlarımızın Biləsuvar, Sabirabad, Saatlı rayonlarında, eləcə də məcburi köçkünlərin kompakt yaşadığı digər yerlərdə həyata keçirdikləri çoxsaylı sosial tədbirlərə şahidlik etmişdim.
İndi isə – “Bizim.media” yazır ki, Səudiyyə Ərəbistanın Krallığının Azərbaycandakı səfiri cənab İssam bin Saleh əl-Cuteyli aprelin 23-də Qusar rayonuna səfər edib. Qonaq səfər çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovla görüşüb və bu rayondakı səhiyyə müəssisəsinə baş çəkib. Yəni cənab səfir dost kimi bizim uğurlarımıza sevinir, yeni əməkdaşlıq sahələrinin tapılmasına təşəbbüs göstərir.
“Bizim. media”dan götürdüyüm ikinci xəbər və foto isə Cənubi Qafqazda suların durulmasına imkan vermək istəməyən qüvvələrin əməli barədədir: “Avropanın monitorinq missiyası casus kimi sərhədlərimizdə dayanır” adlı xəbərdə vurğulanır ki, Ermənistana gətirilən məhvedici silahlar əslində bizə qarşı yönəlir. Bəlkə də onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir.
Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışına istinad edən sayt yazır ki, Avropanın monitorinq missiyasının nümayəndələri gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər: “Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında.”
Yəni çoxsaylı beynəlxalq problemlərlə üzləşdiyimiz yeni zaman təkcə siyasətçi və diplomatlardan deyil, hamıdan, deməli həm də mətbuat təmsilçilərindən ayıq olmağı, dostu, bədxahı lazımınca qiymətləndirməyi tələb edir. Məmnunuq ki, bu vəzifənin öhdəsindən peşəkarlıqla gələn həmkarlarımız çoxdur.
İttifaq MİRZƏBƏYLİ
