Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın Zəfəri ilə bitən İkinci Qarabağ savaşının başlanmasından düz bir il ötür

    Azərbaycanın Zəfəri ilə bitən İkinci Qarabağ savaşının  başlanmasından düz bir il ötür Rəşad Haqverdiyev,
    Quba Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin
    xüsusi notariusu

    Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk Qrupu 29 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı. İllər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Həm işğalçıya, həm də işğala məruz qalan tərəfə eyni münasibət bəslənilməsi, beynəlxalq qətnamələrin icra olunmaması bu təşkilatların məsələlərə ikili standartlardan yanaşmasından xəbər verirdi. Azərbaycan isə əksinə, həmişə məsuliyyətli ölkə olaraq daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı. Bütün bu illər ərzində BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Lakin Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyəti dövründə daim xalqımızın maraqlarından çıxış edərək bir addım belə geri çəkilmədi. 44 günlük Vətən müharibəsində qazanılan qələbə beynəlxalq təşkilatların münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq səylərini fiaskoya uğratdı.
    Hələ 2016-cı ilin Aprel döyüşlərindən sonra Azərbaycan cəmiyyətində birmənalı olaraq əminlik yarandı ki, torpaqlarımızı hərbi yolla azad etməyə ordumuz tam hazırdır. Amma bu, heç də asanlıqla başa gəlməmişdi.
    Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu prosesini uğurla davam etdirən Prezident İlham Əliyev üçün hər zaman bu məsələ bir nömrəli prioritet olaraq qalırdı. İlbəil dövlət büdcəsi qəbul edilərkən Silahlı Qüvvələr üçün ayrılan vəsaitin həcmi daha da artırılırdı. Azərbaycan Ordusunun modernləşməsi istiqamətində çox uğurlu addımlar atılırdı. Bunların nəticəsində ordumuzun maddi-texniki təminatı, döyüş əzmi ən yüksək səviyyəyə çatdırıldı. Vacib olan ən müasir silah-sursat, texnika alındı. Digər yandan, ölkəmizdə bir çox hərbi təyinatlı məhsullar istehsal olunmağa başlandı. Hərbi təlimlər, hazırlıqlar şəxsi heyətin döyüş qabiliyyətini daha da möhkəmləndirdi.
    2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri isə İkinci Qarabağ müharibəsinin başlanmasını şərtləndirən qığılcım oldu. Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin illərlə gözlədiyi əmri verdi. Ordumuz əks həmlə hücumla Qarabağın azadlığı uğrunda Vətən müharibəsinə başladı.
    Ölkəmizdə Prezident-Xalq-Ordu birliyi vahid dəmir yumruqda birləşdi və igid oğullarımızın şücaəti, rəşadəti Azərbaycanı şanlı qələbəyə apardı.
    2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan qısa dövr ərzində həm döyüş meydanında, həm arxa cəbhədə, həm diplomatiya müstəvisində, həm də informasiya məkanında Azərbaycanı qələbəyə aparan mübarizənin şahidi olduq. Ali Baş Komandanın dünya liderləri ilə danışıqları zamanı, xarici media nümayəndələrinə verilən müsahibələrdə prinsipial mövqeyi qələbəyə gedən yolda ordumuza stimul oldu. İlham Əliyevin dönməz iradəsi Azərbaycan əsgərinin döyüş ruhunu artırdı, qələbə inamını daha da gücləndirdi.
    Məhz İlham Əliyevin əsl Sərkərdə qətiyyəti ilə Qarabağı sürətlə düşməndən təmizləyən müzəffər ordumuz Cocuq Mərcanlıdan başlanan Zərəf yolunda inamla irəliləyərək Şuşanı fəth etdi və 30 illik işğala son qoyuldu.
    İlham Əliyev Şuşaya qalib Komandan kimi ayaq basdı və dünyaya mesaj verdi ki, beynəlxalq təşkilatların illərlə həll edə bilmədikləri məsələni Azərbaycan öz gücünə cəmi 44 günə bitirdi, işğalçı, terrorçu qruplaşmalar Azərbaycan torpaqlarından qovuldu.
    Ordumuzun həyata keçirdiyi döyüş taktikası Azərbaycanın hərbi qüdrətini bir daha nümayiş etdirdi. Ali Baş Komandan isə bu müharibəni “XXI əsrin yeni savaşı” adlandırdı. Rəşadətli ordumuzun yeni müharibə modeli, yəni aparılan əməliyyatlar və savaşın nəticəsi hələ də dünyanın hərbi analitikləri tərəfindən müzakirə olunmaqdadır. Bəzi mütəxəssislərin “smart müharibə” adlandırdıqları bu savaşda çox düzgün hesablama və konkret şərait üçün unikal bir strategiya tətbiq edilib. Pilotsuz uçuş aparatları isə yeni müharibə formatının bünövrəsini qoyub. Ordumuzun həyata keçirdiyi müasir döyüş taktikası dünya hərb praktikasında yeni nəsil savaşı kimi dəyərləndirilir.
    Artıq İkinci Qarabağ savaşının başlanmasından düz bir il ötür. 44 günlük zəfər yürüşü ilə ərazi bütövlüyümüzün təmin olunduğu həmin dövr tarix kitablarında qeyd ediləcək, gələcək nəsillərə nümunə göstəriləcək. Üstündən qaçqın və məcburi köçkün adı götürülən, artıq bu il öz rayonlarının işğal günlərini kədərlə qeyd etməyən soydaşları¬mız azad dədə-baba yurdlarına qa¬yıtmağa hazırlaşırlar. İndi işğaldan azad edilmiş ərazilərdə genişmiq¬yaslı bərpa-quruculuq işləri görülür. Həsrətin sona çatmasına az qalıb. Azəbaycan kənardan heç bir kömək almadan Qarabağın əvvəlki həyatını özünə qaytarmaqdadır. Şuşada Türkiyə–Azərbaycan Birgə Bəyannaməsi imzalanıb. “Xarıbül-bül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib. Ötən həftə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festi¬valı böyük uğurla davam edib.
    Azərbaycan xalqını qarşıda hələ nə qədər belə unudulmaz, gözəl hadisələr, el bayramları gözləyir. Bütün bunların özəyində, məhvərində isə, heç şübhəsiz, ötən ilin 27 sentyabr günü başlanan Vətən müharibəsinin gətirdiyi tarixi zəfər dayanır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ