“Əziz Şuşa, 29 ildən sonra 8 mayı azad qarşılayırsan”. Bu fikri Prezident İlham Əliyev mayın 12-13-də Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada, Cıdır düzündə keçirilən möhtəşəm “Xarıbülbül” musiqi festivalının açılışı zamanı bildirmişdir. Azərbaycanın qədim şəhəri olan Şuşa 29 ildən sonra ilk dəfədir may ayının 8-ni azad şəkildə qarşılayır. Uzun illər 8 may tarixini Şuşa şəhərinin işğal günü kimi qeyd edən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun gücü sayəsində ilk dəfə olaraq bu günü sevinclə qeyd edir”. Bu fikri Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Məşhur Məmmədov bildirib.“Bu danılmaz həqiqəti bir daha bütün dünyaya nümayiş etdirmiş oldu. Və həqiqətən də 12 may tarixi artıq ölkəmiz üçün əlamətdar bir gün oldu. Uzun fasilədən sonra – düz 29 ildən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirildi. Bu hadisəni əlamətdar edən daha bir önəmli məqam da budur ki, uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı Vətən müharibəsində bizə Qələbəni öz canları bahasına qazandıran qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu. Ali Baş Komandanımızın da dediyi kimi, biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Məhz xalqımızın birliyi və həmrəyliyi sayəsində Azərbaycan bu möhtəşəm Qələbəni qazandı. Şuşanın azad edilməsindən dərhal sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyev bəyan etmişdi ki, bu şəhərdə işğala qədər keçirilən ənənəvi “Xarıbülbül” musiqi festivalı bərpa ediləcək və belə də oldu. Artıq bundan sonra bu möhtəşəm musiqi bayramı Şuşada hər il keçiriləcək. “Xarıbülbül” festivalının diqqətəlayiq cəhətlərindən biri də budur ki, bu festival Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrini əhatə edir, musiqi mədəniyyətlərinin nümunələrini özündə əks etdirir. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyyəsi ilə festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış ediblər. Öz çıxışında dövlət başçısı xüsusi olaraq vurğulamışdır ki, Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların öz payı vardır. Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin nəticəsi olaraq ölkəmizdə bütün xalqlar, millətlər dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, Azərbaycanda mövcud olan milli birlik ən yüksək səviyyədədir və sarsılmazdır”.
Millət vəkili bildirib ki, ölkənin mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin işğal günü 28 il xalqımız tərəfindən ürək ağrısı ilə qeyd edilməsinə baxmayaraq, daima qəlbimizdə yaşatdığımız Şuşanın bir gün azad olunacağı ümidinin itməməsindən irəli gələn, Ulu Öndərimizin bu ümidi yalnız “Dəmir yumruq» siyasətinin müəllifi Prezident İlham Əliyev cənablarına inamının nəticəsi idi ki, bu gün, son 17 ildə verilən vədlər, ümidlər yerinə yetirildi: “Bu gün bütün ümidlər, vədlər doğrulub. Bu xalqın öz liderinə inamı idi ki, bu gün də, bir sözlə heç bir zaman itməyən inamdır. Xalqın Şuşanın azad olunacağına inamı məhz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin dəfələrlə çıxışları və müsahibələri zamanı verdiyi vədlərlə daha da artıb. Elə bu inamla verilən vədlərin gerçəkləşməsi nəticəsində Şuşa öz azadlığına qovuşub. Dövlət başçımızın dediyi kimi: “Əziz Şuşa, sənə azadlıq yaraşır...”.
M.Məmmədov onu da vurğulayıb ki, Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib: “Prezident İlham Əliyevin mayın 7-də imzaladığı sərəncama əsasən, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Mayın 12-də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçirilib. Prezident İlham Əliyev “Xarıbülbül” musiqi festivalının açılışında çıxışı zamanı deyib ki, bugünkü tədbir bir daha onu göstərir ki, biz Şuşaya qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq. 32-33 ildən sonra yenə Şuşamız, göz bəbəyimiz, nazlı dilbərimiz ev sahibliyi etdi musiqi festivalına, “Xarıbülbül” festivalına, yenidən öz “Xarı”na, öz “Bülbülü”nə qovuşdu”.
Dövlətimizin başçısı çıxışı zamanı bildirdi ki, 44 günün hər bir günü qəhrəmanlıq dastanı idi, hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik: «44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək və biz birləşib bu Qələbəni şərtləndirdik. 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın – alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi”.
“Bəli, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Şuşa vəsiyyətini reallaşdırdı. Heydər Əliyevin vəsiyyəti Dağlıq Qarabağın, Şuşanın yenidən əzəli sahibinə qaytarılması olmuşdu ki, bu tarixi missiyanı onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il uğurla həyata keçirdi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şəhidlər Xiyabanından xalqa müraciətində Şuşanın azad olunması müjdəsini verərək Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyini qürurla qeyd etdi: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.
"Bir sözlə, ermənilər nə qədər çalışsalar da, evlərimizi, məscidlərimizi dağıtsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Şuşa 30 ilə yaxın əsarətdə qaldı, lakin əyilmədi, sınmadı, öz ləyaqətini və milli ruhunu qoruyub saxlaya bildi. “Xarıbülbül” festivalı bir daha onu göstərir ki, biz Şuşaya birdəfəlik qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq. Və bu gün hər bir azərbaycanlı dərk edir ki, bu ideyalar yaşayır və bizi xəyallarımızda yaşatdığımız demokratik, qüdrətli Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında hələ çox uğurlar gözləyir",- deyə millət vəkili M.Məmmədov bildirib.
