Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı, millət vəkili Mircəlil Qasımlı deyib. Deputat bildirib ki,
Azərbaycan dilinin dövlət dili statusunun möhkəmləndirilməsi və onun inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır:
"Sovet dövründə milli dillərə qarşı müxtəlif məhdudiyyətlərin mövcud olduğu bir şəraitdə Ulu Öndər Azərbaycan dilinin qorunması və dövlət səviyyəsində mövqeyinin gücləndirilməsi üçün ardıcıl və qətiyyətli mübarizə aparıb.
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Ümummilli Liderin böyük siyasi iradəsinin nəticəsi idi. Məhz həmin dövrdə bütün təzyiqlərə baxmayaraq, ana dilimizin hüquqi statusu qorundu və gələcək müstəqilliyimizin mühüm ideoloji əsaslarından biri yaradıldı.
Müstəqillik illərində də Azərbaycan dilinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. 1995-ci ildə qəbul edilmiş Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi, dilimizin tətbiqi, qorunması və inkişafı ilə bağlı mühüm qanunvericilik aktlarının qəbul olunması bu sahədə möhkəm hüquqi baza formalaşdırıb."
Mircəlil Qasımlı əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilməsi ana dilimizə göstərilən yüksək diqqətin bariz nümunəsidir. Latın qrafikalı Azərbaycan əlifbasına keçidin təmin olunması da dilimizin müasir inkişafı və beynəlxalq informasiya məkanına inteqrasiyası baxımından mühüm tarixi hadisədir:
"Bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan Milli Ensiklopediyasının nəşri, dilin qloballaşma şəraitində qorunması, elektron məkanda istifadəsinin genişləndirilməsi və dövlət dilindən istifadənin təkmilləşdirilməsi ilə bağlı qəbul edilən qərarlar ana dilimizin inkişafına xidmət edir.
Azərbaycan dili dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını birləşdirən əsas mənəvi bağdır. Dilimizin saflığının qorunması, yad təsirlərdən müdafiə olunması, düzgün və səlis istifadəsi təkcə dövlət qurumlarının deyil, hər bir vətəndaşın məsuliyyətidir. Xüsusilə televiziya, mətbuat, sosial media və digər ictimai platformalarda ədəbi dil normalarına riayət olunması mühüm əhəmiyyət daşıyır.
Ana dilimiz dövlət müstəqilliyimizin əsas atributlarından biri, milli birliyimizin və mənəvi bütövlüyümüzün rəmzidir. Azərbaycan dilini qorumaq, zənginləşdirmək və gələcək nəsillərə bütün saflığı ilə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.
1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə xalqımızı təbrik edir, doğma dilimizin daim inkişaf etməsini və dünya dilləri arasında öz layiqli mövqeyini daha da möhkəmləndirməsini arzulayıram."- Mircəlil Qasımlı deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
