Sizin reklam burada
Sizin reklam burada
  • Parlaq bir ömür yolu - Səməd Vurğun

    Aynur Babayeva,
    Milli Azərbaycan Tarixi Muzeyinin baş mütəxəssisi

    Bu il Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun anadan olmasından 120 il ötür.

    El bilir ki, sən mənimsən,
    Yurdum, yuvam, məskənimsən,
    Anam, doğma vətənimsən!
    Ayrılarmı könül candan?
    Azərbaycan, Azərbaycan!..

    Bu misraların müəllifini Azərbaycanda yəqin ki, tanımayan yoxdur.
    Bu məşhur misralar xalq şairi Səməd Vurğunun təxminən 82 il bundan əvvəl yazdığı “Azərbaycan” seirindəndir.
    Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2026-cı ildə Azərbaycanın xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.
    Kim olub Səməd Vurğun? Azərbaycanın ilk Xalq şairi, Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan Elmlər Akademiyasının akademiki, Akademiyanın vitse-prezidenti, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri. Bunların hər biri öz dövrü üçün olduqca böyük ad, yüksək vəzifə və qiymətli mükafat idi.
    Səməd Vurğun (Vəkilov) 1906-cı il martın 21-də Qazax qəzasının Yuxarı Salahlı kəndində dünyaya göz açmışdır. Uşaqlıq illərini doğma kəndində keçirən Səməd ibtidai təhsilini rus-tatar məktəbində alıb. O, Qazax Müəllimlər Seminariyasını və Moskva Universitetinin ədəbiyyat fakültəsini bitirmişdi. Səməd Vurğun 1924-cü ildə seminariyanı bitirdikdən sonra Qazax, Quba və Gəncədə müəllim işləmişdi.
    1956-cı ilin martında Səməd Vurğunun 50 illik yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində "Azərbaycanın xalq şairi" adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-cı ildə o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmiş və 1954-cü ildə o, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilir.
    Səməd Vurğunun yaradiciliğinin ən məhsuldar dövrü 1930-1940-cı illər hesab olunur.
    1935-ci ildə 7 poema və 100-dək şeir yazıb. Ən məşhur şeirləri: “Azərbaycan”, “Ceyran”, “Dağlar” və s., məşhur poemaları: “Talıstan”, “Muğan”, “Aygün” olmuşdur. Poemalarının motivləri əsasında “Yeddi oğul istərəm” və “Aygün” filmləri çəkilib.
    Ümumilli lider Heydər Əliyevdən müsahibə alarkən ən çox sevdiyiniz şer hansıdır soruşduqda, o düşünmədən Səməd Vurğunun “Azərbaycan” şeri demişdir.
    Məşhur ürək həkimi Cavad Heyətin bir xatirəsi: “Vəfatından bir qədər əvvəl Şəhriyarla görüşümüzdə ondan soruşdum ki, Şimal şairlərindən hansını üstün sayırsınız? Bir az düşündü və dedi Səməd Vurğunu”. Səməd Vurğun, Azərbaycan ədəbiyyatının inkişafında əvəzsiz rol oynayan bir simadır. Onun əsərləri, yalnız bir dövrün deyil, bütün nəsillərin mənəvi qidasıdır. Vurğunun yaradıcılığı, Azərbaycan poeziyasının ən yüksək zirvələrindən biri sayılır və onun əsərləri bu gün də xalq arasında sevilir, oxunur.
    Şairin övladları da atalarının yolunu davam etdirmiş və ədəbiyyat sahəsində böyük uğurlara imza atmışlar. Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə oğlu Yusif Səmədoğlu Azərbaycanın xalq yazıçısı, Vaqif Səmədoğlu Azərbaycanın xalq şairi, qızı Aybəniz Vəkilova isə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
    Şairin adı ölümündən sonra müxtəlif yerlərdə əbədiləşmişdir. Bakıda şairin möhtəşəm heykəli ucaldılmış, meydana və mərkəzi küçələrdən birinə şairin adı verilmişdir. Bundan başqa, Azərbaycan Rus Dram Teatrı, neft tankeri də Səməd Vurğunun adını daşıyır. Hal-hazırda Bakıda Şairin ev muzeyi fəaliyyət göstərir.
    1956-cı il mayın 27-də böyük şair gözlərini həyata əbədi yumur. Onun Məzarı Fəxri xiyabanda yerləşir.
    Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları Fondunda Xalq şairi Səməd Vurğuna aid materiallar və şəxsi əşyalar qorunub mühafizə olunur. Bunlardan şairin kolleksiyasında müxtəlif vaxtlarda çəkilmiş fotoları, təbrik teleqramları, onun özünəməxsus araxçın, daş külqabı, xalq şairinin anadan olmasının 50 illiyi münasibətilə hazırlanmış vaza və başqa materiallar yer alır. Vazanın üzərində S.Vurğunun portreti, şeirindən bir parca, əsərlərinin adları və şairin tarixi qeyd olunmuşdur.
    S.Vurğunun materialları şairin qızı Aybəniz Vəkilova tərəfindən 1968-ci ildə Muzeyə təqdim edilmişdir.








    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ