Sizin reklam burada
Sizin reklam burada
  • Tovuz Xeyriyyə Cəmiyyətindən şəhid xatirəsinə ehtiram

    Tovuz Xeyriyyə Cəmiyyəti Vətən müharibəsi iştirakçısı, Dövlət Sərhəd Xidmətinin zabiti, şəhid Nəsibov Elməddin Süleyman oğlunun əziz xatirəsini dərin ehtiramla yad edir.

    "Atributinfo.az" məlumat verir ki, Tovuzda boya-başa çatan Elməddin Nəsibov ömrünü Vətənə xidmətə həsr etmiş, İkinci Qarabağ müharibəsində Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmişdir. O, 16 iyun 2021-ci ildə Laçın rayonunun Cicimli kəndində hərbi tapşırığı yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmışdır.
    Dövlətimiz tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, eləcə də "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunan Elməddin Nəsibovun adı xalqımızın qəhrəmanlıq salnaməsində daim yaşayacaqdır.
    Şəhid baş leytenant Elməddin Nəsibovun xatirəsinin yaşadılması istiqamətində də mühüm addımlar atılmışdır. Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini Çingiz Abbasovun dəstəyi ilə yazıçı İradə Aytel tərəfindən baş leytenant Elməddin Nəsibovun şərəfli ömür və döyüş yoluna həsr olunmuş sənədli roman qələmə alınmış, haqqında sənədli film çəkilmişdir. Bu əsər qəhrəman zabitin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması, vətənpərvərlik ruhunun təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
    Tovuz Xeyriyyə Cəmiyyəti olaraq şəhidimizin əziz xatirəsi qarşısında baş əyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət diləyirik.

    Ruhu şad olsun! Vətən sağ olsun!

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ