Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixində şərəfli yer tutmuş böyük şəxsiyyətlərdən biri də Cövdət Hacıyevdir. Onun milli və dünya musiqi sənəti ənənələrini novatorcasına vəhdətdə birləşdirən yaradıcılığı insanın mənəvi gözəlliyini tərənnüm etməklə yanaşı, yüksək vətəndaşlıq qayəsi və dərin estetik məzmunu ilə seçilir.
Azərbaycan simfonik musiqisinin banilərindən olan Cövdət Hacıyevin zəngin irsində kamera-instrumental əsərlər, fortepiano kompozisiyaları və dövrün aktual problemlərini lirik-dramatik tərzdə əks etdirən “Sülh uğrunda” simfonik poeması xüsusi yer tutur. Yaradıcılıq uğurlarının təməli hələ tələbəlik illərində qoyulan bəstəkar, o dövrdə özünün ilk böyük əsəri olan birhissəli “Simfoniya”nı, iki simfonik poemanı və “Azərbaycan süitası”nı bəstələyib. Sənətkarın 1945-ci ildə Qara Qarayevlə müştərək qələmə aldığı məşhur “Vətən” operası isə musiqi mədəniyyətimizin zirvələrindən biri olmaqla yanaşı, SSRİ Dövlət mükafatına layiq görülüb.
Bəstəkar, ümumilikdə, səkkiz simfoniya müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. O, bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə edib. Cövdət Hacıyev, həmçinin simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifidir.
Cövdət Hacıyevin “Zirvələrə” adlanan altıncı və “Şəhidlər” adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. "Şəhidlər" simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub. “Onu zaman seçib” adlı səkkizinci simfoniyası Ulu Öndər Heydər Əliyevə həsr olunub.
Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərib. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olub.
Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilib. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülüb, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.
Cövdət Hacıyev 2002-ci il yanvarın 18-də ömrünün 85-ci ilində vəfat edib.
