Bu fikirləri Azərbaycan Milli Xalça Muzeyində açılan “Xatirələrin sapları” sərgisində Finlandiyanın Cənubi Qafqaz üzrə səfiri Kirsti Narinen bildirib.
Onun sözlərinə görə, ekspozisiya Azərbaycanda bu formatda təşkil olunan ilk müasir Finlandiya tekstil sənəti sərgisi olub. Burada finlandiyalı rəssamlar Elina Yuoperi və Henna Ahonun əsərləri nümayiş etdirilir. Həmin əsərləri yaddaşın qorunması, nəsillər arasında varislik və Finlandiya ilə Azərbaycanın tekstil ənənələri arasındakı bağlılıq kimi ümumi konsepsiya birləşdirir.
Səfir qeyd edib ki, ekspozisiyaya ənənəvi Finlandiya tekstil məmulatlarının nümayiş olunduğu ev guşəsi də daxil edilib. Bu məmulatların bir çoxu onun özü, dostları və qohumları tərəfindən hazırlanıb. Bu isə sənətkarlıq ənənələrinin qorunub saxlanılmasının və nəsildən-nəslə ötürülməsinin hər bir ölkə üçün nə qədər vacib olduğunu göstərməyə imkan verir.
Diplomat, həmçinin vurğulayıb ki, sərginin keçirilməsi üçün məkan kimi Azərbaycan Milli Xalça Muzeyinin seçilməsi təsadüfi olmayıb. Çünki muzey zəngin tekstil irsinin simvoludur və belə mədəni layihələr üçün dəyərli və layiqli mühit yaradır.
