Sizin reklam burada
Sizin reklam burada
  • AZƏRBAYCAN ŞƏRQŞÜNASLIĞININ BAYRAMI! ƏN GÖZƏL ANA, ƏN GÖZƏL NƏNƏ, ƏN GÖZƏL USTAD! ƏSMƏTXANIM MƏMMƏDOVA!

    Bakı Dövlət Universitetində müasir Azərbaycan şərqşünaslığının görkəmli nümayəndəsi Asmatxanum Mamadovanın 85 illik yubileyinə həsr olunmuş respublika konfransının adı “Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi” adlandırılsa da, akademik, hörmətli Rafael Huseynov müəllimimiz haqlı olaraq bu ali konfransı əziz müəlliməsi Əsmətxanım Məmmədovanın simasında müasir Azərbaycan şərqşünaslığının bayramı adlandırdı.
    Bakı Dövlət Universitetinin rektoru, hörmətli Elçin Babayevin xüsusi diqqət və qayğısı ilə ərsəyə gələn konfransda müasir Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələri, alimlər, millət vəkilləri, komitə sədrləri,tələbələr iştirak edirdilər! Hətta xaricdən onlayn çıxış edib, məqalələr yollayan alimlərin,tədqiqatçıların iştirakına görə bu unudulmaz elm bayramına Beynəlxalq Elmi Konfrans da demək olardı!
    Əlbəttə ki, bütün bunlar əzizimiz,çox hörmətli müdrik müəlliməmiz,ustadımız Əsmətxanım Məmmədovanın yaşadığı 85 illik ömür sərmayəsinin miqyasını nümayiş etdirir!
    Yüksək təşkilatçılığa görə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı dəyərli Aydan Xəndan xanım başda olmaqla fakültənin bütün professor-müəllim heyətinə, Əsmətxanım müəllimənin övladlarına, nəvələrinə, tələbələrinə dərin minnətdarlığımızı bildiririk!
    Əsmətxanım müəllimənin həyatına, böyük yaradıcılıq yoluna həsr olunmuş bu konfransa həm "Azərbaycan nizamişünaslığında Əsmətxanım Məmmədovanın yeri-Əsmətxanım Məmmədovanın nizamişünaslıq fəaliyyəti" adlı elmi məqalə, həm də redaktoru akademik Rafael Hüseynov, tərtibçiləri Fidan Nəsirova və Fəridə Seyidova olan 534 səhifəlik "Zaman ölçülərinə sığmayan şərəfli ömür" adlı fundamental kitaba "Ən gözəl ana, ən gözəl nənə,ən gözəl ustad" adlı esse göndərmişdim.
    Əziz, xeyirxah Əsmətxanım müəllimə haqqında yazdığım və artıq çap edilən essemi Sizlərlə də bölüşürəm!

    ƏN GÖZƏL ANA, ƏN GÖZƏL NƏNƏ, ƏN GÖZƏL USTAD!
    Əsmətxanım Məmmədova...
    Bu ad sadəcə bir insanın adı deyil. Bu ad bir ömrün hikmətidir, bir qəlbin mərhəmətidir, bir ruhun ucalığıdır. Onu tanıyan hər kəs üçün bu ad elmli bir alimdən daha artıq məna daşıyır , qayğıkeş bir ustad, müdrik bir müəllimə, böyük bir ana kimi qəlblərdə yaşayır və yaşamaqdadır.
    Onun simasında, onun xarakterində ilk baxışdan bir xalqın yaddaşı görünür. Sanki Azərbaycan xalqının əsrlər boyu ədəbiyyatına, mədəniyyətinə, tarixinə bəxş etdiyi o böyük Azərbaycan xanımlarının, analarının müqəddəs missiyası bu gün də onun varlığında davam edir. O, sadəcə bir fərd deyil ,bir ənənənin, bir mənəvi xəzinənin daşıyıcısıdır.
    O, ən gözəl anadır.
    O, ən gözəl nənədir.
    Və o, ən gözəl ustaddır...
    Əsmətxanım müəllimənin həyatının ən ali şüarı insanlara əl tutmaqdır. İmkansızlara dayaq olmaq, qəlblərə toxunmaq, dua ilə yaşamaq — onun varlığının təbii axınıdır. Bu, öyrənilmiş bir davranış deyil, onun ruhunun öz səsidir.
    Biz ondan təkcə elm öyrənmirik. Biz ondan yaşamağı öyrənirik. Milli-mənəvi dəyərlərə sədaqəti, dövlətinə və dövlətçiliyinə sonsuz bağlılığı, insanlara qarşı bitməyən sevgisi onun hər sözündə, hər baxışında hiss olunur. O, öyrətmir sadəcə, yaşadır, hiss etdirir, ruhlara hopdurur.
    Bu gün də onunla hər görüş, ünsiyyət, hətta telefon danışığı bir məktəbdir. İnsan bilir ki, onun öz qayğıları az deyil. Amma o, yenə də özünü unudub səni düşünür, səni soruşur, sənin üçün dua edir. Təkcə səni yox , bütün tanıdıqlarını, bütün insanları düşünür. Onun qəlbi sərhəd tanımır.
    Əsmətxanım müəllimənin sahib olduğu elm, yüksək mədəniyyət, diqqət və mərhəmət yalnız auditoriya divarları ilə məhdudlaşmır. Bu keyfiyyətlər onun həyatının bütün sahələrində özünü göstərir. O, istər alim kimi, istər müəllim kimi, istərsə də Azərbaycan Parlamentində millət vəkili olaraq fəaliyyət göstərdiyi dövrlərdə eyni həssaslığı, eyni qayğını, eyni insani istiliyi qorumuşdur və qorumaqdadır. İnsanlar onun yanında yalnız dinlənildiklərini yox, anlaşıldıqlarını hiss edirlər.
    O, ən gözəl ustaddır...
    Çünki onun yetirmələri bu gün Azərbaycanın daxilində və onun hüdudlarından kənarda ölkəmizi ləyaqətlə təmsil edir, elmə, mədəniyyətə, dövlətçiliyə xidmət edirlər. Onun yetişdirdiyi insanlar sadəcə mütəxəssis deyil , dəyər daşıyıcılarıdır.
    O, ən gözəl anadır...
    Çünki övladlarına yalnız ana sevgisi vermir, onları elmli, düşüncəli, dövlətinə sədaqətli, kökünə bağlı insanlar kimi böyüdür. Onun ailəsində tərbiyə yalnız sözlə deyil, həyatın özü ilə verilir.
    O, ən gözəl nənədir...
    Çünki onun nəvələri bu gün onun yolunu davam etdirərək milli-mənəvi dəyərlərimizi öz xarakterlərində, öz ruhlarında yaşadır, Azərbaycanın adını həm ölkə daxilində, həm də xaricdə ucaldırlar. Bu, bir nəslin deyil, bir ruhun davamıdır.
    Onun elmi və mənəvi nüfuzu yalnız bir məkanla məhdudlaşmır. Əsmətxanım müəllimənin adı həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda keçirilən elmi konfranslarda ehtiramla çəkilir. Onu Türk dünyası da, müsəlman aləminin ciddi tədqiqatçıları da tanıyır və dərin hörmət bəsləyirlər. Çünki o, elmi yalnız bilik kimi yox, mənəviyyatla birləşdirərək təqdim edir.Bəli, O ən böyük mənəviyyat adamıdır.
    Onun üçün Bakı Dövlət Universiteti sadəcə bir iş yeri deyil. Bu məkan onun elmi taleyinin başlanğıcı, ruhunun bağlandığı bir ocaqdır. Bu universitet onun ilk ali təhsil aldığı müqəddəs məkandır və bu bağlılıq sözlə ifadə olunmayacaq qədər dərindir. Bu, sədaqətin, minnətdarlığın və ömürlük vəfanın səssiz ifadəsidir.
    Şərqşünaslıq onun əsas elm sahəsi olsa da, onun qəlbi daha genişdir. Azərbaycan ədəbiyyatının müxtəlif sahələrinə dair əsərləri onun çoxşaxəli elmi dünyasının sübutudur. Xüsusilə isə dahi Azərbayan şairi Şeyx Nizami Gəncəvi onun mənəvi dünyasında ayrı bir zirvədir. Onun Nizamiyə olan məhəbbəti sadəcə bir tədqiqatçının marağı deyil, bu, bir müridin sevgisinə bənzəyən dərin bir mənəvi bağlılıqdır.
    Gəncə- Nizami yurdu -onun üçün xüsusi bir müqəddəslik daşıyır. O, “Gəncə mənim evimdir, Nizami mənim şeyximdir” deyərkən, bu sözlər sadəcə bir ifadə deyil, bir mənəvi bağın etirafıdır.
    Heç vaxt unutmaram o anı...
    2025-ci ildə Gəncədə Şeyx Nizami Gəncəvi və unudulmaz nizamişünas alim Xəlil Yusifliyə həsr olunmuş beynəlxalq konfrans zamanı Şeyxin məqbərəsini ziyarət edərkən onun keçirdiyi hisləri, həmin andakı yaşantılarını daha dolğun anlatmaq, yazmaq üçün Əsmətxanım müəllimə olmaq lazımdır... O an Əsmətxanım müəllimə sanki bu dünyadan bir anlıq ayrıldı, ruhən başqa bir aləmə keçdi! Şeyxin hüzurunda titrəyən qəlbi ilə o, yalnız özü üçün yox, Azərbaycan üçün, xalqımız üçün, bütün dünya və bütün müsəlman aləmi üçün dua etdi.... Bu, sadəcə bir dua anı deyil. Bu, bir insanın mənəviyyatının zirvəyə çatdığı andır... Elə o an sanki zaman dayanır… və Nizaminin ruhundan süzülən misralar qəlbin dərinliyindən keçərək səssizcə eşidilir:
    Uzaqdan sən mənə göz yaşı töksən,
    Mən sənə parlaq nur saçaram göydən.
    Duadan bir dilək istəsən əgər,
    Mən amin deyərəm qəbula keçər.
    Salam ver hörmətlə, məndən salam al,
    Gəl qəbrim üstünə, edim istiqbal.
    Hər zaman diriyəm sənin kimi mən,
    Mən cana gələrəm, sən cana gəlsən.
    Bu yerdə sanma yar-yoldaşsız məni,
    Məni görməsən də, görürəm səni.
    Bu misralar o anın sükutunda bir həqiqətə çevrilir mənəviyyat yaşayan bir dəyərdir.
    Əsmətxanım Məmmədova bir ömür deyil, bir məktəbdir…
    Bir insan deyil, bir dəyərdir…Bir ad deyil, bir nurdur.
    Onu tanımaq isə sadəcə bir tanışlıq deyil…
    Bu, insanın ömrünə yazılan səssiz, amma ən qiymətli xoşbəxtliklərdən biridir…
    Canınız sağlam, ömrünüz uzun olsun, əziz Əsmətxanım müəlliməmiz!.

    Əlimuxtar Muxtarov
    AMEA Gəncə bölməsi,
    Nizami Gəncəvi Mərkəzinin direktoru












    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ