Sizin reklam burada
Sizin reklam burada
  • Dəyərli qızılgül həvəskarlarının nəzərinə!

    İbrahim Cəfərov
    AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor

    Son günlər bölgələrimizdə formalaşan hava şəraiti, xüsusilə yağmurlardan dərhal sonra havanın gündəlik orta temperaturunun bəzi yerlərdə 20-24C- çatması, nisbi rütubətin 70-75 % təşkil etməsi ilə bəzi mədəni və yabanı bitkilərdə, o cümlədən qızılgüllərdə unlu şeh xəstəliyinin kütləvi şəkildə əmələ gəlməsinə səbəb olmuşdur. Bu xəstəlik göbələk mənşəlidir, xəstəliyi Sphaerotheca pannosa f. rosae fitopatogen göbələyi törədir. Bitkinin yarpaq, zoğ, qönçələri unlu şehlə yoluxurlar. Yoluxan orqanların səthində ağ una bənzər örtük inkişaf edir. Bu örtük xəstəliyin yayılmasında bilavasitə iştirak edən konidi və konididaşıyanlardan ibarətdir. Xəstəliklə yoluxma bəzi cırtdan boylu qızılgüllərdə hələ erkən yazdan başlayır və havanın gündəlik orta temperaturu 32-34 C çatana qədər inkişaf edir. Bundan yuxarı temperaturda inkişaf dayanır, iyul- avqust aylarında xəstəlik törədici depressiya gedir, sentyabrda sərin havaların düşməsi ilə inkişaf bərpa olunur.
    Mübarizə tədbirləri:
    1. Qızılgül bitkisinin normal böyümə və inkişafını təmin edən aqrotexniki tədbirlər kompleksi həyata keçirilməli, damla suvarmadan istifadə edilməli, makro və mikro gübrələr kompleksi torpağın tələbatına uyğun təmin edilməli, budama aparılmalı, plantasiyada havalanma və s hərəkətlər yerinə yetirilməlidir.
    2. Payızın sonunda və ya yazın əvvəllərində bitki tumurcuqları oyanmamış 1-2 %- li bordo məhlulu ilə çiləmə aparılması plantasiyanı bəzi zərərverən orqanizmlərin qışlama formalarından xilas edə bilər.
    3. Vegetasiya dövrü xəstəliyin ilkin əlamətləri göründükdə topaz, skor, bayleton, tiovit djet preparatlarından biri ilə çiləmələr arası interval 12-14 gün olmaqla 2-3 çiləmə aparmaq olar. Yaxşı olar ki, sistem təsirli fungisidlərə qarşı əmələ gələ bilən rezistentlikdən qaçmaq üçün kontak ( tiovit djet), sistem ( skor, topaz, bayleton) növbələşdirilməklə tətbiq edilsin.
    4. Ev şəraitində və ya kiçik həyətyanı sahələrdə xalq təbabənə də müraciət etmək olar. Məsələn, 10-15 damcı yod bir litr südə qarışdırılır və 9 litr su əlavə etməklə işçi məhlul hazırlanır və çiləmə aparılır. Bu yolla 10 günlük intervalla 2-3 çiləmə aparıla bilər.
    Mətndə qoyulan foto şəkillər tərəfimdən bu gün çəkilmişdir.
    Məndən bu qədər, təki insanlarımız üçün faydalı olsun.







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ