Sizin reklam burada
Sizin reklam burada
  • Bakının tarixi-memarlıq abidəsi – Milli Azərbaycan Tarixi Muzeyi

    Aynur Babayeva,
    Milli Azərbaycan Tarixi Muzeyinin baş mütəxəssisi

    “Öz mədəni irsini qoruyub saxlaya bilməyən xalq nəyə qadir olduğunu heç vaxt sübut edə bilməz”
    Heydər Əliyev

    Prezident İlham Əliyevin 22 dekabr tarixində imzaladığı Sərəncama əsasən 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunmuşdur. Hal-hazırda ölkəmizdə baş tutan dünya əhəmiyyətli olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi mühüm önəm kəsb edir.
    Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, ölkədə tarixi-memarlıq abidələrinin qorunması, eləcə də şəhərsalma sahəsində işlərin, ölkə əhəmiyyətli yeni layihələrin həyata keçirilməsində bu sərəncam mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır.
    Tarix boyu Azərbaycanın müdafiə simvolu olmuş qalalar və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynayıb. Müasir dövrdə Azərbaycanda şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir.
    Bu gün, ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan tarixi abidələr - karvansaralar, məscid, məbəd, türbələr və müdafiə qalaları milli memarlığın parlaq ənənələrini əks etdirir.
    Belə tarixi abidələrdən biri də nadir sərvətlərimizdən olan şəhərin görkəmli yerində yerləşən neft milyonçusu, xeyriyyəçi H.Z.Tağıyevin sarayıdır. Hal-hazırda bu tarixi binada Milli Azərbaycan Tarixi Muzeyi və Hacı Zeynalabdin Tağıyevin ev muzeyi yerləşir. Bu saray dənizkənarında şəhərin mərkəzi küçəsində əzəmətini qoruyan tarixi-memarlıq abidəsi kimi Azərbaycanın şəhərsalma və memarlıq sənətinin inciləri sırasında layiqli yer tutan yadigarlardan biridir.
    Bu binanın hər divarı, hər otağı bir xəzinədir. Sirlərlə dolu sarayın daxilində Azərbaycanın milli mədəni irsi –sərvətləri yəni eksponatlar qorunur mühafizə olunur. Milli Azərbaycan Tarixi Muzeyi milli yaddaşımızın, mədəni irsimizin qorunduğu müqəddəs məkandır. Muzey hazırda ölkəmizin aparıcı mədəni-maarif, elmi-tədqiqat müəssisəsidir.
    Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış mülkü olmuşdur. Bakı şəhərinin baş memarı olmuş İosif Qoslavskinin (1895-1901) layihəsi əsasında inşa edilən Tağıyev sarayı Bakının ən gözəl binalarından, memarlıq incilərindən biridir. Bu möhtəşəm sarayı H.Z.Tağıyev ikinci həyat yoldaşı Sona xanıma toy hədiyyəsi olaraq tikdirmişdir. Nəhəng günbəzlərlə tamamlanan bu üç mərtəbəli tikili 101 otaqdan ibarətdir.
    Bina Şərqlə Qərbin sintezini təşkil edən ornamentlərlə bəzədilmişdir. Binanın iki möhtəşəm zallarından biri olan Avropa zalı Avropa memarlıq üslubuna məxsus xüsusi dizaynla işlənmiş, Şərq zalı isə özünün əzəməti, ornamentlərin təmtəraq və zərifliyi ilə fərqlənirdi.
    Tağıyev sarayının inşasında 270 nəfər mühəndis, memar, dülgər və başqa ustalar çalışmışdı. Sarayın daxilindəki bütün avadanlıq Rusiyadan, Fransadan, Amerikadan, Almaniyadan gətirilmişdi. Təkcə binanın tikintisinə 1,2 milyon rubl vəsait xərclənmişdi. Möhtəşəm Şərq zalının güzgüləri Venesiyadan gətizdirilmişdir.
    Aşağı mərtəbədə H.Z.Tağıyevin kontoru və bir sıra başqa otaqlar, ikinci mərtəbədə isə yaşayış otaqları, kabinet və zallar, eləcə də iki seyf otağı, təmizlik otaqları, mətbəx, hamam və s. yerləşirdi.
    Muzey 1919-cu ildə İstiqlal Muzeyi adı ilə fəaliyyətə başlamış və 1920-ci ildə ona Azərbaycan SSR Dövlət Muzeyi adı verilmişdir. Azərbaycan Dövlət Muzeyi tarixin ideologiyalaşdırıldığı dövrdə - 1936-cı ildə Azərbaycan Tarixi Muzeyinə çevrildi və 1956-cı ilin martında yeni ekspoziya ilə öz qapılarını tamaşaçıların üzünə açması ilə onun fəaliyyətində yeni səhifə açılmışdı.
    2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü ilə dünya standartları səviyyəsində təmir və bərpa olundu. Muzeyin 9 otağında ölkə Prezidentinin təşəbbüsü ilə Hacı Zeynalabdin Tağıyevin Xatirə muzeyi də fəaliyyət göstərməyə başladı.
    Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H.Z.Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. 9 zaldan ibarət olan Memorial muzey H.Z.Tağıyevin iş otağından başlayır. İş otağından Sultanlara məxsus sarayı xatırladan mötəşəm Şərq zalına giriş var. Zal qızılı çalarda Şərq ornamentləri ilə xüsusi dizaynla işlənmişdir. Zalın tavanına Quran ayələri həkk olunmuşdur. Bu yazı və zalın bəzəklərinə ümumilikdə 9 kiloqrama yaxın qızıl işlədilmişdir.
    Pəncərələrin bədənnüma şüşələrində H.Z.Tağıyevin ərəb hərfləri ilə adı və soyadı yazılmışdır. Zalın müxtəlif hissələrində rast gəlinən və müsəlman memarlığında geniş işlədilən altıgüşəli ulduz Süleyman peyğəmbərin üzüyünün qaşı formasındadır. İnanca görə, o, insanı pis nəzərdən qoruyur. Əcnəbilərin xüsusi marağına səbəb olan Hacının həyat yoldaşı Sona xanımın kiçik qonağı- Buduar isə öz gözəlliyi və orijinallığı ilə seçilir. Tavan fiqurlu güzgülü lövhəciklərdən quraşdırılmış, divarlar rəngarəng milli naxışlarla bəzədilmişdir. Otaq bəzən Güzgülü zal da adlandırılır.
    Milli Azərbaycan Tarixi Muzeyi 2008-ci il mayın 7-də öz yeni ekspozisiyasını ictimaiyyətə təqdim etmişdir. Muzeydə 300-mindən çox eksponat qorunub, mühafizə olunur və eləcə də, nümayiş etdirilir. Hal-hazırda Muzeydə 14 şöbə, 12 elmi fond, kitabxana və Bərpa laboratoriyası fəaliyyət göstərir.
    Muzey özünün kütləvi mədəni-maarif müəssisəsi kimi funksiyasını da layiqincə həyata keçirir. Son zamanlar gənclərlə, məktəblilərlə müxtəlif mövzularda mühazirələr, viktorinalar, müsabiqələr, kvestlər, milli bayramlara, əlamətdar hadisələrə həsr olunan kütləvi tədbirlər keçirilir.
    Qeyd edək ki, 2026-cı ildə Muzeyin 106 yaşı tamam olur. Bu gün ölkəmizin tarixi-mədəni irsinin və yaddaşının qoruyucusu olan Milli Azərbaycan Tarixi Muzeyi dövlətin qayğısı ilə ölkənin böyük əhəmiyyət daşıyan elmi-mədəni ocağı sayılır.

    Bakının tarixi-memarlıq abidəsi – Milli Azərbaycan Tarixi Muzeyi






















    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ