Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Rauf Hacıyev yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub. Adını mədəniyyət tariximizə böyük hərflərlə yazdırmış fitri istedad sahibinin əsərləri hələ çox yüzilliklər insanların mənəvi dünyasının zənginləşməsinə, zövqünün formalaşmasına xidmət edəcək.
Rauf Hacıyev musiqi istedadı erkən yaşlarından özünü büruzə verib. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəylinin mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini “Tarantella”, “Dağıstan”, “Ləzgihəngi” dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirib və ilyarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələyib. Onların arasında, xüsusilə “Samur”, “Mingəçevir”, “Gənclik marşı” ona şöhrət gətirib. İlk gənclik məhsulu olan bu əsərlərdən sonra mahnı janrı R.Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir. Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft Daşlarında”, “Ceyran” və sair mahnıları daha çox populyarlıq qazanır.
O, 15-ə qədər filmə musiqi yazıb və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur. Bunlardan “Əhməd haradadır”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Qara daşlar” və s. göstərə bilərik. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir.
Bəstəkar yeddi operetta yazıb və onlardan beşi məhz Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulub. Eyni zamanda, bu operettalar keçmiş SSRİ-nin mərkəz şəhərlərində uğurla öz səhnə təcəssümünü tapıb.
Operetta janrında çalışmaqla yanaşı R.Hacıyev musiqili teatrın başqa janrlarında da öz qələmini sınayıb.
1971-ci ildə R.Hacıyev xaricə işləməyə gedir. O, Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edib.
R.Hacıyev ötən əsrin 60-cı illərindən başlayaraq ictimai işlərdə də fəal çalışıb. O, 1964-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycanın mədəniyyət naziri təyin olunub. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Xor Kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılıb. Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilib.
Görkəmli bəstəkarımız Rauf Hacıyev 1995-ci il sentyabrın 19-da dünyasını dəyişsə də, onun musiqisi daim yaşayır və xalqımızın estetik baxımdan formalaşmasında, tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynayır.
