Sizin reklam burada
Sizin reklam burada
  • DİABET – BƏŞƏRİYYƏT ÜÇÜN QLOBAL TƏHLÜKƏ VƏ ONUN SOSİAL-TİBBİ ÖLÇÜLƏRİ

    Eldar İsmayıl oğlu Əsgərov (Şəkibəyov)

    4-CÜ HİSSƏ

    Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 saylı qərarı isə diabet xəstələrinə göstəriləcək illik tibbi yardımın həcmini, zəruri müayinələri və təminat standartlarını müəyyən edir. Qərara əsasən, insulinə ehtiyacı olan II tip diabet xəstələri endokrinoloq, okulist, nevropatoloq və kardioloq müayinələrindən keçməlidir, həmçinin ayda bir dəfə laborator analizlər və test-çubuqlarla özünənəzarət təmin olunmalıdır.
    Həmin siyahıya görə şəkərli diabet II tip insulinə ehtiyacı olan xəstələr ayda 1 dəfə endokrinoloqun, ildə 2 dəfə okulist və nevropatoloqun, ildə 1 dəfə isə kardioloqun konsultasiyasından keçməlidirlər. Həmin qərara əsasən bu xəstələr üçün ayda 1 dəfə qanda şəkəri təyin etməyə görə laborator və instrumental müayinələr nəzərdə tutulmuşdur. Bundan əlavə, qanda şəkəri təyin etmək üçün 1 qutuda 50 ədəd olmaqla ayda 1 qutu vizual test-çubuqlar nəzərdə tutulmuşdur. Bu qeyd edilənlər qərarda nəzərdə tutulmuş tədbirlərin bir qismidir.
    Müalicənin vaxtında aparılmaması diabetin ağırlaşmasına və ölüm hallarına səbəb olur.
    Mən özüm 10 ildən çoxdur ki, bu xəstəliklə mübarizə aparıram. Hazırki yazı isə nəzəri deyil, daha çox maarifləndirici xarakter daşıyır və qarşılaşdığım laqeydliyin və biganəliyin nəticəsində işıq üzü görür. Bu müddət ərzində qanunvericiliklə nəzərdə tutulan imtiyazların heç birindən yararlanmamışam, daha doğrusu bunları vaxtı ilə nə Səhiyyə Nazirliyi, nə də hazırda TƏBİB mənə təklif etməyib, halbuki bu onların birbaşa vəzifəsidir. Hələ bu azmış kimi mən “tam sağalmışam” adı ilə qeydiyyatdan çıxarılmaqla, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarında nəzərdə tutulan dərmanlardan da məhrum edilmişəm.
    Hazırda qanunvericilik səviyyəsində “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 iyun tarixli 143 nömrəli qərarı əsasında Səhiyyə Nazirliyi tərəfindən (hazırda bu vəzifələr TƏBİB tərəfindən həyata keçirilir) təsdiq olunan vətəndaşların elektron sağlamlıq kartı sistemi mövcuddur.
    Bu sistemin tətbiqi müvafiq elektron registrlərinin hazırlanması vasitəsilə vətəndaşların sağlamlıq vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və operativ şəkildə şəxslərin sağlamlığı barədə məlumat bankının yaradılmasını təmin edir. Belə bir tələb “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.3-cü maddəsinin, eyni zamanda “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın tələblərindən irəli gəlir.
    Şəkərli diabet xəstələrinin registri bütün ölkə üzrə şəkərli diabet xəstələrinin reyestrə daxil edildiyi andan onların müalicəsinin dinamikasına nəzarətin təmin edilməsi, fəsadların qarşısının alınması, keyfiyyətli xidmətlərin göstərilməsi, tendensiyaların qiymətləndirilməsi və tədqiqatların aparılması, səhiyyə xərclərinin hesablanması və onların proqnozlaşdırılması, şəkərli diabet dərmanlarının və tibbi məmulatların satınalma siyahısının həcminin planlaşdırılmasının mümkünlüyünü təmin etmək məqsədi ilə “şəkərli diabet” xəstəliyi kontekstində əhalinin sağlamlığının monitorinqi üçün nəzərdə tutulub.
    Bu günə qədər hər bir şəxs haqqında tibbi məlumatlar tibb müəssisələrində kağız üzərində və pərakəndə şəkildə idi. Amma TƏBİB tərəfindən tətbiq olunan sağlamlıq kartı sistemi şəxsi, tibbi və sığorta məlumatlarını özündə cəmləşdirən elektron informasiya sisteminin mövcud olmasına imkan verir. Sağlamlıq Kartı sisteminə daxil edilən məlumatlar TƏBİB-in İnformasiya sistemində cəmləşdirilir. Sağlamlıq Kartı sistemində olan məlumatlar (xəslətik tarixi, müayinə, müalicə, cari istifadə edilən dərman preparatları, peyvəndlər, gələcəkdə tibbi sığorta və s.) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır. Bu müasir standartlara uyğun informasiya sistemidir.
    Qanunun 5.2-ci maddəsi şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registri mövcud zamanda xəstələrin vəziyyəti barədə zəruri məlumat bankının yaranmasını təmin edir. Bu məlumatlarda xəstənin şəxsiyyəti, xəstəliyi barədə qısa məlumat və tibbi yardım haqqında göstərişlər qeyd olunur, hər bir xəstə üçün xüsusi kart doldurulur və bu kart ümumi məlumat bankına daxil edilir.
    Kartda olan informasiya xəstəxanaların qeydiyyat şöbələrində, laboratoriyalarda, yaxın gələcəkdə təcili tibbi yardım maşınlarında, apteklərdə və s. kompütürlərə qoşulmuş xüsusi qurğular vasitəsilə oxuna və dəyişdirilə bilər.
    Bu sistemin tətbiqi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 21 oktyabr tarixli 1055 nömrəli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.3.11-ci bəndinə əsasən həyata keçirilir.
    Təcrübədə nə baş verir? Yerlərdəki səhiyyə müəssisələrində pasiyentlər hələ də əllərində sovet dönəmində olduğu kimi kitabçalarla endokrinoloq həkimin qapısında növbə gözləyirlər. Bu növbə gözləmə bəzi hallarda az qala əlbəyaxa döyüşlərinə qədər gedib çıxır. Belə təsəvvür yaranır ki, dövlətin bu qədər qəbul etdiyi müasir tələblərə cavab verən normativ hüquqi aktlar ona əməl olunmasına deyil, dekorasiya xatirinə qəbul edilib və insan özünü ötən əsrin əvvəlində hiss edir.
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarına əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə Respublika Endokrinoloji Mərkəzi publik hüquqi şəxsin 7 avqust 2025-ci il tarixli 18-1-6/3-1-221/2025 nömrəli əmrinə əsasən 22 adda dərman vasitələri müəyyən edilmişdir.
    Təəssüf ki, siyahıdakı dərmanların çoxu qanda şəkəri effektiv şəkildə aşağı sala bilmir. Məs., “Yanumet”, “Synjardy” və bir sıra başqa təsirli dərmanı müalicə həkimindən xahiş etdikdə, onun bahalı dərman olduğundan bu siyahıda nəzərdə tutulmadığına işarə edir.
    Yaxud həmin qərarda qanda elementar olaraq şəkəri təyin etmək üçün 1 qutuda 50 ədəd olmaqla ayda 1 qutu vizual nəzərdə tutulmasına baxmayaraq bu test-çubuqları da əldə etmək hər şəkər xəstəsinə qismət olmur. Sual olunur, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər üçün nəzərdə tutulmuş dərmanların xəstənin səhhətinə müsbət təsir etməyəcəksə, dövlətin külli miqdarda vəsait xərclədiyi halda bu dərmanların dövlət tərəfindən alınmasına, külli miqdarda vəsait xərcləməsinə ehtiyac varmı?
    Maliyyə baxımından vəziyyət belədir: 2006-cı ildə diabet üzrə tədbirlərin maliyyə təminatına 6 milyon manat, 2007-ci ildə 12 milyon, 2008-ci ildə isə 19 milyon manat vəsait ayrılmışdır. 2021-ci ildə bu vəsait 45,4 milyon manat, 2022-ci ildə 48 milyon, 2023-cü ildə 52,8 milyon, 2024-cü ildə isə 58,3 milyon manat səviyyəsində vəsait ayrılmışdır. Qeyd olunan rəqəmlər kifayət qədər böyükdür və fikrimizcə, bu qədər vəsaitlə ölkədə olan şəkərli diabet xəstələrini təsirli dərman vasitələri ilə təmin etməyə dövlətimizin gücü və təsirli iradəsi çatır. Əfsuslar olsun ki, bu rəqəmlər diabetin tam profilaktikası, icmal müalicə xərcləri, yerli proqramların maliyyələşməsi daxil olmaqla tam detallığı ilə açıqlanmayıb.
    Diabetlə bağlı faktlar və rəqəmlər daha əvvəllər, 2023-cü ildə Azərbaycan qəzetinin 2023-cü il 18 aprel tarixli 80-ci sayında, “Вышка” qəzetinin isə 23 iyun və 7 iyul saylarında dərc olunmuşdur. Qəzet nüsxələri TƏBİB rəhbərliyinə göndərilsə də, bu günə qədər heç bir rəsmi cavab alınmamışdır. Bu, qurumun öz vəzifəsinə münasibətinin göstəricisidir. Ən azından TƏBİB belə bir arxivacib məsələyə öz münasibətini bildirməli idi.
    Ritorik bir sual ortaya çıxır: ümumiyyətlə görəsən şəkərli diabetin tam müalicəsi mümkündürmü?
    Ümumdünya Səhiyyə Təşkilatının 2023-cü il hesabatına, Beynəlxalq Diabet Federasiyasının məlumatlarına və Nature jurnalında dərc edilmiş son tədqiqatlara görə, şəkərli diabet təkcə qan şəkərinin yüksəlməsi ilə xarakterizə olunan xəstəlik deyil, çoxşaxəli metabolik sindromdur. II tip diabetdə əsas problem insulin müqavimətidir: toxumalar insulinə reaksiya vermir, qlükoza hüceyrələrə daxil olmur. Bu, genetik meyl, piylənmə, azhərəkətlilik və stress nəticəsində yaranır. Müalicə dərmanlar və pəhrizlə aparılır, amma bu yalnız xəstəliyi idarə etmək üçündür – tam sağalma mümkün deyil, müalicə yalnız idarəetmə xarakteri daşıyır.
    Buna görə də II tip diabetin “tam sağalma” anlayışı bu gün üçün elmi cəhətdən real deyil, çünki immunitet sistemi mədəaltı vəzidəki beta hüceyrələrini (insulin istehsal edən hüceyrələr) səhvən “yad” kimi tanıyır və məhv edir. Bu hüceyrələr bərpa olunmadığı üçün orqanizmdə insulin istehsalı qalıcı şəkildə dayanır. Hazırda elmi tədqiqatlar bu prosesi “söndürmək” və ya beta hüceyrələri transplantasiya, süni pankreas və immunomodulyar terapiyalar vasitəsilə bərpa etmək istiqamətində aparılır. Lakin bu metodlar hələlik çox bahalı, riskli və yalnız məhdud ixtisaslaşmış mərkəzlərdə sınaq mərhələsində olduğundan hələ geniş klinik tətbiq səviyyəsinə çatmayıb.
    Diabet, əslində, çoxsistemli bir xəstəlikdir. Yəni bu, təkcə qan şəkərinin artması deyil - qan damarları, böyrəklər, sinir sistemi, göz torluqları və ürək-damar sistemi kimi bir çox orqan və sistemlərə eyni vaxtda zərər verir. Hər sistemdə baş verən dəyişiklikləri eyni anda bərpa etmək indiki tibbi texnologiyalarla mümkün deyil. Nəticə etibarilə, bütün bu qeyd edilənlər onu deməyə əsas verir ki, diabetin hələlik tam müalicəsi yoxdur, yalnız mövcud xəstəliyin nəzarətdə saxlanılmasını və stabilliyin qorunmasını təmin edir - yəni diabetin müalicəsi deyil, idarəolunması mümkündür.
    Göründüyü kimi, diabet sahəsində elmi axtarışlar dayanmaq bilmir - əksinə, dünya elmi bu xəstəliyin kök səbəblərini aradan qaldırmaq, bədəni “yenidən proqramlaşdırmaq” və tam müalicə yollarını tapmaq istiqamətində ardıcıl və ümidverici addımlar atır. Bu isə onu deməyə əsas verir ki, şəkərli diabetin tam müalicəsi hələ mümkün olmasa da, gələcək perspektivlər ümidvericidir. Belə ki, elmi yeniliklər idarəolunan xəstəliyi həyat keyfiyyətini artıran və stabilliyi qoruyan mərhələyə gətirəcəyinə əminik.
    Qanunvericilik baxımından, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun 9-cu maddəsi qanunu pozan şəxslərin məsuliyyətini nəzərdə tutur. Lakin 20 il keçməsinə baxmayaraq inzibati məsuliyyət mexanizmləri tətbiq olunmayıb.
    Mövcud Qanunun qəbul edilməsindən 20 il müddət keçməsinə baxmayaraq İnzibati Xətalar Məcəlləsində bu günə kimi qanunun tələblərini pozan vəzifəli və hüquqi şəxslərin hər hansı məsuliyyəti nəzərdə tutulmamışdır. Beynəlxalq təcrübə də göstərir ki, məsələn, Almaniya, İsveç, Yaponiya və Sinqapur kimi ölkələrdə diabet proqramlarının icrası hüquqi məsuliyyət mexanizmləri ilə müşayiət olunur, bu da qanunun icrasını gücləndirir və dövlət proqramlarının səmərəliliyini artırır. Belə qənaətə gəlmək olar ki, elə buna görə də Azərbaycanda bu sahədə kifayət qədər boşluqlar mövcuddur.
    Bu hal, praktik baxımdan, qanunun icra mexanizmini zəiflədir və diabet sahəsində normativ hüquqi boşluq yaradır. Əslində, qanunvericilikdə məsuliyyətin müəyyənləşdirilməsi təkcə cəza məqsədi daşımır - o, qoruyucu və preventiv funksiya yerinə yetirir. Yəni məqsəd səhiyyə orqanlarının, müvafiq vəzifəli şəxslərin və tibbi müəssisələrin məsuliyyətini artırmaqla xəstələrin hüquqlarının daha effektiv qorunmasını təmin etməkdir.
    Bəzi deputatların “digər xəstəliklər üzrə ayrıca məsuliyyət mexanizmi olmadığından, diabet üçün də ayrıca normanın zəruri olmaması” fikri ilk baxışda məntiqli görünsə də, elmi və sosial reallıqlar bunu təkzib edir. Diabet - xroniki, ömürboyu nəzarət tələb edən və iqtisadi-sosial təsiri böyük olan bir xəstəlikdir. Onun müalicəsində gecikmə və ya inzibati səhlənkarlıq yalnız fərdin sağlamlığına deyil, həm də dövlətin səhiyyə sisteminə və iqtisadiyyatına əlavə yük yaradır.
    Məhz buna görə də bir çox inkişaf etmiş ölkələrdə şəkərli diabetlə bağlı dövlət proqramlarının icrası təkcə səhiyyə idarələrinin məsuliyyəti hesab edilmir. Bu ölkələrdə qanunvericilik səviyyəsində maliyyə, nəzarət və hesabat mexanizmləri müəyyən olunmuşdur.

    DİABET – BƏŞƏRİYYƏT ÜÇÜN QLOBAL TƏHLÜKƏ VƏ ONUN SOSİAL-TİBBİ ÖLÇÜLƏRİ

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ