Elxan müəllimi 1973-cü ildən tanıyıram. Artıq 52 illik tanışlığımızın və dostluğumuzun tarixi var. Bu ötən onilliklər ərzində çox şey dəyişdi – zaman, şərait, insanlar... Amma bir şey dəyişmədi: Elxan müəllimin xarakterindəki bütövlük, dostluğundakı səmimiyyət və Vətənə olan sədaqəti.
Dostluğumuz zamanın sınağından keçərək kökü dərin, budaqları göylərə ucalan bir çinar kimi möhkəmləndi. Sadəcə münasibət olaraq qalmadı, dəyərə və örnəyə çevrildi. Bu bağlılıq və əqidə yoldaşlığı xalq şairi Vahid Əzizin misralarını xatırladır:
İradəmiz möhkəm oldu dəmirdən,
Hey bərkidik, vaxt sındıra bilmədi,
Yoğrulmuşduq halal olan xəmirdən,
Dövran bizi bulandıra bilmədi.
Elxan müəllimin həyat yoluna diqqətlə baxanda onun adına yazılmış ən böyük dəyərin Vətənlə bir sırada çəkilməsi olduğunu görürük. Bu, sadəcə fəxrlə deyil, daxili mətinliklə, əqidə ilə qazanılmış bir mövqedir. Vahid Əzizin başqa bir misrası da bu ruhun ifadəsidir:
Yad əllərdə buraxmadıq yaxanı,
Mənliyimiz yurdun qılınc, qalxanı.
Elxan müəllim ünsiyyətsiz təbliğatçı, hay-küysüz qəhrəman, ön cərgədə dayanan səssiz bir zabit kimi tanınıb. Birinci Qarabağ müharibəsində necə əqidə və təmkinlə durmuşdusa, bu gün də həmin ruhla Vətənin keşiyində – əməli ilə, mövqeyi ilə, duruşu ilə dayanır.
Ən gözəl cəhətlərdən biri odur ki, bu vətən sevgisi təkcə döyüş meydanında deyil, həm də kollecdə, auditoriyada, gənc nəslin tərbiyəsində özünü göstərdi. Elxan müəllim müəllimliyi ilə də zabit oldu – ruhun zabiti kimi, millətin oyanışına, gələcəyin yetişməsinə xidmət edən bir aydın olaraq.
Bu gün Məmmədov Elxan Xudan oğlunun 70 illik yubileyidir.
Bu əlamətdar gündə onu tanıyanlar, sevənlər, dostları və həmkarları bir daha həmin sözləri söyləyirlər:Doğum gününüz mübarək, Elxan müəllim!
Arzu edirik ki, hər yeni gününüz sevinc, sağlamlıq və ümidlə açılsın.
Həyat yolunuz, ömür kitabınız qürurla oxunan, örnək götürülən bir əsər olaraq davam etsin.
Siz yaşadığınız ömrü ucaltdınız. İndi isə o ömür sizi ucaldır...
Vidadi Orucov
Alim, pedaqogika elmləri doktoru, professor
