"Beynəlxalq təşkilatların təşkilatçılığı ilə Vyanada keçirilən ənənəvi görüşlər çərçivəsində bu il də “İşıqlı Ermənistan” Partiyasının rəhbəri Edmond Marukyan ilə bir araya gəldik. Avstriya Milli Müdafiə Akademiyasında baş tutan müzakirələr normal, açıq və konstruktiv atmosferdə keçdi."
Bunu "atributinfo.az"a açıqlamasında Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib.
MCP sədri qeyd edib ki, görüş zamanı regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistandakı siyasi proseslər, sülh gündəliyi, sülh müqaviləsinin perspektivləri və TRIPP layihəsi ətrafında geniş fikir mübadiləsi apardıq.
Müsbət məqamlardan biri odur ki, vaxtilə daha çox radikal mövqeləri ilə seçilən bəzi erməni siyasi dairələrində və siyasətçilərində konstruktiv yanaşmaya doğru müəyyən meyillər müşahidə olunur. Bu, regionda davamlı sülhün formalaşması baxımından əhəmiyyətli tendensiyadır:
"Mən müzakirələrdə Azərbaycanın dövlətinin, xalqının və siyasi rəhbərliyinin mövqeyini ifadə etdim. Bu mövqedə heç bir dəyişiklik yoxdur. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması sülh prosesinin fundamental şərtlərindən biridir və davamlı sülh müqaviləsinin imzalanması bu məsələnin həlli ilə birbaşa bağlıdır.
TRIPP layihəsinin reallaşmasını isə yalnız Azərbaycan və Ermənistan arasında deyil, bütövlükdə Cənubi Qafqazda iqtisadi əlaqələrin, nəqliyyat-kommunikasiya imkanlarının və regional əməkdaşlığın genişlənməsi üçün mühüm fürsət hesab edirik.
Görüşdə Azərbaycanın Qarabağda apardığı genişmiqyaslı quruculuq və bərpa işləri də müzakirə olundu. Ermənistanın işğal dövründə bu ərazilərdə törətdiyi dağıntıların miqyası artıq danılmaz reallıqdır. Bu gün Qarabağda həyat yenidən qurulur, şəhərlər və kəndlər bərpa edilir. Qarşı tərəfin də bu reallığı qəbul etməsi dialoq baxımından əhəmiyyətlidir."
Müharibə cinayətlərinə görə məsuliyyət məsələsinə gəldikdə isə, Razi Nurullayev görüş zamanı erməni həmkarına Azərbaycanın mövqeyinin prinsipial olduğunu bildirdiyini qeyd edib.
Sitat: - Qarabağdakı keçmiş separatçı rejimin rəhbər şəxsləri, eləcə də Robert Köçəryan və Serj Sarkisyanın siyasi məsuliyyəti və münaqişə dövründəki fəaliyyəti tarixi və hüquqi qiymətini almalıdır. Azərbaycanın hüquqi mövqeyi və bu məsələyə yanaşması dəyişməzdir.
"Bir daha vurğuladım ki, Azərbaycan sülhün tərəfdarıdır və bu məsələdə səmimidir. Lakin bizim üçün sülh yalnız sənədin imzalanması deyil, qarşılıqlı suverenliyin, ərazi bütövlüyünün və təhlükəsizliyin təmin olunduğu, gələcək nəsillərə sabitlik və əməkdaşlıq vəd edən yeni regional münasibətlər sisteminin qurulmasıdır.- MCP sədri deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
