Eldar İsmayıl oğlu Əsgərov (Şəkibəyov)
Hüquqşünas, Dövlət qulluğunun baş müşaviri
5-Cİ HİSSƏ
Beləliklə, inzibati cərimənin ödənilməsi yalnız texniki əməliyyat deyil, vətəndaşın qanunla müəyyən edilmiş öhdəliyinin icrasını təmin edən prosesdir. Bu prosesin təşkili qanuni öhdəliyin məbləği ilə vətəndaşın faktiki maliyyə yükü arasında əsaslandırılmamış fərq yaranmasına yol verməməlidir. Buna görə də inzibati cərimələrin ödənilməsi zamanı əlavə komissiyaların tətbiqinin hüquqi əsasları, ödəniş kanallarının əlçatanlığı və texniki məhdudiyyətlərin maliyyə nəticələri normativ və praktiki baxımdan daha dəqiq tənzimlənməlidir.
Əgər anlayış bu qədər geniş tətbiq olunursa, onun sərhədləri də eyni dərəcədə aydın müəyyən edilməlidir. Əks halda belə bir sual qaçılmazdır: məzmunu dəqiq müəyyən edilməmiş “xidmət” anlayışı üzərindən vətəndaşdan ödəniş tutulması nə dərəcədə əsaslı hesab oluna bilər?
Başqa sözlə, burada vətəndaş əlavə xidmət sifariş etməyə bilər, o, bazar münasibətlərinin sərbəst iştirakçısı kimi deyil, qanunla müəyyən edilmiş öhdəliyini yerinə yetirən şəxs kimi çıxış edir.
Vətəndaş istəsə də, istəməsə də bu prosesi keçməlidir, yəni qanunla müəyyən edilən cəriməni ödəməlidir. Terminal və ya digər texniki vasitələr isə əlavə dəyər yaradan xidmət subyekti kimi deyil, sadəcə ödənişin qəbulunu və ötürülməsini təmin edən vasitəçi kimi çıxış edir. Bu isə münasibətin mahiyyət etibarilə xidmət deyil, daha çox texniki icra mexanizmi olduğunu göstərir.
Məsələnin daha dərin tərəfi hüquqi prinsiplərlə bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlətin əsaslarını müəyyən edir. Hüquqi müəyyənlik prinsipi baxımından vətəndaşın üzərinə düşən maliyyə öhdəliyi aydın və əvvəlcədən müəyyən edilə bilən olmalıdır. Qanunda 40 manat cərimə nəzərdə tutulduğu halda, ödəniş kanalı vasitəsilə əlavə 40 qəpik tutulması həmin əlavə məbləğin hüquqi əsasının və tətbiq şərtlərinin aydınlaşdırılmasını tələb edir.
Digər tərəfdən, ədalət prinsipi tələb edir ki, vətəndaşa tətbiq edilən maliyyə yükü açıq, əsaslandırılmış və şəffaf olsun və könüllü seçimə əsaslansın. Əgər vətəndaşın alternativsiz şəkildə yalnız komissiyalı ödəniş kanalları ilə üzləşməsi baş verirsə, bu halda həmin əlavə məbləğ artıq könüllü xidmət haqqı deyil, faktiki mahiyyət etibarilə gizli məcburi ödəniş xarakteri daşıyır.
Mövcud vəziyyət onu göstərir ki, qanun ödəniş xidmətlərinə ümumi çərçivədə icazə verir, lakin inzibati cərimələrin ödənilməsi zamanı əlavə komissiyanın tətbiqini ayrıca və konkret norma kimi müəyyən etmir. Bu vəziyyət inzibati cərimələrin ödənilməsi zamanı tutulan komissiyaların hüquqi əsaslarının, tətbiq şərtlərinin və vətəndaşın alternativ ödəniş imkanlarının ayrıca və daha dəqiq tənzimlənməsinə ehtiyac olub-olmaması məsələsini gündəmə gətirir və müxtəlif şərhlərə yol açır.
Məsələnin daha maraqlı və düşündürücü tərəfi isə ödəniş zamanı yarana bilən başqa bir praktik problemlə bağlıdır.
Tutaq ki, sürücüyə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə tətbiq edilib. Əgər cərimənin ödənilməsi zamanı 40 qəpik xidmət haqqı tutulursa, vətəndaşın faktiki ödəməli olduğu məbləğ 40 manat 40 qəpik təşkil edir.
İlk baxışdan bu, adi və kiçik bir fərq kimi görünə bilər. Lakin vətəndaş həmin məbləği nağd şəkildə terminal vasitəsilə ödəmək istəyərkən qəpik qəbul etməyən terminal 40 manat 40 qəpiyi qəbul edə bilmirsə, ondan 41 manat daxil etməsi tələb oluna bilər.
Beləliklə, hüquqi baxımdan cərimə 40 manat, xidmət haqqı 40 qəpik olduğu halda, vətəndaşın terminal qarşısında faktiki ödədiyi məbləğ 41 manat olur.
Burada artıq sadəcə “xidmət haqqı” məsələsindən danışmırıq. Yeni sual meydana çıxır: 40 manat 40 qəpik ödəməli olan vətəndaş niyə 41 manat ödəməli olsun?
Başqa sözlə:
40,00 manat - cərimə;
0,40 manat - ödəniş komissiyası;
40,40 manat - ümumi ödəniş məbləği.
Əgər terminal qəpik qəbul etmədiyinə görə 41 manat daxil etmək tələb olunursa, 40 manat 40 qəpiklə 41 manat arasındakı 60 qəpiklik fərqin hüquqi və faktiki taleyi aydınlaşdırılmalıdır. Burada terminalın konkret qaydaları, artıq ödənişin qaytarılmasının mümkünlüyü və bunun hansı prosedurla həyata keçirildiyi müəyyən edilməlidir. Vətəndaş öz pulunu geri almaq üçün ayrıca müraciət etməli, vaxt və əlavə əmək sərf etməlidirmi? Bu suallar ödəniş mexanizminin əlçatanlığı baxımından əhəmiyyətlidir.
Məsələni yalnız məbləğin böyüklüyü ilə qiymətləndirmək düzgün olmazdı. Eyni cəriməni ödəyən iki şəxsin faktiki maliyyə yükü istifadə etdikləri ödəniş vasitəsindən asılı olaraq fərqlənirsə, bu fərqin əsasları və komissiyasız alternativlərin mövcudluğu araşdırılmalıdır. Ödəniş sisteminin texniki xüsusiyyətləri qanunla müəyyən edilmiş öhdəliyin məbləği ilə vətəndaşın faktiki ödədiyi məbləğ arasında izah olunmamış fərq yaratmamalıdır. Burada prinsipial sual yaranır: eyni cəriməni ödəyən iki vətəndaşın faktiki maliyyə yükü niyə istifadə etdiyi ödəniş vasitəsindən asılı olmalıdır?
Fikrimizcə, hüquqi dövlət baxımından daha məntiqli yanaşma belə olmalıdır: vətəndaşa qanunla müəyyən edilmiş cəriməni dəqiq məbləğdə və əlçatan ödəniş kanalı vasitəsilə ödəmək imkanı təmin edilməlidir. Əgər xidmət haqqı tətbiq olunursa, vətəndaşın həmin xidmətə alternativi olmalıdır. Əgər nağd ödəniş kanalı qəpik qəbul etmirsə, bu texniki məhdudiyyət vətəndaşın üzərinə əlavə maliyyə yükü yaratmamalıdır. Ödəniş sisteminin texniki xüsusiyyəti vətəndaşın qanuni öhdəliyinin məbləğini faktiki olaraq dəyişdirməməlidir, çünki məsələ nə 40 qəpiyin, nə də 60 qəpiyin böyüklüyündədir. Məsələ ondadır ki, qanunun müəyyən etdiyi maliyyə öhdəliyi ilə vətəndaşın faktiki ödəməyə məcbur olduğu məbləğ arasında fərq yaranır.
Bu vəziyyəti Azərbaycan hüquq və ictimai düşüncəsində geniş tanınan bir ifadə ilə müqayisə etmək olar. “O olmasın, bu olsun” bədii filmində hambalın Məşədi İbada ünvanladığı “Məşədi, sənin on min manatın cəhənnəmə getdi, bəs mənim bir abbasım hara getdi?” sualı əslində məbləğin kiçikliyini və ya böyüklüyünü deyil, onun hara getdiyini sorğulayır. İnzibati cərimələrin ödənilməsi zamanı vətəndaşın verdiyi sual da mahiyyət etibarilə eynidir: qanunla müəyyən edilmiş cərimədən əlavə tutulan məbləğ hansı hüquqi əsasdan irəli gəlir və həmin vəsait hara yönəldilir? Məsələnin mahiyyəti də elə budur: söhbət məbləğin böyüklüyündən deyil, həmin məbləğin hara və hansı hüquqi əsasla getdiyindən gedir.
İlk baxışda bu məbləğ simvolik görünə bilər. Lakin problem məbləğin hüquqi və məntiqi əsaslandırılmasındadır. Əgər bu ödəniş xidmət haqqıdırsa, vətəndaşın real seçim imkanı olmalıdır. O, istədiyi halda komissiyalı platformadan istifadə edə bilməli, istəmədikdə isə cəriməni əlavə ödənişsiz ödəyə biləcəyi alternativ kanala çıxış əldə etməlidir. Cərimə hüquqi məsələdir, onun ödənilməsi isə texniki prosesə çevrilib. Lakin bu texniki prosesin vətəndaş üçün əlavə xərcə çevrilməsi artıq hüquqi və praktiki baxımdan müzakirə olunmalıdır.
Gəldiyimiz nəticə onu deməyə əsas verir ki, əgər hər hansı ödəniş platforması xidmət haqqı tətbiq edirsə, vətəndaş həmin platformadan istifadə etməyə məcbur olmamalıdır, ilk növbədə, komissiyasız dövlət ödəniş kanalının təmin edilməsi məqsədəuyğun olardı. Vətəndaş qanuni öhdəliyini yerinə yetirərkən əlavə maliyyə yükü ilə üzləşməməlidir. Ödənilməli məbləğ 40 manat 40 qəpikdirsə, ödəniş sistemi məhz bu məbləği qəbul etməlidir. Terminalın qəpik qəbul etməməsi vətəndaşı 41 manat ödəmək vəziyyətinə salmamalıdır. Texniki məhdudiyyət vətəndaşın üzərinə əlavə maliyyə yükü yarada bilməz.
Əgər texniki səbəbdən vətəndaş 40 manat 40 qəpik əvəzinə 41 manat ödəməli olursa, yaranan 60 qəpiklik fərqin də avtomatik qaytarılması təmin edilməlidir. Vətəndaş öz pulunu geri almaq üçün ayrıca müraciət etməyə, vaxt itirməyə və əlavə prosedurlardan keçməyə məcbur edilməməlidir.
davamı var
