Sizin reklam burada
Sizin reklam burada
  • Cüdoçularımız Yaponiyada beynəlxalq təlimlərə qatılıblar


    Cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandası Yaponiyada beynəlxalq təlim-məşq toplanışına başlayıb.

    Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, üç həftə davam edəcək hazırlıq prosesində 16 cüdoçumuz iştirak edir. Komandaya yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə və Kotaro Sasaki rəhbərlik edirlər.

    Toplanışın ilk mərhələsi Tokai Universitetinin nəzdində fəaliyyət göstərən Saqami məktəbində təşkil olunur. Cüdo ənənələri ilə seçilən Yaponiyada keçirilən hazırlıq prosesi idmançılarımızın texniki və taktiki bacarıqlarının təkmilləşdirilməsi, beynəlxalq təcrübələrinin artırılması və yüksək rəqabətli məşq mühitinə uyğunlaşması baxımından mühüm əhəmiyyət daşıyır.

    Məşqlər zamanı cüdoçularımızın fərdi texniki hazırlığı, randori bacarıqları, fiziki dözümlülüyü və müxtəlif üslublu rəqiblərlə mübarizə təcrübəsinin artırılmasına xüsusi diqqət yetirilir.

    Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı yeniyetmə cüdoçuların qarşıdakı yarışlara hazırlığının mühüm mərhələlərindən biri olmaqla yanaşı, onların uzunmüddətli inkişafına və gələcəkdə əsas milli komandaya keçidinə xidmət edir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ