Ziyad Səmədzadə
Azərbaycan alimi,
İqtisad elmləri doktoru, professor,
AMEA-nın həqiqi üzvü
Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın tarixi Zəfərinin məntiqi davamı, milli iradənin və dövlətçilik əzminin parlaq təzahürüdür. Vaxtilə işğalın ağır nəticələri ilə üzləşən bu torpaqlar bu gün həyatın yenidən canlandığı, müasir şəhər və kəndlərin salındığı, sənaye müəssisələrinin fəaliyyətə başladığı, aqrar potensialın hərəkətə gətirildiyi böyük inkişaf məkanına çevrilir. Qarabağda həyata keçirilən layihələr yalnız dağıdılmış infrastrukturun bərpası deyil, həm də Azərbaycanın gələcək iqtisadi qüdrətinin möhkəm təməlinin yaradılmasıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan Böyük Qayıdış strategiyası Qarabağın hər bir guşəsində öz real nəticələrini göstərir. Dövlət başçısının Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri, yeni obyektlərin açılışlarında şəxsən iştirak etmələri bu prosesin dövlət siyasətinin prioritet istiqaməti olduğunu nümayiş etdirir. Bu səfərlər zamanı görülən işlərlə yerində tanışlıq, yeni müəssisələrin fəaliyyətə başlaması, yaşayış məntəqələrinin sakinlərin istifadəsinə verilməsi Qarabağın dirçəlişinin ardıcıl və sistemli şəkildə həyata keçirildiyini təsdiqləyir.
Qarabağda quruculuq prosesinin əsas xüsusiyyətlərindən biri onun kompleks xarakter daşımasıdır. Burada yalnız yaşayış evləri tikilmir, yollar, körpülər, elektrik və su təchizatı sistemləri qurulmur. Eyni zamanda iqtisadi həyatın bütün istiqamətlərini əhatə edən yeni infrastruktur yaradılır. Sənaye parkları, istehsal müəssisələri, aqrar təsərrüfatlar, enerji layihələri, təhsil və səhiyyə obyektləri vahid inkişaf strategiyasının tərkib hissəsi kimi formalaşır. Məqsəd Qarabağı sadəcə insanların geri döndüyü ərazi deyil, onların yaşadığı, işlədiyi, istehsal etdiyi və gələcəyə inamla baxdığı inkişaf etmiş regiona çevirməkdir.
Bu baxımdan Ağdamın sənaye potensialının yenidən canlandırılması xüsusi əhəmiyyət daşıyır. Ağdam Sənaye Parkında yaradılan istehsal müəssisələri regionun iqtisadi həyatına yeni nəfəs verir. Burada istehsal sahələrinin genişlənməsi yerli xammal və resurslardan səmərəli istifadəyə, yeni iş yerlərinin açılmasına, sahibkarlığın inkişafına və ölkənin qeyri-neft sektorunun güclənməsinə xidmət edir. Ağdamın sənaye şəhəri kimi tarixi ənənələrinin müasir texnologiyalar əsasında bərpası onun gələcəkdə Qarabağın əsas iqtisadi mərkəzlərindən birinə çevriləcəyini deməyə əsas verir.
Sənaye müəssisələrinin açılması, xüsusilə, işğaldan azad edilmiş ərazilərdə iqtisadi müstəqilliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Yeni istehsal sahələri bölgədə məşğulluğu artırır, əhalinin sosial rifahına töhfə verir, yerli iqtisadi dövriyyəni genişləndirir. Qarabağda istehsal olunan məhsulların daxili bazara çıxarılması və gələcəkdə ixrac imkanlarının artırılması isə regionun ölkə iqtisadiyyatına inteqrasiyasını daha da sürətləndirir.
Qarabağın inkişafında aqrar sektorun rolu da əvəzsizdir. Bu torpaqlar tarixən münbit əraziləri, zəngin su ehtiyatları, geniş otlaq sahələri və kənd təsərrüfatı ənənələri ilə seçilib. İşğaldan sonra uzun illər istifadəsiz qalan bu potensialın yenidən iqtisadi dövriyyəyə cəlb edilməsi strateji əhəmiyyət daşıyır. Müasir suvarma sistemlərinin qurulması, əkin sahələrinin bərpası, heyvandarlıq komplekslərinin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və aqrar sahibkarlığın təşviqi Qarabağın ərzaq istehsalında mühüm mövqeyə sahib olmasına imkan yaradır.
Aqrar inkişaf yalnız məhsul istehsalı ilə məhdudlaşmır. Bu sahə kəndlərdə həyatın bərpası, insanların doğma torpaqlarında məşğulluğunun təmin olunması, ailə təsərrüfatlarının inkişafı və sosial sabitliyin möhkəmlənməsi baxımından da mühüm rol oynayır. Əkinçilik, bağçılıq, üzümçülük, heyvandarlıq və emal sənayesinin bir-birini tamamlaması Qarabağda dayanıqlı iqtisadi modelin formalaşmasına şərait yaradır.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın son səfərləri də bu inkişafın ardıcıllığını və geniş miqyasını bir daha nümayiş etdirir. 2026-cı il noyabrın 6-da Cəbrayıl və Zəngilan rayonlarına səfər çərçivəsində Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında, Soltanlı və Cahangirbəyli kəndlərinin birinci mərhələlərinin açılışlarında, eləcə də Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak edilməsi Qarabağda iqtisadi və sosial quruculuğun paralel şəkildə aparıldığını göstərir.
Noyabrın 7-də Şuşa, Xankəndi və Ağdam şəhərlərinə səfər zamanı da bu xətt davam etdirilib. Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin, Xankəndi Stadionunun, Qarabağ Universitetinin Klinikasının təcili tibbi yardım şöbəsinin açılışları, Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin və Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin fəaliyyətə başlaması bölgənin çoxşaxəli inkişafına xidmət edən mühüm addımlardır. Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanışlıq isə aqrar istehsal və emal istiqamətində yeni imkanların formalaşdığını göstərir.
Bu açılışların hər biri ayrı-ayrılıqda mühüm əhəmiyyət daşısa da, bütövlükdə vahid bir mənzərə yaradır: Qarabağda iqtisadi həyat yenidən qurulur, yeni istehsal sahələri yaranır, insanların doğma yurdlarına qayıdışı üçün zəruri sosial və iqtisadi şərait təmin edilir. Sənaye müəssisələri ilə yanaşı təhsil, səhiyyə və idman obyektlərinin istifadəyə verilməsi bölgənin yalnız iqtisadi deyil, həm də sosial və mədəni dirçəlişini sürətləndirir.
Burada diqqət çəkən mühüm məqamlardan biri də dövlət başçısının açılış mərasimlərində şəxsən iştirak etməsidir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Qarabağa səfərləri dövlətin bu torpaqlara münasibətinin, görülən işlərə verilən əhəmiyyətin və Böyük Qayıdış prosesinə göstərilən diqqətin ifadəsidir. Bu səfərlər həm də bölgədə çalışan insanlara, sahibkarlara, quruculuq işlərinin iştirakçılarına və doğma yurdlarına qayıdan sakinlərə mənəvi dəstəkdir.
Qarabağda yaradılan yeni müəssisələr gələcəyə hesablanmış iqtisadi siyasətin nəticəsidir. Bu siyasət bir tərəfdən regionun zəngin təbii və iqtisadi resurslarını hərəkətə gətirir, digər tərəfdən isə müasir texnologiyaların, innovasiyaların və yeni idarəetmə mexanizmlərinin tətbiqinə imkan verir. Sənaye və aqrar sektorun qarşılıqlı inkişafı Qarabağda iqtisadi dayanıqlılığı gücləndirir, regionun ölkə iqtisadiyyatında rolunu artırır.
Ən başlıcası, bütün bu proseslərin mərkəzində insan amili dayanır. Qarabağda tikilən evlər, açılan müəssisələr, yaradılan iş yerləri və istifadəyə verilən sosial obyektlər doğma torpaqlarına qayıdan insanların yeni həyatının təminatıdır. Böyük Qayıdışın uğuru yalnız tikilən binaların və açılan müəssisələrin sayı ilə deyil, insanların öz yurdlarında rahat yaşaması, işləməsi, ailə qurması və gələcəyə inamla baxması ilə ölçülür.
Bu gün Qarabağda aparılan quruculuq işləri Azərbaycanın gücünü, iradəsini və gələcəyə baxışını nümayiş etdirir. Zəfərlə azad edilən torpaqların iqtisadi inkişaf məkanına çevrilməsi dövlətimizin qarşıya qoyduğu məqsədlərin ardıcıl şəkildə həyata keçirildiyini təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilən bu böyük quruculuq prosesi Qarabağın yeni tarixini yazır.
Qarabağda hər açılan müəssisə yeni bir ümid, hər salınan kənd yeni bir həyat, hər qurulan sənaye obyekti iqtisadi gücün təzahürüdür. Bu torpaqlarda yüksələn yeni şəhərlər, fəaliyyətə başlayan müəssisələr və canlanan kənd təsərrüfatı Azərbaycanın Zəfərinin yalnız hərbi-siyasi deyil, həm də iqtisadi və sosial məzmun daşıdığını göstərir. Qarabağ artıq keçmişin ağrılarından doğan dirçəlişin, milli iradənin və gələcəyə inamın simvoluna çevrilir.
Bu gün Qarabağda qurulan hər bir obyekt, açılan hər bir müəssisə bir həqiqəti təsdiqləyir: Azərbaycan öz Zəfərini quruculuqla möhkəmləndirir, azad edilmiş torpaqlarını inkişafın, rifahın və tərəqqinin ünvanına çevirir.
