Sizin reklam burada
Sizin reklam burada
  • MÜƏLLİM ADINI DÜNYANIN ƏN SƏRFƏLİ VARLIQLARI DAŞIYIRLAR



    Ata-ana təbiətsə,
    Ustad, nicat müəllimdir.
    Həyat arzu səadətsə,
    Ona qanad müəllimdir.

    Şair Mikayıl Azaflının da dediyi kimi həyatdakı ən böyük ustadımız müəllimlərimizdir. Biz müəllimlərimizin sayəsində həyatı dərk edir, sevgini, məsuliyyəti öyrənirik.
    Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
    Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirər, müəllim haqqında xoş sözlər söyləyərdi: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”.
    Müəllim... Adi söz deyil bu... Əsl müəllim bir günəşdir, ürəyinin istisini, beyninin odunu heç kəsdən əsirgəməyən bir günəş. Gözünün nurunu damla-damla şagirdlərinin yoluna səpən, bunun nəticəsində gözü nurdan düşsə də, özü daim məğrur, adı daim yüksək olan günəş...
    Hər axşam qürub edən günəş hər səhər yenidən doğduğu kimi, müəllim də yaşının üstünə yaş gəldikcə ömrünün qürub çağını yaşasa da, şagirdlərinin simasında yenidən doğur, yenidən dünyaya gəlir. Deməli, əsl müəllim ədədi yaşayır.
    Dünyanın bütün peşə sahiblərini həyata hazırlayan müəllimdir. Bu baxımdan, müəllimlik peşəsi heç bir peşə ilə müqayisəyə gəlməyən peşədir.
    Dünyanın dərk edilməsi elmlə olduğundan, müəllimə bütün zamanlarda ehtiyac duyulur. Hər yerdə olduğu kimi, Azərbaycanda da müəllimə qarşı böyük bir imic formalaşıb, hər kəs onun şəxsiyyətinə və böyüklüyünə hörmətlə yanaşır. Həyatı, yazıb-yaratmağı öyrədən müəlliminə mənən borclu olduğunu dərk edərək, onun adı qarşısında səcdə edir. Bir müəllimin gücü bir ordu ilə müqayisə oluna bilər. Hər fərdin cəmiyyətdə formalaşması müəllim əməyi, təxəyyülü, zəhməti və illəri hesabına başa gəlir. Cəmiyyətə savadlı, elmi bilikli gənclər ordusunu yetişdirən müəllim onu şəxsiyyət və vətəndaş olaraq cəmiyyətə hazırlayır.
    Mən də müəllimlərimi hörmətlə anır, qürurla yad edirəm. Üstümdə böyük zəhməti, danılmaz haqqı olan Xanəhməd müəllimin əməyini xüsusi qeyd etmək istəyirəm.
    Elm və savadla bərabər, bu dəyərlərin aşılanması əsas şərt olduğundan, Xanəhməd müəllim ünsiyyətdə olduğu şagirdlərinə bu keyfiyyətləri aşılamaq üçün öz peşəkarlığını ortaya qoyurdu.
    Xanəhməd müəllim əsl pedaqoq və psixoloq idi. Şagirdlərinə özündə kamil insani keyfiyyətləri aşılayırdı. Müəllim adı ona çox yaraşırdı. Yetirmələri arasında missiya daşıyıcısı olan Xanəhməd müəllimə yetirilən diqqət də yetərincə idi.
    Vətənə layiqli vətəndaş yetişdirən Xanəhməd müəllimin əməyi çox böyük olduğundan, onun bu peşədən qürur duymağa və fəxr etməyə haqqı var idi. O orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilirdi. Dərin bilik, geniş dünyagörüş şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilirdi. Dərs dediyi şagirdlər Xanəhməd müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görürdülər...
    Xanəhməd müəllim gələcəyin əsgərlərini, cəmiyyəti maarifləndirəndirirdi. O, yeri gəldikdə valideyn, yeri gəldikdə qardaş, yeri gəldikdə dost idi. Şagirdinin hər hansı narahatçılığını darıxmadan dinləyən, onu olduğu kimi qəbul etməyi bacaran və mühakimə etməyən müqəddəs dəyər idi. Xanəhməd müəllim ilk növbədə bizə vətənə, topluma, cəmiyyətə qarşı layiqli insan, vətəndaş olmağı, insanlıq üçün faydalı işlər görməyi öyrədirdi.
    Bir sözlə, dünyada gözəl, nəcib peşələr çoxdur. Fəqət müəllimlik bütün peşələrin fövqündə dayanır. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır. Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Elə buna görə də Xanəhməd müəllimin əməyinin bənzəri yoxdur. Əgər bu gün biz bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə məmnunluqla söhbət açırıqsa, buna görə ilk növbədə Xanəhməd kimi müəllimlərə minnətdar olmalıyıq.
    Şəxsən mənim həyatımda Xanəhməd müəllim böyük rol oynayıb. Ona baxıb müəllim peşəsinə yiyələnmişəm. Uzun müddət Bakının ən böyük məktəblərindən birinə rəhbərlik etmişəm. Fəaliyyətim dövründə Xanəhməd müəllimdən öyrəndiklərim yolumda çıraq olub. Xanəhməd müəllim təcrübəli pedaqoq olmaqla yanaşı, həm də əsl KİŞİLİK simvolu idi. Əsl ağsaqqal, müdrik şəxsiyyət idi. Biz ondan təkcə elm, savad deyil, həm həyat təcrübəsi öyrəndik. Təvazökarlıqdan uzaq olsa da tövsiyələrinə əməl edib, uğur qazana bilmişəm. Bunu yetirdiyim minlərlə şagirdlərimin simasında hiss edirəm.
    Bircə onu bilirəm ki, mənim müəllim ömrüm nə qədər xərcləndisə, Xanəhməd müəllimin içimdə yandırdığı o işığı qorumağa xərcləndi.
    İndi o işığı qorumağım Xanəhməd müəllimin xatirəsinə ən böyük ehtiram olduğunu xatırladıqca içimi hüznlü bir rahatlıq bürüyür.
    Yerin cənnət olsun, Xanəhməd müəllim!

    MÜƏLLİM ADINI DÜNYANIN ƏN SƏRFƏLİ VARLIQLARI DAŞIYIRLAR

    Həzərxan Əbilov

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ