Həyat Ulu Tanrı tərəfindən qurub-yaratmaq, xeyirxahlıq etmək üçün insanlara verilən bir şansdır.
Hələ qədim dövrlərdən başlayaraq bu günə kimi bütün dövrlərdə insanlar dünya və həyat haqqında düşünmüşlər. Bioloji və ictimai varlıq kimi insanlara iradəsindən asılı olmayaraq bir ömür payı verilmişdir. Hamı onu yaşayır, sonra isə gözəl və işıqlı dünyanı əbədi olaraq tərk edir. Dünyaya göz açan hər kəs sanki bir missiyanı yerinə yetirmək üçün gəlir, hansısa bir iş üçün doğulur. Vəzifəsindən, peşəsindən, sənətindən və məşğuliyyətindən asılı olmayaraq xoşbəxt o insandır ki, vətəninə, xalqına, millətinə, dövlətinə sədaqətlə xidmət edər, el-obanın, işlədiyi kollektivin hörmət və məhəbbətini qazanar, insanlığı və xeyirxahlığı ilə xatirələrdən, qəlblərdən, yaddaşlardan heç zaman silinmir.
İnsanın dəyəri onun nəyə can atmağında, həyat amalındadır. Yalnız güclü istedad, əxlaq, mənəviyyat, təmkin, səbir, ağıl, kamal sahibləri gərgin əməyi və halal zəhməti ilə yüksəlir, zirvələr fəth edir, qarşıya qoyduqları məqsədlərinə uğurla nail olur, şan-şöhrət sahibi olurlar.
Elə insanlardan biri də ləyaqətli insan, gözəl pedaqoq, təşkilatçı, rəhbər, əsl ziyalı, əməkdar müəllim, biologiya üzrə fəlsəfə doktoru Sevda Əli qızıdır.
Bəli, doğrudan da Sevda xanım əsl ziyalıdır. Ziyalı bütöv bir xalqın, millətin xoşbəxtliyinin nurlu mayakı, bu günü və gələcəyidir. O, öz nurunu, ziyasını elinə, xalqına, millətinə bağlılıqdan alır və sonda əməli olaraq yenə də onlara bəxş edir. Ziyalı bu günü sabaha qovuşduran işıq, sabahı nurlandıran ziyadır.
Sevda xanım ölkəmizin dilbər güşələrindən biri olan Qazax şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Orada böyüyüb, boya-başa çatmış və orada 1 №-li şəhər orta məktəbini bitirmişdir. S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinə qəbul olmuşdur (indiki Bakı Dövlət Universiteti). Həmin universitetin Biologiya fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Əmək fəaliyyətinə 20 saylı orta məktəbdə Biologiya müəllimi kimi başlayıb, 2001-ci ildən isə hazırda işlədiyi 225 saylı məktəbə direktor təyin olunmuşdur. Uzun illərdir ki, burada çalışır, kollektivin, şagirdlərin, valideynlərin sevimlisinə çevrilmişdir.
Sevda xanım həyatın bütün mərhələlərində, hətta ən çətin, ağır, kritik məqamlarında insanlığını, mənliyini itirməyib, alicənablıq, humanistlik, xeyirxahlıq kimi ən yüksək insani keyfiyyətlərinə sadiq qalıb, imkanı daxilində ona müraciət edənlərin hamısına, hətta tanımadıqları insanlara kömək əli uzatmış, onları ümidsiz qoymamışdır.
İnsan üçün mənəvi sərvətlər qazanmaq, əxlaqi dəyərlərə yiyələnmək maddi nemətlər qazanmaqdan qat-qat çətindir, mürəkkəbdir. Mənəvi sərvətlərin yaradılmasında bilavasitə biliyin özü, zehni fəaliyyət iştirak edir. Sevda xanım kimi insanların zəkasının gücü ölçü vahidinə gəlmir, bunu fikirləriniz və danışıqlarınız təsdiqləyir.
Həyatda insan üçün başlıca nemət ideal və tükənməz əqidədir. Kimin ki həyatda gücü ağılla birləşir, onlar şəxsiyyətə çevrilir, sözünü deyə bilir. Bunların ikisi də Sevda xanımda var, ona görə də O, sözünü şəxsiyyətindən asılı etmişdir.
Sevda xanım! Allah insanı elə yaratmışdır ki, nə ağılı, nə də ağılsızlığı gizlətmək olur. Özünü ağıllı hesab edənlərin ağızları açılan kimi səviyyəsi bilinir. Belə yerdə Qabilin bir fikrini yada salmaq olar:
Dəniz səviyyəsi ilə ölçülür səviyyələr.
Yüksəlir səviyyələr, alçalır səviyyələr,
Adamlara gəlincə ağzını açan kimi
Bircə anın içində seçilir səviyyələr.
Siz həmişə səviyyənizi yüksək saxlamısınız, özünüzə hörmət etməyi bacarırsınız.
Sevda xanım olduqca təbii insandır. O, qürur, cansıxıcı, stereotip xarakterdən, mühakimələrdən, primitiv iddialardan uzaqdır. O necə varsa, elə görünür, özünü yaşayır, həyatda öz rolunu oynayır, cansız fikirlər ona yaddır.
İndi siz həyatınızın yeni və çox mühüm mərhələsinin başlanğıcındasınız – müdriklik! Çünki sizin həyatınız min-min insan yollarına işıq saçan təhsil ocağı ilə bağlıdır. Bu şanlı-şöhrətli müəllim ömrüdür. Siz ömrünüzün 64-cü baharını qarşılayırsınız. Arzu edirəm ki, Ulu Tanrının, anamız təbiətin müqəddəs Qazax torpağının sizə bəxş etdiyi saf duyğular övladının, qohumlarının, dostlarının, əzizlərinin, nəvələrinin ömür yollarını işıqlandırsın. Siz xoşbəxt adamsınız, həyatda böyük iziniz var. Gözəl övladın, mehriban bacı-qardaşların, gül nəvələrin var. Dostlar və qohum-əqrəba arasında hörmətin böyükdür. Mənalı və şərəfli ömür yaşamaq üçün şam kimi yanmaq lazımdır. Şam yanmazsa, yaşamır, onun da həyatı yanmağındadır. Sizin keçdiyiniz həyat yolu gənc nəsilə nümunədir.
Sevda xanım! İnsanlara bəxş edilən nemətlərdən biri ömürdür, biri də sağlamlıq. Bunların vaxtında qədrini bilmək lazımdır. Ömrünüz uzun, canınız sağlam, işiniz uğurlu, doğum gününüz mübarək olsun!
Unutmaq olmaz ki, həyatın da sərt qanunları, fələyin boz sifəti var. Onları təbii qəbul etmək lazımdır.
Allahdan arzum budur ki, Tanrının verdiyi qalan ömür payını şad-xürrəm yaşamaq qismətiniz olsun. Qoca təbiətin əvəzsiz neməti olan can sağlığı üstünüzdən əskik olmasın, həmişə Ulu Tanrının Pənahında olasınız.
Saleh Əliyev
Bakı Dövlət Universitetinin
Biologiya fakültəsinin dosenti
