Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini,
Tibb elmləri doktoru, professor
Artıq neçə illərdir ki, bəzi insanlar üçün həkimin yazdığı hər dərman “şübhəli”dir. “Yəqin firma dərmanıdır”, “Sənin nəyin var o şirkətlə?” – elə bil tibbi qərar yox, gizli sövdələşmədən gedir söhbət.
Uzun illik təcrübəmlə deyə bilərəm ki, mən bu "firma dərmanı" ifadəsinə dünyanın heç bir sivil ölkəsində rast gəlməmişəm. Nə ABŞ-da, nə Almaniyada, nə Türkiyədə, nə də başqa bir yerdə həkim dərmanı seçəndə ona qarşı bu qədər şübhə və təzyiq olmur. Yəqin ki, həkimlərinə etibar edirlər. Bizdə isə bəzən həkim dərman yazmağa qorxur, çünki sabah sosial mediada linç oluna bilər.
Əziz dostlar! Əgər dərman qanuni şəkildə qeydiyyatdan keçibsə, keyfiyyətə nəzarətə cavab verirsə və farmakopeya standartlarına uyğundursa – o, sadəcə dərmandır. İstifadə qaydası, təsiri, təhlükəsizliyi – bütün bunlar sənədlərlə təsdiq olunur. Brend adı və ya reklam səviyyəsi onun effektivliyini dəyişməyir. Nəticədə dərman ya keyfiyyətlidir, ya da deyil. Onun “firma” olub-olmaması, sadəcə, bazar münasibətlərinin nəticəsidir – tibbi dəyərin yox.
Təəssüf ki, biz bəzi qondarma anlayışları reallıq kimi qəbul edib, peşəkarları şübhəliyə çeviririk. Nəticədə zərəri də elə özümüz – pasiyentlər və səhiyəmiz – görürük.
PS: ayrıca da bu fikrin yaranmasına səbəb olan şirkətləri və həkimləri qınayıram!
