Sizin reklam burada
Sizin reklam burada
  • Psixoloji xidmət və bəzi çatışmazlıqlar

    Fiziki və ruhi sağlamlıq günümüz dünyamızın ən aktual mövzusu olmaqla yanaşı, rahat və firavan həyat sürməmiz üçün ən böyük nemətlərdən biridir. Son dövrlərdə bir sıra peşələrdə, xüsusilə tibbi və psixoloji xidmət sahələrində keyfiyyətin artırılması və peşə standartlarının formalaşdırılması istiqamətində ölkəmizdə ciddi addımlar atılır. Bu günkü yazımda daha çox psixoloji xidmətdən və bu sahədəki bəzi çatışmazlıqlardan bəhs edəcəyəm.
    Psixoloji xidmətlərin cəmiyyət üçün nə qədər vacib olduğu nəzərə alınarsa, bu sahənin peşəkar şəkildə tənzimlənməsi çox aktualdır. Hazırda Azərbaycanda psixoloqların fəaliyyətini lisenziyalaşdıran konkret mexanizm mövcud deyil, ancaq bu istiqamətdə müəyyən addımların atılmaqdadır .
    Nəzərə alaq ki, lisenziyalaşdırma psixoloji xidmətlərin keyfiyyətini artırmaq, qeyri-peşəkar şəxslərin bu sahədə fəaliyyət göstərməsinin qarşısını almaq və vətəndaşların hüquqlarını qorumaq üçün effektiv vasitədir. Hazırda Azərbaycanda yetərincə peşəkar və akademik səviyyədə biliklərə sahib psixoloqlar olsa da, eyni zamanda, bu sahədə qeyri-peşəkar fəaliyyət göstərən, yetərli təhsil almadan psixoloji məsləhət verən şəxslər də var. Bu, psixoloji sağlamlıq üçün ciddi risklər yaradır.
    Sadəcə bunun üçün də çərçivə olmalıdır. Belə ki, lisenziya almaq üçün təkcə ali təhsil kifayət etməməli, psixoloqlar mütəmadi olaraq ixtisasartırma kurslarından keçməlidirlər. Eyni zamanda lisenziya almış psixoloqların fəaliyyəti mütəmadi olaraq müvafiq qurumlar tərəfindən yoxlanılmalı və peşə etikası pozuntularına qarşı konkret tədbirlər görülməlidir. Hər psixoloq öz ixtisaslaşdığı sahədə fəaliyyət göstərməli, məsələn, klinik psixologiya, psixoterapiya və s. kimi daha mürəkkəb sahələrdə yalnız müvafiq təhsil və təlim keçmiş mütəxəssislərə işləmək icazəsi verilməlidir.
    Psixoloqların lisenziyalaşdırılması bir çox ölkələrdə uğurla tətbiq edilən bir təcrübədir. Məsələn, ABŞ, Kanada, Böyük Britaniya və Avstraliya kimi ölkələrdə psixoloqlar yalnız müvafiq qurumlardan lisenziya aldıqdan sonra fəaliyyət göstərə bilərlər. Bu proses psixoloqların təhsil səviyyəsini, praktik təcrübəsini və etik kodekslərə uyğunluğunu təsdiqləyir. Azərbaycanın da bu modeldən bəhrələnməsi psixoloji xidmətlərin inkişafına müsbət təsir göstərə bilər.
    Lisenziyalaşdırma təkcə psixoloqlar üçün deyil, dövlət və cəmiyyət üçün də ciddi üstünlüklər yarada bilər. Belə ki, insanların psixoloji sağlamlığı daha etibarlı əllərə həvalə edilər. Qeyri-peşəkarların fəaliyyətinin qarşısı alınar və bu sahədə standartlar formalaşar. Psixologiya sahəsində fəaliyyət göstərən şəxslər arasında rəqabət sağlam bir istiqamətdə inkişaf edər. Dövlətin psixoloji xidmətlər üzərində nəzarəti artar və sosial problemlərlə bağlı daha effektiv siyasət yürüdülə bilər. Əlbətdə ki, cəmiyət olaraq biz Həkim Psixiyatr və Psixoloq anlayışlarını bir birindən ayırd etdikdən sonra...
    Hər birimizə fiziki və ruhi baxımdan sağlam, təhlükəsiz və mənalı ömür arzulayıram!

    Hörmətlə,
    Rəşad Mahmudov
    Tibb elmləri doktoru

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ