Musiqi elə bir sənətdir ki, onu qulaqla deyil, ürəklə, qəlblə dinləyər, ruhun ixtiyarına buraxarlar. Əlbəttə, söhbət bütün estetik duyum və gözəlliklərin tələblərində cilalanan musiqidən və ifadan gedir. Gənc, sevilən sənətçi Günel Həmidli ifasi məhz, bu mənada öz orijinallığı, bənzərsizliyi, təkrarsızlığı ilə xüsusi diqqət cəlb edir. Könül dünyamı rahatlayan, ruhumu riqqətə gətirən bu həzin, lirik, mənalı, məzmunlu ifanın şehrində yaranan şeiri sizlərlə bölüşmək qərarına gəldim dəyərli izləyicilər.
Məlumat üçün qeyd edim ki, Günel Həmidli hazırda ölkəmizin hüdudlarından kənarda, İsveçrədə yaşayır. Onu ifalarını bir dinləyən, təkrar-təkrar dinləmək istəyir:
GUNEL HƏMİDLİNİN REPERTUARI
İsveçrədə yaşayan istedadlı müğənni
Günel Həmidli ifasını dinləyərkən
İlahi, bu nə səs, bu nə ifadı,
Sanki ruh tən ilə edir cihadı.
Xəstəyə şəfadı, dərdə dəvadı,
Sevən könüllərə verir tumarı,
Günel Həmidlinin repertuarı.
Günelin zili də yarıdı bəmnən,
Bu sevda sinəmdə qarıdı mənnən.
Bütün vücudumu alıb əlimdən,
Çəkir maqnit kimi özünə sarı,
Günel Həmidlinin repertuarı.
Bu səs unutdurur bir an dərdləri,
Sanki ovsunlayır, duyan qəlbləri.
Aşır hüdudları, keçir sədləri.
Qoyur kölgəsində çox sənətkarı,
Günel Həmidlinin repertuarı.
Coşdurur damarda qanı bu ifa,
Ondan başqasında hanı bu ifa?
Təkcə Güneldədir yəni, bu ifa,
Ruhun təşnəşidir, ömrün baharı,
Günel Həmidlinin repertuarı.
Təmizdi əxlaqı, safdı vicdanı,
Sənətlə yaşadır Azərbaycanı.
Bu yolda xərcləyir bütün imkanı,
Heyrətə gətirir qərib diyarı,
Günel Həmidlinin repertuarı.
Bəradər, yad nəfəs çoxdu sənətdə,
Tikanlar kök salır boz bicənəkdə.
Hər kəsin gətirmir bəxti sənətdə,
Oynadır yerindən daşı, divarı,
Günel Həmidlinin repertuarı.
Bəradər Səməndərli
05.01.2025
